30 ilə yaxın davam edəni erməni işğaldan sonra tarixi ərazilərimizə həyat qayıdır. Erməni vandallarının dağıdıb viran qoyduğu torpaqlarımız yenidən canlanır. Azərbaycan dövlətinin öz ərazisində qurub-yaratmaq əzmi işğaldan azad edilmiş ərazilərdə də özünü bir daha nümayiş etdirir. Qısa zamanda azad edilmiş ərazilərimizdə yaradılan infrastruktur bunun bariz nümunəsidir. Prezident İlham Əliyev və birinci viste-prezident Mehriban xanım Əliyeva mütəmadi olaraq azad edilmiş torpaqlarımıza səfərlər edir və burada yaradılan şəraitlə yerində tanış olur.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri də mühüm infrastruktur, yaşayış məntəqəsi və bir sıra obyektlərin əsasının qoyulması ilə müşahidə olundu: “Kəlbəcərdə su elektrik stansiyasının açılışı və bir sıra zəruri infrastruktur obyektlərinin əsasının qoyulması qısa zamanda qarşıya qoyulan hədəflərin icrasına yönəlib. Ölkə başçısı həmçinin Kəlbəcərdə Zar kəndinin bünövrəsini qoydu. Bununla yanaşı yeni yol, yaşayış məntəqələri və görülən işlərlə bağlı tapşırıqlar verildi”.
Deputat ölkə başçısı və birinci xanımın Laçına səfərinin xüsusi ilə əlamətdar hadisələrlə yadda qaldığını bildirdi: “Avqustun 26-da Laçında Şəhər Günü böyük coşğu ilə qeyd edildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram tədbirində iştirak edib. Laçın Şəhər Günü ilə bağlı tədbirdə Prezident İlham Əliyev çıxış edərək bayram münasibətilə xalqımıza, laçınlılara öz təbriklərini çatdırdı. Ölkəmizin başçısı çıxışında həmçinin regiondakı vəziyyətlə bağlı da ciddi mesajlar səsləndirdi. Ötən ilin 26 avqustunda müzəffər ordumuzun Laçın şəhərində yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə bağlı Ali Baş Komandan, Prezident İlham Əliyevin müjdəsini bütün xalqımız böyük qürur hissi xatırlayır. Sözsüz ki, bununla da Laçın şəhərinin, Zabux və Sus kəndlərinin sakinlərinin 30 illik vətən, torpaq həsrətinə son qoyulub”.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin bayram tədbirində çıxışı zamanı qeyd etdiyi kimi cəmi 8 ay ərzində Laçın şəhərinə əhalinin qayıdışı təmin olunub: “28 May Müstəqillik Günündə Prezident İlham Əliyev tərəfindən Laçına ilk köçən sakinlərə evlərin açarları təqdim olunub. Eyni zamanda bu ilin sonuna qədər isə daha 900 ailə üçün evlərin hazır olacağı gözlənilir. Qısa zamanda atıq Zabux kəndinə sakinlərin geri dönüşünə start verilib. Ölkəmizin başçısı və birinci xanım da Laçına səfər çərçivəsində Zabux sakinləri ilə görüşüb yaradılan şəraitlə tanış olub. Eyni zamanda Zabux sakinləri ilə səmimi söhbət ediblər”.
Təftiş Komissiyasının sədri Prezident İlham Əliyev tərəfindən 31 iyul 2023-cü il tarixli Sərəncamla işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olunması mühüm tarixi informasiyanı özündə daşımış olur: “Həmin Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi qeyd edilir. Bu baxımdan da Prezident İlham Əliyevin Laçın şəhəri günü ilə bağlı təşkil edilən tədbirdə verdiyi mesajların əhəmiyyəti olduqca böyükdür. Ölkə başçısı aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində yaradılmış Laçın nəzarət buraxılış məntəqəsi ilə əlaqədar müxtəlif dövlətlər və beynəlxalq təşkilatların qərəzli mövqeyinə toxundu. Reallıq odur ki, Azərbaycan beynəlxalq hüquq və öz suveren hüquqları çərçivəsində addım atır. Dövlətimizin başçısının da vurğuladığı kimi heç kim ölkəmizin iradəsinə təsir edə, bizi haqq yolumuzdan döndərə bilməz. Məhz bu reallıq onu ehtiva edir ki, Ermənistan və onun havadarlarının Azərbaycana qarşı aparmağa çalışdığı kampaniyalar növbəti dəfə iflasa uğrayacaq. Çünki Azərbaycan öz ərazisində ölkə qanunları və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun davranır. Kənar təsir və təzyiqlərin burada heç bir əsası yoxdur”.