Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Siyasətinfonun suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Hicran xanım, Ulu Öndər Heydər Əliyevin belə bir fikri var: “Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”. Hazırda qadınların ölkəmizin ictimai-siyasi həyatında yeri və rolunu necə qiymətləndirirsiniz?
– Bəli, həqiqətən bu belədir. Azərbaycan qadını öz idarəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayır. Tariximizin hansı səhifəsini nəzərdən keçirsək, ayrı-ayrı mərhələlərdə baş verən ictimai, siyasi, iqtisadi, mədəni prosesləri təhlil etsək, mütləq Azərbaycan qadınlarının fəaliyyətinə rast gələrik. Bu mənada tarixi palitramız zəngindir və biz təkcə Azərbaycan tarixində deyil, dünya tarixində ilklərə imza atan xanımlarımızla fəxr edirik. Bəzən xarici ölkələrdən gələn tədqiqatçılar, alimlər, siyasətçilər qeyd edirlər ki, “biz Azərbaycana gələnədək elə bilirdik ki, qadınlarınız hüququnu bilməyən, zəif və passivdirlər, lakin səfər zamanı tam əksini görürük, bunun səbəbi nədir?” Əlbəttə ki, biz cavab veririk ki, bu bizim məxsus olduğumuz mədəniyyətdir, milli-mənəvi, tarixi dəyərdir, etik kodeksidir. Yeri gəlmişkən qeyd edim ki, məhz Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə fransız yazıçı-jurnalist Jan-Lui Quro “Azərbaycan qadınları” haqqında iki cilddə kitab hazırlanıb. O, özü də etiraf edir ki, “Azərbaycanın hazırkı hökuməti Azərbaycan qadınlarının hüquqlarının qorunması, onların cəmiyyətdə rolunun daha da möhkəmləndirilməsi istiqamətində çox işlər görür. Lakin tarixdə də Azərbaycanda qadınlarının cəmiyyətdə əhəmiyyətli yeri olub və hər zaman istər ədəbiyyat olsun, istər siyasət, yaxud iqtisadiyyat, onlar təşəbbüslər irəli sürüb və hər zaman fəal olublar. Bu özünəməxsus xüsusiyyəti Azərbaycanı bu gün digər müsəlman dövlətlərindən fərqləndirir və ona müstəsna xarakter bəxş edir”. Əlbəttə ki, biz bu xanımları təbliğ etməliyik, dünya onları tanımalıdır.
– Siz, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adını çəkdiniz. Onun fəaliyyəti Azərbaycan qadınları üçün bir örnəkdir…
– Bəli, müasir dövrdə ölkəmizin Birinci Xanımı, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva həm özünün şəxsi keyfiyyətləri, həm ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə tək Azərbaycan qadınlarına deyil, bütövlükdə dünya qadınlarına nümunədir. Mehriban xanımı şəxsiyyət kimi, xarakterizə edərkən bir məqamı nəzərdən qaçırmaq olmaz ki, o, öz fəaliyyəti çərçivəsində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla ümumbəşəri ideallar arasında körpü yaratmışdır. Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərin həcminə və çoxvektorluğuna nəzər yetirəndə bu xidmətin miqyasının təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil. Əlbəttə ki, bu fəaliyyət istiqamətləri müxtəlifdir. İlk növbədə onun peşə və elmi yaradıcılığını nəzərdən keçirsək, görərik ki, Mehriban xanım bu sahədə yeniliyə nail olmuşdu. O, hələ XX əsrdə gündəmə gələn evtanaziya məsələlərini araşdırır və bunu humanizm prinsipləri ilə uzlaşdırmağa səy göstərir. Nəticədə, Mehriban xanım 2005-ci ildə “Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə etmiş və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. Yəni, bu son dərəcə cəsarətli elmi mövzu idi və bu gün çox aktualdır.
– Mehriban xanım Əliyevanın birinci xanım institutunun yaranmasında əhəmiyyətli rolu var. Sizin fikrinizcə, bu hansı keyfiyyətlərdir?
– Postsovet məkanında ictimai həyatda fəal iştirak edən çox az ölkə başçısının xanımının adı çəkmək olar. Lakin, Mehriban xanımın fəaliyyəti, digər Birinci xanımları da aktiv olmağa sövq etdi. Mehriban xanım müsahibələrinin birində birinci xanım olmağın məsuliyyəti haqqında dediyi fikri xatırlatmaq istərdim: “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür…” O, ictimai düşüncədə, bir sıra fikirləri, daşlaşmış stereotipi dəyişdirməyə cəhd etdi və cəmiyyətin bütün təbəqələrinin kənar müşahidəçi mövqeyindən konkret fəaliyyətə keçməsinə nail oldu. Bu, çox önəmli məsələdir. O, daim ziyalılarla, sıravi vətəndaşlarla, gənclərlə, könüllülərlə, uşaqlarla ünsiyyət qurur, onlarla görüşür, söhbət edir. Mehriban xanım insanlarda sosial məsuliyyət hissinin yaranmasına və ictimai işlərdə fəal olmağa ruhlandırdı. Və bu gün xeyli sahibkarlıq strukturları, təşkilatlar xeyriyyə işləri görür, bunu bir borc kimi qəbul edirlər. İnsanlar Mehriban xanımın timsalında onların çətinlikləri, ehtiyacları ilə maraqlanan, protokol çərçivəsindən kənara çıxmağı, hər bir ciddi problemə münasibət bildirməyi bacaran insanı görürlər. Bu onu göstərir ki, xeyirxahlıq və şəfqət insanın daxilindən gəlməlidir, yoxsa ictimaiyyət onu qəbul etməyəcək. Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət dayanır. Və əlbəttə ki, heç təsadüfi deyil ki, cənab Prezident onun ictimai-sosial həyatda aktiv fəaliyyətini, uğurlu layihələrini nəzərə alaraq, Respublikanın Birinci Vitse-prezidenti təyin etdi.
– Mehriban xanım Əliyeva müsahibələrinin birində qeyd edir ki : “Həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir”…
– Mehriban xanım Azərbaycan cəmiyyətinin çox mürəkkəb və çətin ictimai-siyasi dövründə fəaliyyətə balamışdı. Zaman və ictimai-siyasi proseslər Azərbaycanın əleyhinə idi. Lakin, o möhkəm iradə göstərərək, dövlətimiz, dövlətçiliyimiz naminə böyük və ağır, eyni zamanda şərəfli mübarizə yoluna çıxdı. Mehriban xanım 90-cı illərin ortalarında aktiv ictimai fəaliyyətə qoşulur. 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu, 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” jurnalı təsis edilir. Məhz mədəniyyətimizi təbliğ edərək, o, çox mühüm ictimai-siyasi məsələləri, Azərbaycan haqqında əsl həqiqətləri dünyaya çatdırırdı. Xüsusi ilə qeyd edək ki, Mehriban xanım Əliyeva tarixdə yaşamış vətənpərvər, maarifpərvər qadınlarımızın örnək olan həyatını öz fəaliyyətində yeni keyfiyyətdə, həm də ləyaqətlə davam etdirir. Mehriban Əliyevanın fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır. Mehriban xanım Azərbaycan mədəniyyətinin, tarixinin, incəsənətinin, ədəbiyyatının, milli-mədəni dəyərlərinin, bütövlükdə Azərbaycanın ən böyük təbliğatçısıdır. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr təhsil, səhiyyə, mədəniyyət, sosial sahə, ekologiya, idmanı və digər sahələri əhatə edir. Həm vətəndaş, həm ictimai xadim kimi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkənin inkişafına öz layiqli töhfələrini verir. Onun bütün təşəbbüslərinin, gerçəkləşdirdiyi layihələrin mərkəzində – insan dayanır.
– Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri təbii ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin irsinin təbliğidir. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətlərini necə şərh edərdiniz?
– Mehriban xanım Heydər Əliyev Fondunu yaratmaqla, Ulu Öndər Heydər Əliyevin vətənimiz və xalqımızın inkişafı naminə gördüyü işləri, işıqlı ideyalarını yüksək səviyyədə davam etdirir. Fondun qarşıya qoyduğu məqsəd demək olar ki, həyatımızın mühüm sahələrinin inkişafına yönəlmiş layihələr, milli-mənəvi dəyərləri özündə ehtiva edən prinsiplər üzərində qurulub. Bu məqsəd Fondun fəaliyyət proqramında daha dəqiq ifadə olunduğu kimi, “milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir”. Qeyd etmək istərik ki, Fondun fəaliyyəti çox unikaldır. Mehriban xanımın rəhbərliyi ilə bu çox kiçik, lakin bacarıqlı, yaradıcı insanlardan ibarət kollektivlə bəzən bir neçə dövlət qurumların işini yerinə yetirir. Heydər Əliyev Fondu nəinki irimiqyaslı, möhtəşəm layihələri həyata keçirib, hətta fəaliyyət göstərdiyi bu 20 ilə yaxın müddətdə ölkənin həm daxildə, həm də xaricdə vüsətli inkişafına, böyük nüfuz qazanmasına, yeni dünya cəmiyyətinin öndə olan ölkələrindən birinə çevrilməsinə öz fəaliyyəti ilə güclü dəstək olub. Bu, ən çox insan faktoruna ali münasibəti, ölkəmizin beynəlxalq arenada layiq olduğu mərtəbədə qərarlaşması ilə dəyərli olub. Elə, ölkə başçısı, Prezident İlham Əliyev, Fondun fəaliyyətini yüksək qiymətləndirərək qeyd etmişdir ki, “Mehriban Əliyevanın rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir”. O, 2004-cü ildən yaratdığı və rəhbəri olduğu Heydər Əliyev Fondu vasitəsilə Avropa və dünyada bir sıra ciddi və xüsusi mahiyyət daşıyan mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti Azərbaycan yönəltməyi bacardı. Beynəlxalq səviyyəli layihələri ölkəmizə gətirməklə, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən lobbilərlə mübarizə aparırdı. Heydər Əliyev Fondu məhz milli-bəşəri ideyaların tərənnümçüsü, daşıyıcısı olması ilə qüdrətlidir. Mehriban Əliyevanın Fondun rəhbəri kimi, ən böyük məqsədi də Heydər Əliyev irsinin bir məktəb kimi yeni nəslə öyrədilməsi, təşviq olunmasıdır. Mehriban Əliyeva onun ideallarına sadiq qalaraq, milli-mənəvi dəyərlərimizi özünün həyat tərzində, əxlaqında və düşüncəsində yaşadaraq Ulu Öndərin yolunu ləyaqətlə davam etdirir. Bu, xalqın gələcəyini möhkəm özüllər üzərində qurmağa, onu inkişaf etdirməyə aparan ən işıqlı yoldur. Bu, Ulu Öndərin apardığı yaradıcılıq və quruculuq işlərinin davamı olaraq vətən və xalq naminə fəaliyyət göstərməyin ən doğru yoludur. Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bir daha xatırladaq ki, bütün bunlar güclü, aydın təfəkkürə, təxəyyülə malik olan incə ruhlu, zərif təbiətli bir qadının – ölkənin Birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə çalışmaları sayəsində həyata keçirilir.
– Hazırda Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri inkaredilməzdir…
– Müasir dünyanın öz tələbləri var. Qloballaşma şəraitinin tələblərindən biri də, hər bir millət, dövlət özünün varlığını qoruyub saxlamaq və digərlərinə tanıtdırmaq üçün müxtəlif mədəni-kütləvi, ictimai, sosial layihələr keçirirlər. Azərbaycan da öz tarixini, mədəniyyətini, adət və ənənələrini dünya ictimaiyyətinə çatdırır. Əlbəttə, bu proses səbir və iradə tələb edir. Mehriban xanımın Azərbaycanın şifahi xalq ədəbiyyatının, milli – mədəni və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada təbliği, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərin, yorulmadan, ancaq davamlı aparılan səylərin bu biz müsbət nəticələrini görürük. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri YUNESCO-nun müvafiq siyahılarında yer alıb. O, müstəqil Azərbaycanın nailiyyətlərini, ölkəmizdə hökm sürən tolerantlığı təbliğ edir, mədəniyyətlərarası və sivilizasiyalarası dialoqun bərqərar olması üçün bütün səylərini göstərir. “Eurovision-2012” mahnı müsabiqəsinin, ilk Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının uğurla yüksək, güclü və peşəkar səviyyədə təşkil olunması və həyata keçirilməsində Təşkilat Komitəsinin rəhbəri kimi, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın böyük və əvəzolunmaz əməyi vardır. Baxmayaraq ki, bizi istəməyən bəzi qüvvələr ölkəmizin əleyhinə müəyyən təxribatlar törədirdilər. Lakin bütün xalq ölkə Prezidenti, Birinci xanımı bir milli ideya ətrafında birləşdi. Əlbəttə, bu xalqımızın onlara yüksək inam və etibarından irəli gəlir.
– Hicran xanım, sözsüz ki, hər bir insanın formalaşmasında ailənin rolu inkaredilməzdir. Mehriban xanım Əliyeva şəxsiyyətində beynəlxalq ictimaiyyətin rəğbətini qazanan ideal qadın obrazını şərtləndirən amillər hansılardır?
– Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir. Mehriban xanımın səmimiyyəti, fədakarlığı, xalqa sevgisi öz soy-kökündən qaynaqlanır. O, mənsub olduğu ailənin zəngin mənəviyyatından bəhrələnərərk istər şəxsi həyatında, istərsə də ictimai fəaliyyətində onların nəcib əməllərini yaşadır, bu genetik kodu ləyaqətlə davam etdirir. Mehriban Əliyeva ziyalı ailəsində doğulub. Valideynləri Azərbaycan elmində ağır çəkiyə malik insanlardır. Babaları da ədəbiyyatımızda, söz sənətimizdə izi olan, sözü, səsi eşidilən, qəbul edilən, yüksək vətəndaşlıq nümunəsi ilə seçilən ziyalılar olub. O, həm də Azərbaycan tarixində əbədi qalacaq müdrik bir dövlət başçısının, ölkə birincisinin ailəsinə gəlin köçüb. Bu da qismətin işidir. Və tale Onu həm də Azərbaycanın birinci xanımı edib. Prezidentin ömür-gün yoldaşı, xanımı olmaq da alın yazısıdır. Amma xalqın sevimli övladı olmaq, millətin sevgisini qazanmaq taleyin, qismətin işi deyil – bu məhəbbəti qazanmaq lazımdır. Tək-tək adama nəsib olan bu sevgini O öz əməlləri, ağlı, iradəsi, qabiliyyət və bacarığı ilə qazanıb. Gözəllik, xeyirxahlıq, sədaqət və analıq kimi ülvi keyfiyyətləri təcəssüm etdirən Mehriban xanımı sözün əsl mənasında böyük hərflə yazılan Azərbaycan Qadını adlandıra bilərik. Mehriban xanım parlaq ictimai xadim olmaqla bərabər, fədakar həyat yoldaşı, qayğıkeş ana, şəfqətli nənə kimi şərəfli missiyanı ləyaqətlə yerinə yetirir. Ö öz övladlarını da Azərbaycanı ürəkdən sevən, milli-mənəvi dəyərlərə bağlı əsl vətəndaş kimi tərbiyə edib. Ailə qayğıları, ictimai və siyasi fəaliyyəti bir arada və yüksək səviyyədə yerinə yetirmək böyük peşəkarlıq və səbr tələb edir. Bununla bağlı Mehriban xanım qeyd edir ki, “Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən ilk növbədə həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, beş nəvəm var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla istəmirəm. Əsla. İndiyə qədər bunu bacarmışam. Ümidvaram ki, gələcəkdə də bunu bacaracağam. Mən bişirib-düşürməyi çox xoşlayıram. Bu işlə məşğul olanda yaxşıca dincələ bilirəm. Axı dadlı yeməklər hazırlamaq da müəyyən mənada yaradıcı işdir. Mən bu işi sevirəm, bu işi görürəm və bacarıram”. Bu mənada Mehriban xanımın qadının ailədəki rolu və ailəyə münasibətini ilə bağlı dedikləri bəzi fikirləri misal göstərmək olar. “Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”. Mehriban xanım, eyni zamanda, qadını ailədə sülhün, razılığın və məhəbbətin təminatçısı hesab edir. “Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər”. Bu ifadələr çox sadədir, eyni zamanda böyük və dərin məna kəsb edir. Məhz bu yanaşmanın nəticəsidir ki, biz onun həyata keçirdiyi layihələrdə maarifçi, xeyriyyəçi, kreativ ideyaları ilə yanaşı, mədəni, dini, milli- mənəvi dəyər və ənənələrə sədaqət müşahidə olunur. Bütün bunları harmonik şəkildə reallaşdırmaq, ictimaiyyətə, eləcə də dünyaya çatdırmaq çox çətindir. Lakin Mehriban xanım yorulmaz əməyi, güclü iradəsi ilə bu şərəfli və xeyirxah missiyanı layiqincə yerinə yetirir. Bir sözlə desək, Azərbaycan qadınının bütün gözəl keyfiyyətlərini özünün təkrarsız şəxsiyyətində birləşdirən Mehriban Əliyevanın cəmiyyətdə yaratdığı aura insanları mənəvi saflığa, nəcibliyə, xeyirxahlığa səsləyir. Bu gün bizim bir çox xanımlarımız, gənc qızlarımız Onun fəaliyyətindən ruhlanaraq ictimai həyatda aktiv iştirak etməyə başlayıblar.
– Mehriban xanımın fəaliyyətinə həm ölkə, həm də beynəlxalq səviyyədə yüksək qiymət verilir…
– Mehriban Əliyeva bu illərdə çox titullara, təltiflərə, mükafatlara layiq görülüb. Onun beynəlxalq aləmdəki nüfuzu, aldığı mükafatlar təbii ki, ölkəmizin, xalqımızın adına başucalığı gətirir. Amma onların içərisində bir mükafatın yeri əlahiddə olduğundan burada onu xatırlatmağı vacib sayırıq. Bu, Azərbaycanda keçirilmiş I Avropa Oyunlarının uğurla, böyük qələbə ilə başa çatmasında əsl fədakarlıq nümayiş etdirən “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın 29 iyun 2015-ci il tarixində “Heydər Əliyev” ordeni ilə təltif olunması idi. Zənnimizcə, bu mükafat Ona daha çox sevinc hissi yaşatdı, Onu çox duyğulandırdı. Mükafatın təqdim olunma mərasimindəki çıxışı isə iki il yarımda çəkdiyi əziyyətləri, keçirdiyi narahatlığı, duyduğu məsuliyyətdən doğan fərəh hissini bütünlükdə ifadə edirdi. Eyni zamanda bir öhdəlik və vətəndaşlara çağırış idi. Mehriban xanım çıxışından ölkə Prezidentinə minnətdarlıq edərək bildirdi ki, “Sizin ölkəmizə, xalqımıza olan inamınız heç bir şübhə qoymurdu ki, hər şey əla olacaq və biz yenə də qələbə çalacağıq. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz və ədalət, xoş niyyət, xalqla birlik hər zaman zəfər çalacaq. Bu 17 gün ərzində yaşadığımız xoş anlar üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Mən idman leksikasından istifadə etsəm deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda, əlbəttə, qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir və xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir. Cənab Prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə daha da tam gücümüzlə xidmət etməyə hazırıq”. Bəli, xalqımız, hər bir vətəndaşımız möhtərəm Prezidentimizin əsgəriyik və onun ətrafında sıx birləşmişik. Və bu birlik ölkəmizin inkişafının mühüm təməl daşıdır.
– Hicran xanım, Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas prinsipləri xeyirxahlıq və humanistlikdir…
– Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin hər addımının əsasında xeyirxahlığın, humanizmin, səmimiyyətin, vətəndaşlıq təəssübkeşliyinin yüksək səviyyədə qorunduğunun şahidi olarıq. Onun “Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir” fikri qazandığı uğurların, gördüyü işlərin bələdçisidir. Mehriban xanım Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdimatında bu prinsipləri də diqqətə çatdırmışdır: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. “Bilirsiniz ki, xeyriyyəçilik bizim maarifpərvər, vətənsevər ziyalılarımızın əsas fəaliyyət prinsiplərindəndir. Müasir dövrdə isə xeyriyyəçilik haqqında ən qiymətli məqamları elə Mehriban xanımın öz fikirlərindən öyrənmək mümkündür: “Xeyriyyəçiliyin ictimai əhəmiyyətindən danışarkən vurğulamalıyıq ki, o, cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Axı, çətin məqamda başqalarından dəstək almış insan özü də, imkan daxilində başqalarına kömək göstərməyə daha çox meyl edəcəkdir. Beləliklə, cəmiyyətimizdə “xeyirxah işlər dairəsi”, qarşılıqlı kömək və dəstək sistemi yaranır ki, bu da son nəticədə insanların qarşılıqlı münasibətlərinə, onların ovqatına və sosial əhval-ruhiyyəsinə müsbət təsir göstərir”. Mehriban xanımın simasında vətəndaşlarımız köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır etibarlı dayaq, doğma insan görür. Minlərlə insana, xüsusi ilə uşaq və qadınlara sağlamlığını və ümidini qaytarır. Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayır, ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Valideyn qayğısından və himayəsindən məhrum olmuş, eləcə də, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı hər bir problemə həssaslıqla yanaşır, onları qayğı ilə əhatə edir. Onun şəxsi dəstəyi və köməyi nəticəsində reallaşan genişmiqyaslı tədbirlər ana və uşaq ölümünün qarşısının alınması, hemofiliya, talassemiya və şəkərli diabet xəstəliklərinin azalması istiqamətində profilaktik və müalicəvi işlərin aparılmasına müsbət təsir göstərir. Mehriban xanım cəmiyyətimizin həssas təbəqələrindən olan 1988-ci ildə Ermənistandan zorakılıqla deportasiya edilən Azərbaycan vətəndaşlarının və keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, şəhid ailələri, qazilər, Birinci və İkinci Qarabağ müharibəsi veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müalicələrinin aparılması, digər sosial problemlərinin həll olunması istiqamətində həyata keçirdiyi layihələr onlarda gələcəyə inam yaradır. Mehriban xanım bir vətəndaş, ana-bacı, dost kimi xalqımıza çağırışı, istər ölkə daxilində, istərsə də ölkədən kənarda yaşayan hər bir vətəndaşımızın qarşısında öhdəlik və cavabdehlik yaradır. Bu müraciətlərin sonu hər zaman heç bir rəsmiyyət olmadan, titullar göstərilmədən “Sizin Mehriban” sözləri ilə bitir. Bu insanlarda Mehriban xanıma olan hörməti, etibarı daha da artırır.
– Bu gün erməni işğalından azad edilən Qarabağ və Şərqi Zəngəzurda tikinti, bərpa-quruculuq işləri aparılır. Mehriban xanımın bu sahədə fəaliyyətini necə dəyərləndirisiniz?
– İlk növbədə qeyd edim ki, Mehriban xanım Əliyeva Vətən Müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpasına böyük diqqət və həssaslıqla yanaşır. Onun təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu 30 ilə yaxın davam edən işğal dövründə erməni faşizmi tərəfindən dağıdılan, təhqir edilən, vandalizmə məruz qalan tarixi, milli, dini abidələri, məscidləri, məbədləri bərpa edir. Layihənin icrası çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı ayrı-ayrı ünvanlarda bərpa işlərinin gedişi ilə şəxsən tanış olur, dəyərli tövsiyələrini verir. Layihə ilə bağlı “İnstaqram” səhifəsində paylaşım edən Mehriban Əliyeva vurğulayıb: “Əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar”.
Fürsətdən istifadə edib, Prezident İlham Əliyevin ən yaxın silahdaşı, milyonların sevimlisi Mehriban xanım Əliyevaya can sağlığı, uzun ömür, Azərbaycançılıq məfkurəsinin inkişafı və müstəqil dövlətimizin daha da güclü, qüdrətli olması yolunda göstərdiyi şərəfli fəaliyyətində uğurlar arzulayıram.