
Ermənistanın növbəti hiyləgər planı baş tutmadı. Qarabağda mövcud olan separatçı rejimin girovluğunda olan insanlar və onların ətrafında yaradılan hümanitar böhran şousu erməni tərəfi üçün əks effekt verdi. İndiyə kimi müəyyən vədlərlə Qarabağda saxlanılan bəzi şəxslər artıq reallığı dərk edərək buranı tərk etmək qərarına gəlib. Ötən günlərdə Laçın sərhəd-buraxılış məntəqəsindən 60-dan artıq şəxsin keçidi bunu bir daha təsdiq edir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Ermənistan hümanitar yardım adı altında Azərbaycana hansısa bir beynəlxalq təzyiqlərin olacağına ümid etsə də bu alınmadı: “Azərbaycanın razılığı olmadan onun ərazisinə hansısa bir yüklərin aparılıb-gətirilməsi mümkün deyil. Beynəlxalq hüquq, ölkə qanunları bunu təsdit edib. Beynəlxalq Ədalət Məhkəməsi də Azərbaycanın bu məsələdə haqlı mövqeyinə açıq dəstək ifadə etdi. Amma hər zaman beynəlxalq hüququ heçə sayan Ermənistan və onun havadarları öz çirkin niyyətləri naminə bütün nüfuzlu təşkilatlarla manipuliyasiya edir”.

Deputat bildirib ki, Azərbaycan ərazisində ölkə qanunlarını qəbul edib normal yaşamaq istəyən şəxs üçün hər bir vətəndaş üçün təsbit edilmiş hüquqlar keçərlidir: “Amma Azərbaycan qanunlarına qarşı çıxmaq, burada öz ambissiyalarını reallaşdırmağa cəhd etmək mümkün deyil. Azərbaycan hüquqi dövlətdir. Burada qanunun aliliyi hər şeydən üstündür və heç bir etnik qrup dini və milli mənsubiyyətinə görə təqibə, təzyiqə məruz qalmır. Erməni əsilli vətəndaşlar da Azərbaycan reallığına uyğun olaraq yaşamaq hüququ əldə edə bilər. Onların hələ də şansları var ki, separatçı-xunta rejiminin girovluğundan azad olub, vədlərlə deyil reallığa uyğun yaşamaq yolunu seçsinlər”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan Prezidenti ən yüksək səviyyədə Qarabağda yaşayan dinc erməni əsilli sakinlərin bütün ölkə vətəndaşları kimi yaşamaq hüququ əldə etmək imkanlarının olduğunu söyləyib: “Bundan böyük qarant ola bilməz. Amma buna baxmayaraq hələ də “miatsum” və “respublika” yaratmaq eşqində olanlar var ki, onlar üçün qapı açıqdır. Azərbaycan qanunlarına tabe olmaq istəməyən ermənilər üçün seçim onların ixtiyarındadır. Elə bu günlərdə Xankəndi və ətraf bölgələrdən başlamış köç də bunun bariz nümunəsidir. Vaxtilə qeyri-qanuni olaraq bu ərazilərə köçürülmüş, vədlər verilmiş şəxslər indi yeganə çıxış yolu kimi getməyi seçib”.