Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət ölkə Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Azərbaycan ərazisində seçki yalnız ölkə Konstitusiyası və qanunları ilə müəyyənləşir. Ölkəmizin suveren ərazilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan addımların heç br hüquqi əsası yoxdur.
Bunu Siyasətinfoya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, iqtisadçı ekspert Səkinə Babayeva deyib.
O qeyd edib ki, qondarma “seçkilər”in keçirilməsi Ermənistanın işğalçı siyasətinin davam etməsi deməkdir: “Ermənistan nəhayət Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialara son qoymalıdır. İşğal və təcavüzkar siyasətin əksinə olaraq erməni tərəfi normallaşma prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərə riayət etməlidir”.
Ekspert hesab edir ki, Ermənistan Azərbaycan ərazisində yaşayan etnik ermənilərin dialoquna maneə olmaq niyyətindən əl çəkməli, reinteqrasiya prosesini əngəlləməkdən əl çəkməlidir: “Ermənistanın bu davranışları Azərbaycanın daxili işlərinə kobud müdaxilə olmaqla yanaşı ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsddir. Sözsüz ki, güclü və qalib Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaq”.