Azərbaycan qadını həm ailənin, həm də cəmiyyətin bərabərhüquqlu üzvü olmaqla, ölkəmizin qazandığı çoxsaylı uğurlarda xüsusi yer tutur. Milli dövlətçilik anlayışının keşiyində duran qadınlarımız həmişə dövlətçiliyə, milli məfkurəyə bağlı olub, onun üçün mübarizə aparıblar. Prezident İlham Əliyevin sözləri ilə desək, “tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər”. Bu gün də qadınlarımız dövlət quruculuğunda iştirak etmək ənənəsini, missiyasını çox uğurla daşıyırlar. Bunun ən bariz nümunəsi Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Zəngin fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz və hörmət qazanan Mehriban xanım həm vətəndaş, həm şəxsiyyət kimi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkənin inkişafına öz layiqli töhfələrini verir.
Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.
Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir. Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi fəaliyyət istiqamətlərinə baxsaq, “Yumşaq güc” amilinin təcrübədə effektivliyinə bir daha əmin ola bilərik. Humanitar sahədə uğurlu fəaliyyət göstərən Mehriban xanım Əliyeva 2017-ci ildən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən siyasi rəhbərlik funksiyasını da icra etməyə başladı.
Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətini tamamlayan cizgilər kifayət qədər zəngin və dolğundur.
Azərbaycan Respublikasında qadın siyasətinin yeni mərhələyə keçməsində, qadın hüquqlarının qorunması ilə bağlı qanunvericilik bazasının zənginləşməsində Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha çox yayılmasına yönəlmişdir. Ölkənin birinci xanımının gender həssaslığı, qadınların hüquq və azadlıqlarının əməldə təsbiti, amalı onun “Azərbaycanda gender münasibətləri: meyllər və cəhdlər” adlı insan hüquqları haqqında hesabata yazdığı “Ön sözdə” belə ifadəsini tapmışdır: “Cəmiyyətin demokratikləşməsinə aparan uzun və çətin yol, ölkənin dayanıqlı inkişaf trayektoriyası məhz gender bərabərliyindən, şəxsiyyətin, cinsindən asılı olmayaraq, ictimai tərəqqinin mərkəzi fiquru kimi tanınmasından başlayır”.
Mehriban xanım Əliyevanın Azərbaycanın xarici siyasətindəki vacib missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır. Bununla bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi əhəmiyyət daşıyır. Mehriban xanımın bu fəaliyyətini təkcə Azərbaycan dövləti deyil, bizimlə əməkdaşlıqda maraqlı olan xarici ölkə başçıları da qeyd edirlər. Tam əminlikə deyə bilərik ki, mentalitetimizə, milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq ideologiyasına söykənən missiyası ilə bütün dünya azərbaycanlılarının qəlbində xüsusi yer tutan əziz Mehriban xanım beynəlxalq miqyasda Azərbaycan qadının müsbət obrazını yaradıb.
Daxili siyasət sahəsində Mehriban xanım Əliyevanın əsas fəaliyyət istiqamətlərindən biri ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatıdır və Azərbaycanın birinci xanımının genişmiqyaslı proqram və layihələrinin sırasında təhsil sistemini təkmilləşdimək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək hədəfi xüsusi yer tutur. Heydər Əliyev Fondunun layihələri çərçivəsində minlərlə məktəb, uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilmiş və təmir olunmuş, yüksək standartlar səviyyəsində təchiz olunmuşdur. Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlara start verilmişdir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Təhsili dövlətin strateji və prioritet sahəsi kimi dəyərləndirən hörmətli Mehriban xanım Əliyeva “yeniləşən Azərbaycana yeni məktəb” layihəsi haqqında demişdir: “Biz o zaman orta məktəblərdə olan problemləri cəmiyyətimizin diqqətinə çatdırdıq və qısa bir zamanda vətəndaş cəmiyyətinin müxtəlif strukturları, özəl sektor, iş adamları bu proqramı dəstəkləməyə başladılar”.
Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla yanaşan Mehriban xanımın təşəbbüsü ilə Fond bütün ölkə ərazisində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ilə yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görmüşdür. “Yeniləşən Azərbaycana yeni məktəb!” Proqramı və “Təhsilə dəstək” layihəsi təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi və onun məzmununun zənginləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Birinci proqram çərçivəsində ölkəmizdə 100 mindən çox şagirdin təhsil aldığı 500-dək məktəb əsaslı təmir olunmuş və ya yenidən tikilmişdir. Ümumillikdə, bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmiş, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilmişdir. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olmuşdur;
Heydər Əliyev Fondu hər il “Təhsilə dəstək” layihəsi çərçivəsində Qarabağ müharibəsi nəticəsində daimi yaşayış yerlərini tərk etmiş keçmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki məktəblərə, həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir.
Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Təhsilə dəstək” layihəsi ölkə miqyasından çıxaraq, beynəlxalq humanitar təşəbbüsə çevrilmişdir. Belə ki, layihə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərlə yanaşı, xarici ölkələrdə – Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələ nəticəsində dağılmış təhsil ocağının əvəzində yeni orta məktəb binasının, Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin, Gürcüstanın Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binalarının inşası, Gürcüstanın Marneuli şəhərindəki Azərbaycan ümumtəhsil məktəbinin, Tiflisdəki M.F.Axundzadə adına orta məktəbin, Qardabanidəki Azərbaycan məktəbi və Dmanisidəki Azərbaycan beynəlxalq orta məktəbinin, Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki orta ümumtəhsil məktəbinin binasının əsaslı təmir edilməsi belə layihələrdəndir. Bu istiqamətdə görülən işlər Mehriban xanım Əliyevanın xeyirxah və tərəqqipərvər missiyasının bütün dünya insanlarına faydalı olmaq məqsədi daşıdığını göstərir və dünya insanının savadlanmasına xidmət edir;Həmçinin, hörmətli Mehriban xanımın dəstəyi ilə Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilmiş və ya əsaslı təmir edilmişdir.
Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsinə start vermişdir Bu layihə çərçivəsində ölkəmizdə 40-a yaxın uşaq evi və internat məktəbi ən müasir standartlara uyğun olaraq təmir edilmişdir. Bu layihənin icrası ölkəmizdəki özəl sektor ilə sıx işbirliyi hesabına reallaşmışdır.
Bundan başqa, 2014-cü ildə hörmətli Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu növbəti böyük bir layihəyə – “Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı”nın icrasına başlamışdır. Bu layihənin xüsusi aktuallığından bəhs edərkən Mehriban xanımın istinad etdiyi arqumentlər kifayət qədər əsaslıdır: “Bu gün bu sahəyə diqqətimiz artmalıdır. Ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac vardır. Uşaqlar, demək olar ki, günün yarısını bağçada keçirirlər. Bu təhsil ocaqlarında olan şərait, orada uşaqlarımızın aldıqları tərbiyənin keyfiyyəti, hökm sürən ab-hava çox vacibdir. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması, məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq”, Fondun təşəbbüsü ilə ölkəmizdə yəhudu təhsil mərkəzi və fransız məktəbi yaradılmışdır.
Azərbaycan xalqı xoşbəxtdir ki, insanlıq, ləyaqət, səmimiyyət, mərhəmət, nəciblik və şəfqət kimi ali insani dəyərlərin daşıyıcısı olan ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ali rəhbərimizin gücünə güc qatır, onun insanların rifahı naminə gördüyü müstəsna fəaliyyəti misilsiz xidmətləri ilə zənginləşdirir. Mehriban xanım Əliyeva COVID–19 pandemiyası ilə mübarizə dövründə dəfələrlə ölkə vətəndaşlarına həm Birinci vitse-prezident, həm də bir ana olaraq müraciət edərək, onların sağlamlığının hər şeydən dəyərli olduğunu vurğulamış, eyni zamanda, insanlara mənəvi dəstək olaraq böyük inam hissi ilə bildirmişdir. Əhalinin sağlamlığının qorunmasında Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı tədbirlərdə yaxından iştirak edən Mehriban xanım xalqımızın təhlükəsizliyi üçün yorulamdan çalışmaqdadır. Onun sosial missiyası daha da genişlənib, dövlətimizin və xalqımızın inkişafı naminə fədakar fəaliyyətini artırmaqdadır.
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı olaraq, həm Vətən müharibəsi, həm də ondan sonrakı tarixi mərhələlərdə Ermənistanın insanlıq əleyhinə hərbi cinayətləri ilə bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə müraciətlər etmiş, beynəlxalq təşkilatları, hüquq-müdafiə strukturlarını, kütləvi informasiya vasitələrini Ermənistan siyasi-hərbi rəhbərliyinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərbi cinayətləri pisləməyə və hüquqi müstəvidə adekvat addımlar atmağa çağırmışdır. UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verməsi də Birinci-vitse Prezident Mehriban xanım Əliyevanın qətiyyət və iradəsinin daha bir göstərici idi.
Eyni zamanda, Birinci vitse-prezident soydaşlarımızı müqəddəs torpaqlarımızın işğaldan azad olunduğu tarixi dövrün qürurlu vətəndaşları olaraq həmin torpaqların, xüsusilə də təkrarsız və bənzərsiz Şuşa şəhərinin bərpası və cənnətə çevrilməsi kimi növbəti tarixi vəzifənin icrası naminə daha da səfərbər olmağa və bu taleyüklü prosesə konkret töhfələr verməyə dəvət etmişdir. Bu, zamanın çağırışıdır!
Doğma Azərbaycanın ən böyük təəssübkeşi, xalqımızın xoşbəxt gələcəyi üçün fədakar çalışqanlığı ilə hər kəsin sevimlisinə çevrilən Mehriban xanım Əliyeva uşaqdan böyüyə qədər hamının qayğısına qalmaq, cəmiyyətimizdəki problemlərin həllinə öz qətiyyəti və cəsarəti ilə nail olmaq kimi çətin və şərəfli missiyanı uğurla daşıyır. Tam əminliklə deyə bilərik ki, bu gün Mehriban xanım, “Sizin Mehriban” imzası vətəndaş həmrəylinin bariz nümunəsinə, əsl mərhəmət və xeyriyyəçilik simvoluna çevrilmişdir.
Milli Məclisin deputatı Tamam Cəfərova