
Azərbaycan-Macarıstan münasibətləri yüksələn xətlə inkişaf edir. Ölkələrimiz müxtəlif platformalarda olduğu kimi Türk Dövlətləri Təşkilatında (TDT) aktiv əməkdaşlıqda maraqlıdır. Azərbaycan Macarıstanın TDT-a üzv olmasında maraqlı olduğunu bəyan edib. Bu amil Azərbaycanla Macarıstan arasında əlaqələrin perspektivi baxımından mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı hər iki ölkə bir-birinə beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək göstərir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan Macarıstanın Cənubi Qafqazda, Xəzər hövzəsi regionunda və Türk dünyasında əsas tərəfdaşı hesab edilir: “Macarıstan isə Azərbaycan üçün Avropa məkanında vacib strateji tərəfdaşlardan biridir. Bu mənada ölkələrimiz arasındakı əlaqələr tarixi köklərə söykənir. Məhz tarixdən gələn dostluq münasibətləri bu gün də yüksələn xətlə uğurla davam etdirilir. Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra Macarıstan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Ötən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd olunub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis edilib. Bununla yanaşı Azərbaycan Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir ki, bu da ölkələr arasında ali qanunverici orqanlar səviyyəsində münasibətlərin inkişafına mühüm töhfə hesab olunur”.
Deputat bildirib ki, bu günə qədər Azərbaycanla Macarıstan arasında 50 sənəd imzalanıb: “Ölkələrimiz çoxtərəfli platformalarda xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı əməkdaşlıq edir. Eyni zamanda Macarıstan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyinii tanıyan və dəstəkləyən ilk ölkələrdən biridir. 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə də Macarıstan ölkəmizin haqlı mövqeyini dəstəkləyib. Macar şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə qoşulması münasibətlərin xarakterini göstərir. Həmçinin Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa önəm verir. Bu mənada Macarıstan Cənub Qaz Dəhlizi layihəsinə ilk gündən dəstəyini nümayiş etdirib”.
Millət vəkili Azərbaycanla Macarıstan arasında siyasi əlaqələrin yüksək olduğunu bildirib: “İki ölkə arasında ali səviyyədə dialoq mövcuddur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstanla əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biri hesab olunur. Çünki Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır. Bununla yanaşı Macarıstan ölkəmizin Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Bu gün də iki dost ölkə arasında münasibətlər ortaq strateji hədəflərə əsaslanaraq uğurla inkişaf edir. Bununla yanaşı, Azərbaycanla Macarıstan arasında humanitar sahədə də əməkdaşlıq əlaqələri yüksək səviyyədədir”.
Məlahət İbrahimqızı Prezident İlham Əliyevin Macarıstana səfərinin tarixi əhəmiyyətinə toxunub: “Bu səfər münasibətlərin qarşılıqlı maraqlara uyğun inkişaf etdiyi göstərir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Macarıstana səfəri burada yüksək səviyyədə keçirilən görüşlər mühüm önəm kəsb edir. Ölkəmizin başçısı və birinci xanım səfər çərçivəsində Macarıstanın baş naziri Viktor Orbanla birlikdə atletika üzrə dünya çempionatının kişilər arasında 100 metr məsafəyə qaçış yarışının finalını izləyib.
Qeyd edək ki, atletika üzrə dünya çempionatı ilk dəfədir Budapeştdə keçirilir. Dünya çempionatını canlı izləyənlər sırasında qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya prezidenti Aleksandar Vuçiç, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov, Qırğızıstan prezidenti Sadır Japarov və digər ölkələrin ali qonaqları da yer alıb”.