Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva artıq ənənəvi olaraq öz ad günlərini xalqımızla, sadə insanların arasında onlarla səmimi bir ortamda keçirir. Torpaqlarımız işğalda olduğu müddətdə ölkə başçısı və birinci xanım hər zaman öz doğum günlərini keçmiş qaçqın və məcburi köçkünlərlə birlikdə, onların yanında olmaqla, tarixi torpaqlarımıza geri dönüşün əzmi və inamı müstəvisində qeyd edirdi. II Qarabağ müharibəsində əldə edilən tarixi zəfərdən sonra Müzəffər Ali Baş Komandan və birinci vitse-prezident Mehriban xanım Əliyeva öz ad günlərində, bayramlarda, mötəbər günlərdə işğalda azad edilmiş ərazilərimizdə, artıq əbədi olaraq dədə-baba ocaqlarına qayıtmış vətəndaşlarımızla birlikdə olur. Bu dəfə də çox hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyeva da öz ad günündə Kəlbəcərdə, Laçında olmaqla bu torpaqlara qayıdan insanların xoşbəxtliyini, sevincini bölüşdü.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət ibrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 25-də Kəlbəcər rayonuna səfəri burada bir sıra mühüm açılışlarda, infrastruktur və yaşayış məntəqələrinin əsasının qoyulması mərasimlərində iştirakı tarixi əhəmiyyətə malikdir: “Dövlətimizin başçısı və birinci xanım Kəlbəcərə səfərində “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər, “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olublar. “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər barədə məlumat alıblar. Dövlətimizin başçısı “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib. Onlar həmçinin Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər. Avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonuna səfəri çərçivəsində “Həkəri Balıq Təsərrüfatı”nın açılışında iştirak edib. Eyni zamanda Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı edilib. Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunu ziyarət edib. Dövlətimizin başçısına və birinci xanıma pavilyonda yaradılan şərait barədə məlumat verilib”.
Millət vəkili avqustun 25-də Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olduuqlarını bildirib: “Həmin gün Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli qoyulub. Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış olan ölkə başçısı və birinci xanım tapşırıq və tövsiyyələrini verib. Eyni zamanda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə bağlı ətraflı məlumat alıb. Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı da səfər proqramına daxil olub”.
Deputat Prezident İlham Əliyev və birinci-vitse prezident Mehriban xanım Əliyeva Laçına səfəri çərçivəsində avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olublar və burada kənd sakinləri ilə görüşüb, onlara öz evlərinə qayıtmaları münasibəti ilə təbriklərini çatdırdığını söyləyib: “Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər. Dövlətimizin başçısı tədbirdə çıxış edərək ilk növbədə, laçınlıları Şəhər Günü münasibətilə təbrik edib. Ölkə başçısı qeyd edib ki, ilk dəfədir ki, Laçında Şəhər Günü keçirilir. Bildiyiniz kimi, azad edilmiş ərazilərdə bir müddət bundan əvvəl Prezidentin Sərəncamı ilə şəhər günlərinin keçirilməsi haqqında qərar qəbul olunub. Şəhər günləri şəhərlərimizin erməni işğalından azad edilməsi günləridir. Laçın şəhəri də məhz 26 avqust tarixində düşməndən tamamilə azad edilib. II Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edilsə də Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri ölkəmizin nəzarətində deyildi. Çünki keçmiş Laçın dəhlizi Laçın şəhərindən və bu kəndlərdən keçirdi. Azərbaycan dövlətinin qətiyyəti sayəsində qısa müddətdə buradan kənar keçən yol salındıqdan sonra Laçın şəhəri, Zabux və Sus kəndləri ölkəmizin nəzarətinə qayıtdı”.
Təftiş Komissiyasının üzvü Prezident İlham Əliyevin bayram tədbirində çıxışı zamanı qeyd etdiyi kimi cəmi 8 ay ərzində Laçın şəhərində böyük quruculuq-bərpa işləri icra edilib və əhalinin qayıdışı təmin olunub: “28 May Müstəqillik Günündə Prezident İlham Əliyev tərəfindən Laçına ilk köçən sakinlərə evlərin açarları təqdim olunmuşdu. Eyni zamanda bu ilin sonuna qədər isə daha 900 ailə üçün evlər hazır olacaq. Həmçinin qısa zamanda atıq Zabux kəndinə sakinlərin geri dönüşünə start verilib. Sözsüz ki, Prezident İlham Əliyevin Laçın şəhəri günü ilə bağlı təşkil edilən tədbirdə verdiyi mesajların əhəmiyyəti olduqca böyükdür. Ölkə başçısı aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində yaradılmış Laçın nəzarət buraxılış məntəqəsi ilə əlaqədar müxtəlif dövlətlər və beynəlxalq təşkilatların qərəzli mövqeyinə toxunub. Fakt odur ki, Azərbaycan beynəlxalq hüquq və öz suveren hüquqları çərçivəsində addım atır. Dövlətimizin başçısının da vurğuladığı kimi heç kim ölkəmizin iradəsinə təsir edə bilməz. Ermənistan və onun havadarlarının Azərbaycana qarşı aparmağa çalışdığı kampaniyalar növbəti dəfə iflasa uğrayacaq. Çünki Azərbaycan öz ərazisində ölkə qanunları və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət edir. Ölkə başçısının bütün tərəflərə ünvanlamış olduğu mesajlar da bu reallığı özündə ehtiva edir”.