Ermənistan 30 ilə yaxın Azərbaycan ərazilərini işğalda saxladığı dövrdə onun təcavüzkar mahiyyətinə haqq qazandırmağa çalışanlar az deyildi. Onlar Azərbaycanı “işğalla barışın”, separatçı rejimi tanıyın kmi təşviqatla nəyəsə nail olmaq istəyirdilər. Status-kvonu olduğu kimi saxlamağa yönələn, danışıqların uzun, mənasız bir məcraya yönəlməsinə imkan yaradan beynəlxalq təşkilatlar və onların korrupsiyaya bulaşmış rəhbərləri, təmsilçiləri bu iyrənc kampaniyada əsas yer alırdılar. Belə olmasa idi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmasını tələb edən aparıcı beynəlxalq təşkilatların qətnamələri qısa zamanda təmin edilərdi.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Ermənistan məhz özünün işğal faktını “ələ alınmış siyasətçilərin” davranışları, beynəlxalq təşkilatların ikili mövqeyi ilə uzada bilmişdi: “Erməni lobbisinin əlində oyuncağa çevrilən Qərb siyasətçiləri məhz aldıqları ianələr hesabına həqiqəti görməzdən gəlirdilər. Beynəlxalq hüququ, haqqı-ədaləti qorumalı olan, eyni-bərabər yanaşma sərgiləməyi öhdəlik kimi qəbul edən təşkilatlar erməni lobbisinin istək və arzularının icraçısına çevrilmişdi. Bu gün Fransa kimi ölkələrin timsalında bunu açıq görmək mümkündür.Suveren Azərbaycan ərazilərini, onun sərhədlərini heçə sayaraq erməni lobbisinin diqtəsi ilə hərəkət edən Fransa hökuməti və onun təmsilçiləri nə qədər cılız və rəzil duruma düşdüklərinin fərqində deyillər”.
Millət vəkili II Qarabağ müharibəsinin gedişində də ikili yanaşmaların müşahidə edildiyini bildirib: “İstər Qərb siyasətçiləri, istərsə də qərəzli Qərb mediası Azərbaycanın haqq işinə kölgə salmağa, Ermənistanın əsassız iddialarına bu və ya digər formada haqq qazandırmağa çalışırdı. Heç təsadüfi deyil ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin Ermənistan hökumətindən pul almasını ifşa etməsi bu həqiqətlərin növbəti təzahürü kimi təsdiq olunur. Eyni zamanda BBC-nin qərəzli olaraq Azərbaycan əleyhinə informasiyaları tirajlaması da ayrıca olaraq qınaq obyektidir”.
Deputat Avropanın ən dəhşətli, qanlı və cinayətkar separatçı qurumu olan qondarma “dağlıq qarabağ respublikasının “yubileyi” ərəfəsində Ermənistan hökumətinin və erməni lobbi qruplarının göstərişi ilə yeni dramatik dezinformasiya və manipulyasiya kampaniyasına start verilməsinə diqqət çəkib: “Burada əsas biabırçılıq NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin təbliğat kampaniyasına görə Ermənistan hökumətindən pul aldığını etiraf etməsidir. Bu Qərb dəyərlərinin kimlər tərəfindən hansı məqsədlərlə istifadə və istismar edildiyini bir daha sübuta yetirmiş olur. Çünki bəzən siyasətçilər riyakarlıqla dünyanı yaxşı və pis separatçılar və cinayətkarlara bölürlər. Görünən odur ki, bir çoxları üçün köhnə vərdişlərdən vaz keçmək çox çətindir”.