
Milli Mətbuatın 148 illiyi çərçivəsində Şuşada Qlobal Media Forumunun keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Forumda iştirakı yerli və xarici media təmsilçilərinin suallarına məntiqli və tutarlı cavabları ilə ölkəmizin post müharibə dövrü perspektivləri, regionda formalaşan yeni reallığın məzmunu tam mənada ifadə edilib. Sözsüz ki, Qlobal Media Forumunun Şuşada keçirilməsi heç də təsüdəfən baş vermir və Qafqazın, Azərbaycanla yanaşı, Türk dünyasının siyasi ideoloji, mədəni mərkəzi kimi rolunu daha qabarıq şəkildə önə çıxması ilə izah edilir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, hazırda erməni işğalından sonra özünün tərəqqi, çiçəklənmə dövrünü yaşayan tarixi Şuşa şəhəri artıq bir çox mötəbər yerli və beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib: “Bu baxımdan Qlobal Media Forumunun Şuşada keçirilməsi Azərbaycanın tarixinin, mədəniyyətinin, eləcə də, şanlı zəfərinin və genişmiqyaslı bərpa-quruculuq işlərinin təbliği baxımından da vacib amil hesab edilir. 49 ölkədən 150-i xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumunun qatıldığı Şuşa Qlobal Media Forumunda həmçinin 60 yerli media qurumunun rəhbəri və nümayəndəsi də iştirak edib. Şuşada xarici qonaqların iştirakı ilə keçirilən bu mötəbər tədbir hər bir azərbaycanlı üçün olduqca qürurverici hadisə kimi yadda qalıb.
Sual-cavab formatında keçirilən forumda Prezident İlham Əliyev dünyada və regionda baş evrən siyasi proseslərlə əlaqədar media nümayəndələrinin suallarını əhatəli şəkildə cavablandırıb. Dövlətimizin başçısı ayrı-ayrı mövzulara aid sualları cavablayarkən bir çox mühüm məsələlərdə ölkəmizin konkret mövqeyi də nümayiş etdirilib. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı ölkə başçısı tərəfindən dövlətimizin mövqeyi bir daha ifadə edilib. Ermənistanın sülh müstəvisində öz üzərinə düşən vəzifələrin icrası ilə bağlı konkret istiqamətlər bildirilib”.

Millət vəkili Prezident tərəfindən Ermənistanın sülh müstəvisində bir sıra vacib prinsiplərdə mövqe ortaya qoya bilməməsinin səbəb və nəticələrinin mahiyyətinə də münasibət bildirildiyini söyləyib: “Sülh sazişinin imzalanmayacağı nəticədə Ermənistan və bütövlükdə bölgə üçün ağır fəsadlar yarada biləcəyinin qaçılmaz olduğu bildirilib. Reallıq ondan ibarətdir ki, Cənubi Qafqazda inkişaf və tərəqqi üçün şərtləri diqtə edən qalib və güclü Azərbaycandır. Sülhə nail olunması hər iki ölkənin iqtisadiyyatına ciddi töhfə verəcək. Bunun fonunda sülhün gətirəcəyi iqtisadi dividentlərə Ermənistanın ehtiyacı daha çoxdur. Çünki 30 ilə yaxın Azərbaycan ərazilərini işğalda saxlayan və özünün təcavüzkar mahiyyəti ilə Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Azərbaycan isə ərazilərinin 20 faizi erməni işğalında olmasına baxmayaraq özünün düzgün və strateji yol xəritəsinə uyğun olaraq Prezident İlham Əliyevin mütərəqqi inkişaf konsepsiyasına əsaslanmaqla böyük zirvələr qət edib”.
Deputat forumda ölkəmizin başçısının Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu strategiyaya da toxunduğunu söyləyib: “Dövlət başçısı Cənub Qaz dəhlizinin uğurla icra edildiyini, Azərbaycanın Avropa üçün əhəmiyyətli qaz tədarükçüsünə çevrildiyini söyləyib. Məhz bunun nəticəsidir ki, Avropa Komissiyasının prezidenti Azərbaycanı etibarlı tərəfdaş adlandırıb. Eyni zamanda Transxəzər Qaz Boru Kəməri və digər mühüm layihələrin Azərbaycanın təşəbbüsü ilə reallaşdığı forum iştirakçılarının diqqətinə çatdırılıb. Bu bir reallıqdır ki, Azərbaycan enerji sahəsində beynəlxalq layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi qəbul olunur. Bu mənada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu bütün dünya tərəfindən etiraf edilir. TAP və TANAP boru kəmərlərinin genişləndirilməsi ilə bağlı gözləntilər ölkəmizin bu sahədə nə qədər etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Bütün bunlarla yanaşı Azərbaycan yaşıl enerji sahəsində də mühüm layihələrin icraçısıdır. Artıq Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi üçün əməli addımlar atılmaqdadır”.
Məlahət İbrahimqızı bildirib ki, Böyük Qayıdışla bağlı Prezident İlham Əliyevin vermiş olduğu açıqlamalar, bərpa-quruculuq prosesinin icra vəziyyəti keçmiş qaçqın və məcburi köçkünlərin sistemli şəkildə daimi olaraq öz ata-baba yurdlarına köçürülməsindən bəhs edib: “30-dan çox şəhər və kəndin baş planının təsdiqləndiyini, Qarabağ və Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanın qayıdacağını bildirən dövlət başçısı təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın geri dönməsinin nəzərdə tutulduğunu deyib. Sözsüz ki, genişmiqyaslı quruculuq işlərini Azərbaycan təkbaşına kənardan heç bir maliyyə yardımı almadan icra edir. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi qısa zamanda bu regionda həyata keçirilən Böyük Qayıdış proqramı Azərbaycanın hərbi, iqtisadi və siyasi gücünün, potensialınının açıq təzahürü hesab edilir”.