Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə nəhəng bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdış prosesi uğurla yerinə yetirilir. Çox sevinirik ki, keçmiş məcburi köçkünlər öz dədə-baba ocaqlarına qayıdır. Lakin biz hələ də müharibənin ağır nəticələrinə rast gəlirik. İşğaldan azad olunan ərazilərdə minatəmizləmə işləri və tikinti məqsədi ilə qazıntı aparan zaman kütləvi məzarlıqlar tapılır. Bu günlərdə növbəti məzarlıq aşkarlandı. Bu, artıq aşkarlanan səkkizinci kütləvi məzarlıqdır. Lakin, əfsuslar olsun ki, sonuncu deyil. Tapılan insan sümüklərinin qalıqları Birinci Qarabağ müharibəsində ermənilərin törətdikləri cinayətlərin əyani təsdiqidir.
Bunu Siyasətinfoya Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycana qarşı hərbi təcavüz zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub: “Erməni silahlı qüvvələri soydaşlarımızı mənəvi və fiziki işgənclərə məruz qoyub, onları xüsusi amansızlıqla qətlə yetirib. I Qarabağ müharibəsi dövründən 4 minə yaxın o cümlədən, 71 uşaq, 267 qadın, 326 qoca indiyədək itkin düşmüş hesab edilir. Azərbaycan tərəfi dəfələrlə və ən müxtəlif səviyyələrdə erməni tərəfinə bu şəxslərin taleyi haqqında və eləcə də kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etməsinə baxmayaraq, hələ cavab yoxdur. Bir sözlə, azərbaycanlılara qarşı etnik təmizləmə prosesi bu ölkənin dövlət siyasətinə çevrilib. Bütün bu illər ərzində beynəlxalq təşkilatlar, o cümlədən insan hüquqları üzrə təşkilatları cinayətə göz yumur. Ermənistanın məsuliyyət məsələsini gündəmə gətirmir. Halbuki, əsirlərə işgəncə verilməsi, onların qəddarlıqla öldürülməsi beynəlxalq konvensiyalara görə ən ağır cinayət hesab olunur. Lakin Ermənistan əldə olunan faktlara rəğmən, hələ də öz layiqli cəzasını almayıb. Bunun əksinə olaraq, Azərbaycanın haqlı və hüquqi addımlarına qarşı həqiqətdən uzaq qətnamələr qəbul edirlər”.
Millət vəkili bildirib ki, AŞPA-nın Laçın yoluna həsr olunmuş qətnamə qəbul etməsi də buna əyani misaldır: “Belə sənədlər Azərbaycanın ərazi bütövlüyünə, suveren hüquqlarına hörmətsizlikdir. Bu həm də sülh prosesinə maneədir. Prezident İlham Əliyevin bildirdiyi kimi onları bu ədalətsizliyə ikili standartlar və rüşvət vadar edir. Ancaq bütün bunların heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan müstəqil siyasət aparır, heç kimdən asılı deyil. Bu gün artan iqtisadi imkanlar nəticəsində ordumuz daha da gücləndirilir. Cari ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir. Dövlət büdcəsində iki əsas istiqamət müəyyən edilib – birincisi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, ikincisi, hərbi potensialımızın gücləndirilməsidir”.
Komitə sədrinə görə, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür: “Bu gün Silahlı Qüvvələr vahid proqram əsasında inkişaf etdir. Dünyada baş verən geosiyasi hadisələr, bölgəmizdə yaranan yeni təhlükələr, Ermənistanda baş verən revanşist qüvvələrin qarşısını almaq üçün buna böyük ehtiyac vardır. Amma bütün bunlara baxmayaraq Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində biz öz məqsədlərimizə nail olacağıq. Bölgədə sülh və təhlükəsizliyi təmin edəcəyik”.