Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin Laçın yolu ilə bağlı verdiyi bəyanat absurddur və heç bir məntiqə sığmır. Bu gün Azərbaycanla Avropa İttifaqı arasında olan münasibətlərə nəzər salsaq Borrelin bu yanaşmasının haradan və necə qaynaqlandığını söyləmək o qədər də çətin deyil. Erməni lobbisinin əlində oyuncaq olan bu siyasətçi təmsil etdiyi təşkilatın ümumi maraqlarını belə təhlükə altında qoyur. Çünki zaman-zaman biz bu şəxsin anti-Azərbaycan mövqeyini eşitmişik. Bu da onun proseslərə subyektiv yanaşmasından irəli gələn amillərin nəticəsidir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda onun Ermənistanın mövqeyindən çıxış etməsi təəsüf doğurur: “Bu gün Azərbaycanı Laçın yolunu bağlamaqda ittiham edən Cozef Borrel proseslərə və beynəlxalq hüquqa olan yanaşmalarda səhfə yol verdiyinin fərqində deyil. Çünki o bilməlidir ki, Laçın yolu Azərbaycanın ərazi bütövlüyü daxilindədir. Burada atılan bütün addımlar da məhz Azərbaycan qanunlarına, ölkə konstitusiyasına uyğun tənzimlənir”.
Deputat hesab edir ki, bu gün özünün hümanitar yardım konvoylarını Azərbaycanla sərhəddə göndərib beynəlxalq ictimaiyyətin diqqətini bura cəmləşdirməyə çalışan Ermənistan və ona qahmar çıxan dövlətlər, təşkilatlar yanılırlar: “Hər hansı bir ölkənin ərazisinə onun razılığı olmadan istinilən formada hümanitar yardımın göndərilməsi qeyri-mümkündür. Bu Avropa İttifaqına daxil olan ölkələrin hər hansı birində olsa idi verilən reaksiyaların necə olacağını hər kəs görmüş olardı. Azərbaycana yanaşmada isə ikili standartlardan qiymətləndirmə aparmaq kökündən yanlışdır”.