II Qarabağ müharibəsindən sonra Azərbaycan bölgədə daimi sülhün, təhlükəsizliyin və bunun fonunda əməkdaşlığını formalaşması üçün konkret mövqe sərgiləyib. Bu məqsədlə Ermənistana 5 bəndlik sülh konsepsiyası təklif edilib. Azərbaycanın təqdim etdiyi sülh konsepsiyasında beynəlxalq hüququn norma və prinsipləri, qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması ehtiva edilir. Sülh müstəvisində müharibədən keçən 3 il ərzində Azərbaycanın sərgilədiyi mövqe bunu təsdiq edir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülhü təşviq etmək üçün bir sıra platformalar formalaşıb: “Avropa İttifaqının xətti ilə formalaşan Brüssel formatı bu müstəvidə təsirli rolu ilə gündəmdə qalıb. Bu formatda baş tutan iki tərəfli və üçtərəfli görüşlər diqqətlə izlənilib. Bununla yanaşı Moskva platformasında da tərəflər nəhayət yekun sülhün əldə edilməsi ilə bağlı bir sıra vacib görüş və müzakirələr keçirilib. ABŞ-ın təşəbbüsü ilə reallaşan Vaşinqton platformasında da qısa zamanda bölgədə sülhün əldə edilməsinə zəmin hazırlanması baxımından olduqca vacib müzakirələr aparılıb”.
Deputat bildirib ki, hər dəfə baş tutan iki və üçtərəfli danışıqlardan sonra Ermənistan prosesi pozmaq üçün müxtəlif təxribatlara əl atıb: “Hətta bu görüşlərin gedişində özünü bir qədər konstruktiv göstərməyə çalışan Ermənistanın baş naziri Nikol Paşinyan İrəvana qayıdan kimi sülhün qeyri-müəyyən vaxta qədər uzanması üçün təxribat xarakterli bəyanatlar səsləndirib. Bütün bunlar erməni tərəfinin hələ də sülhə hazır olmadığını, özünün işğalçı mahiyyətindən əl çəkmədiyini göstərir”.
Millət vəkili hesab edir ki, Paşinyanın son açıqlamaları fonunda sülhün mümkünlüyü ilə bağlı gözləntilər də sıfırlanmış olur: “Çünki 2019-cu il ritorikasına geri dönmüş Paşinyan Azərbaycana qarşı ərazi iddiaları, separatizçin qızışdırılması kimi mövqedən çıxış edib. Təbii ki, onun məqsədi sülh prosesini pozmaqdır. Azərbaycanla sülh müqaviləsinin imzlanmasını özünün siyasi hakimiyyətinin sonu kimi görən Paşinyan bu prosesi qeyri-müəyyən vaxta qədər uzatmağa çalışır. Erməni tərəfi düşünür ki, yaranacaq hansısa bir situasiya onları ağır məğlubiyyət psixologiyasından xilas edəcək və onlar öz məkirli planlarına davam edəcəklər. Amma bütün bunlar tarixdə qaldı. Ermənistan cəmiyyəti və siyasi hakimiyyəti birdəfəlik dərk etməlidir ki, Azərbaycan indi 90-cı illərin əvvələrindəki vəziyyətdə deyil. 44 günlük Vətən müharibəsinin qalibi olan Azərbaycan özünün milli maraqlarını sona qədər qorumağa qadirdir”.