Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərin cəmiyyətimizə reinteqrasiya prosesinin tərkib hissəsi kimi onların tələbatlarının ödənilməsi üçün Ağdam-Xankəndi yolunun açılmasının əhəmiyyəti böyükdür. Bu yol paralel olaraq Laçın yolundan istifadəni də intensivləşdirəcək. Amma erməni separatçıları və onların havadarları Azərbaycanın bu təklifini qəbul etmir. Əslində bu təkliflərin qəbul olunmaması Laçın yolu ətrafında hazırkı vəziyyətin heç də Ermənistanın iddia etdiyi kimi humanitar deyil, siyasi xarakter daşıdığını göstərir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Ağdam-Xankəndi yolu sovet dövründə belə o bölgədə yaşayan ermənilərin ən çox istifadə etdikləri gediş-gəliş zolağı olub: “O bölgədə yaşayan erməni sakinlər alış-veriş və zəruri tələbatları ilə bağlı azərbaycanlılarla sıx təmasda olub, qarşılıqlı ticarət və mübadilə aparıb. Hətta o vaxt erməni sakinlər azərbaycanlılardan aldıqları məhsulların İrəvanda və ermənilər yaşayan kəndlərdə satışını təşkil edib. Bu baxımdan da ölkə daxilində və gələcəkdə Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra Ağdam-Xankəndi yolunun iqtisadi-siyasi əhəmiyyəti genişdir. Əslində bu cür kommunikasiya xəttlərinin açılması nəhayətdə Xankəndi ermənilərinin terrorçu-xunta rejimindən xilası olacaq. Prezident İlham Əliyev də hazırda xunta rejiminin girovluğunda olan ermənilərin yeganə xilas yolunun Azərbaycana inteqrasiya olduğunu bəyan edib”.
Millət vəkili Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasından sonra onların Ağdam-Xankəndi yolundan daha səmərəli şəkildə istifadə edəcəklərinə əminliyini ifadə edib: “Fakt odur ki, Laçın yolu ətrafında yaradılan şou separatçıların öncədən hazırladıqları ssenarinin tərkib hissəsidir. Əsas məqsəd Qarabağ ermənilərinin Azərbaycana mümkün inteqrasiyasına mane olmaqdır. Hazırda beynəlxalq ictimaiyyət də görür ki, Qarabağ erməniləri üçün Azərbaycan tərəfindən göndərilən hümanitar yardımın çatdırılmasına məhz separatçılar mane olur. Əgər orada hansısa bir hümanitar böhran olsa idi Azərbaycanın Ağdam-Xankəndi yolundan Qarabağın erməni sakinləri üçün göndərmiş olduğu 40 ton unu dərhal qəbul edərdilər. Çünki hansısa bir bölgədə aclıq, səfalət varsa orada yardımın hansı yoldan gəlməsi o qədər də önəmli deyil. Separatçılar yardımın ancaq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmadan çatdırılmasını istəyir. Bu isə artıq siyasi manipuliyasiya deməkdir. Çünki humanitar böhranı olan bölgələr istənilən istiqamətdən gələn yardımı qəbul edir”.
Məlahət İbrahimqızı hesab edir ki, yaxın gələcəkdə Qarabağ bölgəsində istehsal olunan məhsulların Zəngəzur dəhlizi və Şərq-Qərb marşurutu ilə şaxələndirilmiş formada daşınması mümkün olacaq: “Bu sözsüz ki, Qarabağın və bütövlükdə Azərbaycanın iqtisadi inkişafı baxımından çox önəmlidir. Eyni zamanda Qarabağ iqtisadi rayonu daxilində də yükdaşımaların daha səmərəli və qısa məsafələrlə həyata keçirilməsinə imkan yaranacaq. Ümumilikdə də Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə Azərbaycan iqtisadiyyatının təxminən 8 milyard manatlıq yeni dəyər qazanması proqnozlaşdırılır. Məhz bu kontekstdə Ağdam-Xankəndi yolu praktiki olaraq dəyər zəncirinə uyğun olaraq Qarabağın inkişafına ümumi töhvə verəcək. Bununla bölgənin inkişafına zəmin formalaşacaq”.