Avqustun 22-də Prezident İlham Əliyevin dəvəti ilə qardaş Özbəkistan prezidenti Şavkat Mirziyoyevin dövlət səfəri başlayıb. Bu səfərin dövlət səfəri olmasından və ilk gününün proqramından aydın görünür ki, bu səfər strateji baxımından nə qədər böyük əhəmiyyətə malikdir. Səfər proqramı çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər də bunu sübut edir. Dünən yəni, səfərin ilk günü sənədlərin imzalanma mərasimi bitdikdən sonra hər iki ölkə başçısı bəyanatlarla çıxış edib. Prezident İlham Əliyev bəyanatda bu səfəri yüksək qiymətləndirib. Özbəkistan prezidenti cənab Şavkat Miromonoviçi salamlayaraq, onun Özbəkistan prezidenti seçilməsindən sonra ilk dövlət səfərini Azərbaycana etməsini çox yüksək qiymətləndirdi. Əslində cənab İlham Əliyev bununla qardaşlığımızın, dostluğumuzun və ölkələrimiz, xalqlarımız arasındakı münasibəti vurğulayaraq həm də Azərbaycan və Özbəkistan arasında ən yüksək səviyyədə yeni bir dövlət ənənəsinin təməlinin qoyulmasına işarə etdi.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, biz belə ənənəni uzun illərdir Azərbaycan və Türkiyə arasında görmüşük: “İki dövlət başçısı arasında görüşün üç saat çəkməsi və qarşılıqlı etimad mühitində fəaliyyətin möhkəmlənməsindən xəbər verir. Həmçinin bütün istiqamətlər üzrə əldə edilən nailiyyətlərin, beynəlxalq platformalardakı əməkdaşlığın hər bir istiqaməti müzakirə edililib. Əslində müzakirələrin əhatə dairəsi bütövlükdə aparılan danışıqların spektorunu göstərir. Azərbaycan Prezidenti səfərin ilk günü çərçivəsində keçirilən görüşləri yüksək dəyərləndirərək Ali Dövlətlərarası Şuranın yaradılmasının xüsusu əhəmiyyətini qeyd edib. Sənayedən, iqtisadiyyata, enerjidən, nəqliyyat-logistika, mədəniyyət və humanitar sahədə yaradılmış əməkdaşlıqla bərabər 500 milyon dollar nizamnamə kapitalı olan Birgə İnvestisya Fondunun yaradılması bir daha göstərir ki, iki ölkə arasında qısa müddət ərzində nə qədər böyük nailiyyətlər əldə edilib. Sözsüz ki, iki qardaş dövlət və xalq arasında sıx əməkdaşlıq çoxəsrlik tarixə malik olan Azərbaycan-Özbəkistan sarsılmaz dostluq və qardaşlığı üzərində qurulub”.
Millət vəkili bildirib ki, iki ölkə başçısının iştirakı ilə Özbəkistan prezidenti Şavkat Miromonoviçin şəxsi təşəbbüsü ilə işğaldan azad olunmuş Füzuli rayonunda inşa edilmiş məktəbin açılışını bu səfərin zirvəsi adlandırmaq olar: “Prezident İlham Əliyev bu məktəbi Qarabağın bərpası işində ilk xarici dövlətin Azərbaycana hədiyyəsi adlandırdı. Əslində bunu qardaşlıq, həmrəylik rəmzi adlandırmaq olar. Dövlətimizin başçısı özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan bu məktəbi bir təhsil sarayı adlandırıb. Qeyd edilib ki, bu məktəb Özbəkistanın töhfəsi, eləcə də dost və qardaşlığımızın daha bir mərkəzi olacaq. Özbəkistan prezidenti Şavkat Mirziyoyev də öz növbəsində yüksək səviyyəli dəvətə və hədsiz səmimi qəbula görə təşəkkür edərək möhtərəm Prezident İlham Əliyevin Özbəkistana olan çox səmərəli və məhsuldar səfərindən, iki qardaş ölkənin əməkdaşlığının önəmi haqqında danışdı. Həmçinin Özbəkistan prezidenti dövlətinin xarici siyasətində Azərbaycanın mühüm rol oynadığını və hazırda bu münasibətlərin tam yeni mərhələyə yüksəldiyini və bu səbəbdən də ilk dövlət səfərinin də məhz Azərbaycana etdiyini fəxrlə qeyd edib. Prezident Şafkat Mirziyoyev Özbəkistanın xarici siyasət vektorunda Azərbaycanın siyasi, iqtisadi və mədəni ağırlığının getdikcə artacağını qeyd etdi. O möhtərəm Prezidentimizin müdrik siyasətilə ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzu və uğurları ilə özbək xalqının qürur duyduğunu bildirib”.
Deputat vurğulayıb ki, bu səfərdə hər iki dost və qardaş dövlətin Prezidentləri möhtərəm cənab İlham Əliyevin və cənab Şavkat Mirziyoyevin həm şəxsi, həm də ikitərəfli münasibətlərində xalqlarımızın ruhuna uyğun yürütdükləri uğurlu siyasətin nəticəsi olaraq iki dövlət beynəlxalq məsələlərdə qardaşlıq mövqeyinin nümayiş etdirilməsinin şahidi olduq: “Azərbaycanla Özbəkistanın tərəfdaşa çevrilməsi siyasi və iqtisadi müstəvidə aydın şəkildə görünür. Bildiyimiz kimi Azərbaycanda dövlət səfərinin ikinci günündə Azərbaycan və Özbəkistan Prezidentləri Füzuli rayonuna səfər etdi. Onlar işğaldan azad olunmuş tarixi şəhərimizdə MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşərək, şəhərin Baş Planı ilə tanış olduqdan sonra Özbəkistanın maliyə dəstəyilə inşa olunmuş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirakı etdilər. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu məktəbin tikintisi Qarabağın bərpasına xarici dövlətlərin Özbəkistanın simasında ilk hədiyyəsidir. Sözsüz ki, ötən dövrlərdə daima Azərbaycanın haqq işində bütün beynəlxalq platformalarda ölkəmizi dəstəkləyən Özbəkistanın bu addımı dostluq və qardaşlıq münasibətinin daha da möhkəmlənməsinə və inkişafına ən böyük qatqıdır”.
Məlahət İbrahimqızı Özbəkistan Prezidentinin ölkəmizə səfəri, eləcə də Azərbaycanın işğaldan azad olunmuş bölgələrində abadlıq-quruculuq işlərilə tanış olması, maddi, mənəvi və siyasi dəstək verməsi hər iki ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməklə Türk Dünyası üçün də əhəmiyyətli örnəkdir: “Eyni zamanda Azərbaycan Prezidentinin beynəlxalq aləmdə yüksək nüfuzu və söz sahibinə çevrilməsinin türkdilli ölkələr üçün böyük dəstək olduğu ölkəmizin başçısının fəaliyyəti ilə təsdiqləndi. Beynəlxalq aləmdə liderlik nümunəsi sərgiləyən Prezident İlham Əliyevin qüdrətli Azərbaycanla yanaşı, paralel olaraq Türk Dünyasını da inkişaf etdirmək, aparıcı gücə çevirmək niyyəti ortadadır. Bu mənada Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda güclü əməkdaşlıq türk dövlətlərinin bir yumruq kimi, eyni çatı altlnda birləşməsində müstəsna əhəmiyyəti var. Ona görə də, bu səfər nəinki iki qardaş dövlətin xalqları, eyni zamanda könül coğrafiyamızda yüksək qiymətləndirilir”.