Azərbaycanla Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır və Avropa İttifaqında onun ən etibarlı tərəfdaşlarından biridir. 1991-ci il dekabrın 26-da Azərbaycanın dövlət müstəqilliyini tanıyan Macarıstanla diplomatik əlaqələr 1992-ci il aprelin 27-də qurulub. Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi açılıb.
Bunu Siyasətinfoya Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, iki ölkə arasında parlamentlərarası əlaqələr də yüksək səviyyədə inkişaf edir: “Azərbaycan və Macarıstanın parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İki ölkə arasında indiyədək imzalanmış 50-dən çox sənəd hüquqi bazanın möhkəmləndirilməsində bu mühüm rol oynayıb. Azərbaycanla Macarıstan arasında əməkdaşlıq çoxtərəfli platformalarda, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində daim inkişaf edir. Ölkələrimiz arasında iqtisadi əlaqələr geniş potensiala malikdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əsas rol oynayır. Azərbaycanda Macarıstan sərmayələri olan şirkətlər əsasən kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrində fəaliyyət göstərir. Ölkələr arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması münasibətlərin yüksək səviyyəsinin əyani təsdiqidir. Bununla yanaşı Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rolu həmişə yüksək qiymətləndirir. Macarıstan həmçinin Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və ona qoşulmaqda maraqlı olduğunu bildirir. Ötən il dekabrın 17-də Buxarestdə imzalanmış Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətləri arasında “yaşıl” enerji sahəsində strateji tərəfdaşlıq haqqında müvafiq Saziş ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda mühüm yer tutur”.
Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Macarıstana səfəri Budapeştdə keçirilən atletika üzrə dünya çempionatının yarışlarının və Macarıstanın Milli Günü münasibətilə keçirilən tədbirlərə təsadüf edir: “Bu, Macarıstan dövləti və xalqı üçün çox əlamətdar hadisədir. Amma təbii ki, müxtəlif ölkələrin rəhbərlərindən ibarət belə böyük nümayəndə heyəti Budapeştə təkcə bayram tədbirlərində iştirak etmək üçün gəlmir. Məlum olduğu kimi, Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Bosniya və Herseqovinanın liderləri, eləcə də Çexiya, Avstriya və Sloveniyanın keçmiş baş nazirləri, eləcə də Tatarıstanın rəhbəri də Macarıstana gəlib. Burada qeyd etmək lazımdır ki, Macarıstan Avropada mühüm oyunçudur, Bu ölkə hazırda Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malikdir və rəsmi Budapeştin türk dünyası ilə əlaqələrin dərinləşdirilməsi istiqamətindəki xətti aydın görünür”.
Deputat vurğulayıb ki, ölkəmizin sürətli iqtisadi yüksəlişi Macarıstan və ayrı-ayrı Balkan ölkələri üçün Azərbaycan qazının və neftinin Balkanlara nəqli imkanlarını nəzərdən keçirmək üçün infrastruktur bazası yaratdı: “Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya regionun enerji infrastrukturundan istifadə etməklə Azərbaycan təbii qazının “Həmrəylik halqası” vasitəsilə Mərkəzi Avropaya nəqlinə dair anlaşma memorandumunun imzalanması bu mənada xüsusi önəm kəsb edir. Çünki Macarıstan üçün qaz təchizatının təhlükəsizliyi həmişə mühüm məsələ olub. Ötən ilin sonunda bu tədarükün təhlükəsizliyi Azərbaycandan Avropaya qaz nəql edən Cənub Qaz Dəhlizinin başa çatdırılması ilə daha da gücləndirildi. Reallıq odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara əsaslanan siyasət sayəsində Azərbaycan irimiqyaslı, qlobal layihələrdə iştirak edir. Fakt odur ki, Azərbaycanın qlobal təşəbbüsləri və təklifləri ölkəmizə təkcə iqtisadi deyil, həm də geosiyasi dividentlər qazandırır”.