
10 noyabr üçtərəfli razılaşmanın müddəalarına zidd olaraq Ermənistan Azərbaycan ərazisindən olan qeyri-qanuni silahlı birləşmələrini çıxarmaqdan imtina edir. II Qarabağ müharibəsindən sonra yeni yaranmış reallıqla barışmayan Ermənistan Azərbaycan ərazisində himayə etdiyi separatçı-xunta rejimə dəstək verir. Məqsəd Azərbaycana qarşı ərazi iddialarını reallaşdırmaqdır. Son dövrlər isə Azərbaycan ərazisində olan separatçı rejim və Ermənistana aid qanunsuz silahlı birləşmələr havadarlarının diqtəsi ilə davamlı olaraq təxribatlara əl atır. Rus sülhməramlılarının müvəqqəti məsuliyyət sonasında qalmaqda olan erməni silahlıları Azərbaycanın hərbi-mülki obyektlərini, tikinti-bərpa işləri məşğul olan şəxsləri hədəf almaqla qanlı terror və hərbi cinayətlər törədir. Bununla yanaşı ermənilərin ərazilərimizdə mina terroru yenə də özünün bütün acı reallıqları ilə davam etməkdədir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni silahlı qüvvələri genişmiqyaslı təxribatlara və terror hücumlarına əl atıb: “Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, Ordumuzun bölmələri atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Bir neçə müddətdir ki, erməni silahlı qüvvələrinin təxribatları məqsədilə döyüş mövqelərini gücləndirməsi ilə bağlı məlumatlar yayılırdı. Sözsüz ki, burada əsas məqsəd daha geniş təxribatlar törətməklə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək idi”.
Millət vəkili separatçıların və qanunsuz erməni silahlılarının terror təxribat məqsədlərinin həm də Azərbaycanın azas edilmiş ərazilərdə mümkün məskunlaşma və bərpa prosesinə əngəl törətmək olduğunu söyləyib: “Güclü və qalib Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, erməni silahlılarını tərksilah edilərək ərazilərimizdən çıxarılması üçün lokal antiterror tədbirlərinə başlayıb. Ordumuzun əsas missiyası dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunmasıdır. Eyni zamanda Azərbaycan Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirilir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur: “Heç bir halda Azərbaycan tərəfi mülki əhalini hədəf almır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Ona görə də, bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır”.