II Qarabağ müharibəsindən sonra bölgədə yeni bir reallıq yaranıb. Bu reallığın müəllifi qalib, güclü Azərbaycandır. Regionda və qlobal miqyasda söz sahibi olan Azərbaycan özünün sülh və əməkdaşlıq konsepsiyasına hər zaman sadiqdir. Ermənistana müharibə bitdikdən sonra təklif edilən sülh konsepsiyası da məhz regionda daimi sülhü, təhlükəsizliyi, əməkdaşlığı təşviq edir. Amma buna baxmayaraq Ermənistan və onun havadarları təxribatlardan əl çəkmir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, son günlər Ermənistanın hərbi-siyasi müstəvidə əl atmış olduğu təxribat xarakterli addımları mümkün sülhü qeyri-müəyyən müstəviyə yönəltmək məqsədi daşıyır: “II Qarabağ müharibəsində məğlub olaraq kapitulyasiya aktına imza atan Ermənistan növbəti dəfə özünün təcavüzkar və təxribat xarakterli əməllərindən əl çəkmir. Azərbaycana qarşı ərazi iddiaları ilə Ermənistan yenidən bölgədə separatçılığıa açıq dəstək nümayiş etdirir ki, bu da beynəlxalq hüquqa zidd bir yanaşmadır”.
Deputat qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən iddialarla bağlı çıxışları heç bir məntiqə sığmır: “Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bu cür açıqlamalar qətiyyətlə rədd edilir. Əslində Ermənistanın baş nazirinin bu açıqlaması bir müddət əvvəl onun səsləndirdiyi Qarabağ bölgəsi daxil, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi barədə bəyanatı ilə ziddiyyət təşkil edir. Eyni zamanda bu cür absurd mövqe sülh prosesinə ciddi zərbə hesab edilir”.
Millət vəkilinə görə, fakt odur ki, Ermənistan Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından əl çəkmir: “Sözsüz ki, Ermənistanın təcavüzkar siyasətinin və heç bir çərçivəyə sığmayan davranışların qarşısı qətiyyətlə alınmalıdır. Əslində bu və ya digər faktlar, Ermənistanın əsassız və destruktiv mövqeyi onun təcavüzkar siyasətini göstərir. Amma bütün bunlara baxmayaraq 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq ədaləti bərpa edən Azərbaycan bundan sonra da özünün milli maraqlarını sona qədər qoruyacaq. Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meylləri qızışdırmaq cəhdlərinin qarşısı ən layiqli formada alınacaq”.