Dövrümüzdə əksər insanlar dəbi izləyir və buna uyğunlaşmağa çalışırlar. İnsanlar daha çox muasir dəb dünyasının kriteriyalarına cavab vermək istəyir. Müxtəlif yaşlarda kişilər və qadınlar gözəl, zövqlə geyinməyə, trendlərə uyğunlaşmağa, dəbli aksessuarlar istifadə eməklə özlərinə əlavə stimul verir. Bu baxımdan da fərqli brendlərin geyimləri günümüzdə cəmiyyətin dəb kriteriyalarına cavab vermək üçün zəruri faktorlardan birinə çevrilib.
Siyasətinfo bu sahədə böyük təcrübəyə malik Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, ekspert Səkinə Babayevanın məsləhətlərini təqdim edir.
O qeyd edib ki, dəbin kriteriyalarına cavab vermək heç də asan deyil: “Bu gün faktiki olaraq bir çox onlayn alış-veriş saytları, platformaları saxta məhsulları orijinal adı altında satışını həyata keçirir. Ona görə də, orijinal məhsullarla saxta məhsulları fərqləndirmək olduqca vacibdir. Bu sözsüz ki, hazırda həyatımızın önəmli hissələrindən biri kimi önə çıxır”.
Ekspert hesab edir ki, məhşur brendlərdən olan geyimlər kifayət qədər baha qiymətə satılır: “Ona görə də, zövqlə geyinmək istəyərkən bir çox hallarda az məhşur markalara üz tutulur. Bir çox hallarda isə insanlar bilərəkdən saxta məhsullar istifadə edir. Amma çox təəsüf ki, orijinal bilib, baha qiymətə aldığımız geyimlərin, ayaqqabıların bir müddət sonra saxta olduğu məlum olur”.
Səkinə Babayeva bildirib ki, brend markalar və orijinal məhsullar çox da ucuz qiymətə satılmır: “Çünki brendlər öz məhsullarını hazırlayarkən, bahalı, keyfiyyətli xammaldan istifadə edir. Həmçinin, məhsulun bu və ya digər brendə aid olması faktı da öz növbəsində məhsulun qiymətini artırır. Eyni zamanda fitinqlər yəni, düymələr tez-tez saxta məhsulları biruzə vermiş olur. Bu ona görədir ki, markalar orijinal məhsullarının hazırlanmasında yalnız keyfiyyətli və davamlı materiallardan hazırlanmış düymələrdən, bağlayıcılardan, zəncirbəndlərdən istifadə edir. Saxta məsul istehsal edən firmalar isə, adətən bu fitinqlərə elə də diqqət yetirmir. Bu sadəcə olaraq fitinqlərə də aid deyil. Geyimlərin hazırlandığı materiallara, saplara aid olunur. Geyim dizaynerləri öz imiclərini qorumaq üçün sadəcə geyimin dizaynına, görnüşünə deyil, eləcə də onun hazırlanmasına, xammal seçiminə, geyimin uzunömürlülüyünə də çox önəm verir”.