Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 2020-ci ilin Vətən müharibəsində əldə etdiyi tarix Zəfərlə yeni bir reallıq yaranıb. Qalib Azərbaycan 44 günlük II Qarabağ müharibəsində torpaqlarının 30 illik işğalına son qoydu və ərazi bütövlüyünü bərpa etdi. Ermənistan döyüş meydanında məğlub olmaqla kapitulyasiya aktına imza atdı. Sözsüz ki, güclü Azərbaycan post-münaqişə dövründə də siyasi-diplomatik müstəvidə ardıcıl qələbələr əldə edir. 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində – Laçın rayonu ərazisindəki Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması da mühüm tarixi əhəmiyyət kəsb edən növbəti hadisə idi.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə Azərbaycanın dövlət sərhədlərinin bütövlüyü tam təmin edilib: “Sözsüz ki, özünün işğalçı mahiyyətindən xilas ola bilməyən Ermənistan və onun havadarları bu reallıqla barışa bilmir. Məhz bu konteskdə də ölkəmizə qarşı çirkin anti-təbliğat kampaniyası aparır. Azərbaycan Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda ittiham edilir. Təbii ki, bunlar absurd erməni yalanlarıdır. Çünki 30 illik işğal faktı və onların öyrəşdiyi təcavüzkar mahiyyətinin əksinə olaraq indiki halda qəbul edə bilmədikləri bir rallıq yaranıb”.
Millət vəkili hesab edir ki, əslində rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə, özünün təcavüzkar mahiyyətindən əl çəkmədiyini nümayiş etdirir: “Amma qarşı tərəfin bütün cəhdləri uğursuzluğa düçar olacaq. Çünki “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Burada beynəlxalq hüquq normalarına uyğun bir sistem qurulub. Reallıq odur ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması hərbi-siyasi qələbənin təcəssümü olaraq Azərbaycanın suverenliyinin qorunmasına xidmət edir”.
Deputat bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın 2 sentyabr 2023-cü il tarixində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən iddialarla bağlı səsləndirdiyi fikirlər tamamilə cəfəngiyatdır: “Bu yanaşmalar Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edir. Nikol Paşinyanın bu açıqlaması bir müddət əvvəl onun səsləndirdiyi Qarabağ bölgəsi daxil, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi barədə bəyanatı ilə ziddiyyət təşkil edir. Bu eyni zamanda sülh prosesinə ciddi zərbə hesab edilir. Ona görə də, bölgədə yaranmış yeni reallıqlar fonunda Ermənistanın sərgilədiyi destruktiv davranışın heç bir perspektivi yoxdur, Bu əksinə Ermənistanı səfalətə sürükləyən yanaşmalardır. Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək qəbul edilməzdir. Ölkəmizin ərazisində aqressiv separatçı meylləri qızışdırmaq cəhdləri açıq təxribat mahiyyəti daşıyır. Təbii ki, bu cür təxribat xarakterli çağırışların və cəhdlərin qarşısı güclü Azərbaycanın qətiyyəti ilə alınacaq və onlara lazımı şəkildə cavab veriləcək”.