Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində çox mühüm məqamlara toxunub. Ölkəmizin başçısının səsləndirdiyi fikirlər, verilən mesajlar mühüm əhəmiyyət kəsb edir. Təbii ki, dünyada özünün geniş auditoriyası olan bir telekanalın Prezident İlham Əliyevdən müsahibə götürməsi Azərbaycana olan diqqətin və marağın göstəricisidir. Bu eyni zamanda Prezident İlham Əliyevin Liderlik, dövlət idarəçiliyinə, regional və qlobal miqyasda həyata keçirdi siyasətə olan yanaşmanın açıq təzahürüdür.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin iyulun 22-də Şuşada, Milli Mətbuat günündə “Euronews” televiziyasına müsahibə verməsi tarixi şəhərdə keçirilən mühüm beynəlxalq forumla üst-üstə düşmən mesajların səslənməsi xüsusi ilə xarakterizə edilir: “Ölkəmizin başçısı müsahibəsində bir çox məqamlara dair Azərbaycanın mövqeyini ortaya qoydu. II Qarabağ müharibəsindən sonra bölgədə yaranmış vəziyyətə toxunuldu. 2020-ci il noyabrın 10-da imzalanmış sənədin sülh sazişi olmasa da müharibəni dayandırmaq üçün Bəyanat olduğu bildirildi. Vurğulandı ki, üçtərəfli sənəd əslində Ermənistanın kapitulyasiya aktıdır. Sözsüz ki, bundan sonra yekun sülh sazişinin əldə edilməsi məqsədilə müəyyən təşəbbüslərə ehtiyac var idi. Məhz bu kontekstdə Azərbaycan sülh sazişinin prinsiplərini müəyyən etdi. Azərbaycanın Ermənistana təklif etdiyi sülh prinsipləri ərazi bütövlüyü, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn müddəalarına əsaslanır”.
Millət vəkili hesab edir ki, 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq Azərbaycan yenə də sülh təşəbbüsü ilə çıxış edir: “Müharibədən sonra Azərbaycan bir çox vasitəçilərin təklif etdiyi sülh platformasında aktiv yer alıb. Brüssel, Vaşinqton və Moskva platformalarını bu mənada qeyd etmək olar. Bu paltformalarda əsas məsələ sülhün prinsipial şərtlərinin tapılmasıdır. Sözsüz ki, Ermənistan tərəfindən konstruktiv yanaşma olsa, Azərbaycanın ərazi bütövlüyünü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapmaq mümkün olar. Ölkəmizin başçısı həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrdən, Rusiyanın tərəflər arsasındakı rolundan bəhs edib”.
Deputat bildirib ki, Laçın yolu ətrafında baş verən məsələlər ölkə başçısının müsahibədə toxunduğu məqamlardan olub: “Bildirilib ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dəhlizə müəyyən dərəcədə nəzarət etmək səylərinin səbəbi Qarabağda ötən il noyabrın əvvəlində təbii sərvətlərin yenidən qeyri-qanuni çıxarılması faktı ilə bağlı idi. Müharibədən sonra o dayandırıldı, çünki qeyri-qanuni idi. Eyni zamanda bu gün Laçın yolunun bloklanması ilə bağlı səslənən fikirlərin tamamilə əsassız olduğu bildirilib. Ermənistanla olan sərhəddə hərəkət etmək azadlığı bloklanmayıb. Azərbaycanın Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsinin qurulması ölkəmizin legitim hüququdur. Bu heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Burada buraxılış postu qurulduqdan yəni, aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gələ bilib. Sadəcə olaraq bu yoldan sui-istifadə halları aşkarlandı. Həmçinin buradan istifadə edən Qırmızı Xaç Komitəsinin qanunsuz əməlləri üzə çıxdı”.
Aqil Məmmədov ölkə başçısının da qeyd etdiyi kimi Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan ermənilərin seçim imkanlarının olduğunu bildirib: “Bu insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Təbii ki, Prezident İlham Əliyev tərəfindən Ermənistandakı ermənilərə açıq və önəmli mesajların ünvanlanması diqqət mərkəzindədir. Vurğulanıb ki, Azərbaycan sülh istəyir və ölkəmizin Ermənistana qarşı ərazi iddiaları yoxdur. Bununla yanaşı Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüquqları məsələsi gündəmə gələcək”.