Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti görüş baş tutub. Bu sözsüz ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə bağlı sülh danışıqlarının davam etməsi müsbət haldır. Təbii ki, görüşdə müzakirələr mahiyyəti üzrə davam edirsə, bu, irəliyə doğru addım kimi dəyərləndirilə bilər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin koordinasiya etdiyi görüşün yekunlarına dair bəyanatından da aydın olur ki, budəfəki məhsuldar keçib.
Bunu Siyasətinfoya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, iqtisadçı ekspert Səkinə Babayeva deyib.
O qeyd edib ki, 6-cı görüşün əsas uğurlarından biri Ermənistan baş nazirinin bu dəfə də Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini növbəti tanıdığını bəyan etməsi olub: “Sərhədlərin dəqiləşməsi üçün isə 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə sadiqlik təsdiq olunub. Separatçıları ən çox hiddətləndirən də bu amildir. Çünki onlar öz müqəddəratını təyinetmə ilə bağlı hələ də əsassız iddialar səsləndirirdilər. Amma müzakirələrin gedişatı bir daha təsdiqləyir ki, Qarabağ ermənilərinin məsələsi Azərbaycanın daxili işi olduğu üçün danışıqlar masasında bu mövzu yoxdur”.
Ekspert Brüssel görüşündə həmçinin kommunikasiyaların açılmasına dair müsbət yanaşmaların olduğunu söyləyib: “Avropa İttifaqı dəmir yol xəttinin tikintisinə dərhal başlamaq üçün maliyyə töhfəsi verməyə də hazır olduğunu bəyan edib. Bütün bunlar isə Ermənistanın kommunikasiyaların açılması ilə bağlı manipulyasiya etmək imkanlarını heçə endirmiş olur. Payızda tərəflərin yenidən bir araya gəlməsinə dair razılığı nəzərə alsaq, bu müddəti Ermənistanın dayanıqlı sülh istiqamətində praktik addımlar atması üçün imkan hesab etmək olar”.
Səkinə Babayeva bildirib ki, Ermənistan Qranadada Fransa prezidentinin iştirakına arxayın olub təxribatlar törətmək əvəzinə yaranmış vaxtdan və imkandan düzgün istifadə edə bilər: “Bu Ermənistan və onun hərbi siyasi rəhbərliyi üçün yeganə çıxış yoludur”.