Bəzi insanlar yay aylarında az qala, yarıçılpaq gəzməyə üstünlük verir. Düşünürlər ki, bədənin bəzi nahiyəsinin tamamilə açıq olması, insan orqanizmində sərinlik yarada bilər. Amma bu halda isə günəş şüası orqanizmə daha öldürücü təsir etməsi qaçılmazdır. Bəs isti yay aylarında hansı geyimlərə və parçalara üstünlük verilməlidir?
Siyasətinfo uzun illər bu sahədə ixtisaslaşmış Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, ekspert Səkinə Babayevadan mövqe öyrənib.
O qeyd edib ki, yay aylarında geyim seçərkən, parçanın materialına fikir vermək lazımdır: “Eyni zamanda parçanın materialı rənglərdən də önəmli rol oynayır. Yaxşı olardı ki, təbii materiallara üstünlük verilsin. Xüsusilə kətandan, çit parçadan hazırlanan geyimlər daha məsləhətli hesab edilir. Sözsüz ki, yay aylarında sintetika tərkibli geyimlərdən istifadə məsləhət görülmür”.
Ekspert həmçinin geyim seçərkən paltarın rənginə də xüsusi olaraq diqqətlə yanaşılmasını tövsiyyə edir: “Yayda daha çox qarışıq və al-əlvan tonlarda olan parçalara üstünlük verilməsi məsləhət görülür. Güllü, açıq rəngli parçalar hər ilin yaz-yay aylarında daha çox istifadə edilir və mövsümün dəbi də məhz bu tip geyimlər olur”.
Səkinə Babayeva hesab edir ki, yay aylarında çox açıq-saçıq geyimlərdən istifadə heç də uyğun seçim deyil: “Çünki günəş şüaları bədənə birbaşa nüfuz etdiyi üçün bu insan orqanizminə mənfi çalarlar yarada bilər. Kətan və çit parçalardan hazırlanmış nisbətən qapalı geyimlər günəş şüasından bədənimizi qorumaqda köməklik edər. Eyni zamanda ağ rəngli tonlarda qapalı geyinmək orqanizmimizə daha faydalıdır. Ağ rəng günəş şüalarını geri qaytardığı və ultrabənövşəyi şüalardan qorunmağımız üçün əlverişli seçimdir”.