Hər bir vacib görüş və müzakirə öncəsi erməni tərəfi təxribat törədir. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə baş tutacaq növbəti görüş ərəfəsində də erməni tərəfi təxribata əl atıb. Xankəndidə separatçıların təhriki ilə baş tutan absurd aksiyanın ardınca Azərbaycan ərazisində qalan qanunsuz erməni hərbi birləşmələri təxribatlarından əl çəkməyib. Məqsəd növbəti dəfə danışıqları pozmaq və özləri üçün vaxt qazanmaqdır.
Bunu Siyasətinfoya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, iqtisadçı ekspert Səkinə Babayeva deyib.
O qeyd edib ki, erməni tərəfinin bu təxribatlarda əsl məqsədi danışıqları pozmaq və özləri üçün uyğun vaxt qazanmaqdır: “Hər zaman havadarlarının əlində oyuncaq çubuğu kimi istifadə edilən Ermənistan dövləti və onun hərbi-siyasi rəhbərliyi bu dəfəki Brüssel görüşlərinin də onlar üçün uğursuz bitəcəyinə əmin olduqları üçün bunu təxribatlarla konpensasiya etməyə çalışırlar. Sözsüz ki, Azərbaycanı bu və ya başqa məsələlərdə ittiham edən Ermənistan və onun havadarları əslində ölkəmizin beynəlxalq hüquq müstəvisində haqlı olduğunun fərqindədir. Sadəcə olaraq Ermənistan tərəfi indiki halda daha çox olaraq daha çox hay-küy salmaq, təxribat törətməklə prosesi olduğu kimi saxlamağa çalışırlar”
Ekspert hesab edir ki, Azərbaycan II Qarabağ müharibəsi nəticəsində özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin edib: “Müharibədən sonra Azərbaycan tərəfindən Ermənistana beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan 5 bəndlik sülh konsepsiyası təqdim olunub. Bu sülh konsepsiyası Cənubi Qafqazda formalaşacaq daimi sabitlik və inkişaf üçün başlıca prinsipləri əks etdirir. Buna baxmayaraq erməni tərəfi sülh müstəvisində ciddi addım atmaqda tərəddüd edir, vaxt qazanmağa can atır. 30 illik danışıqlar dövründə olduğu kimi erməni tərəfi yenə də özləri üçün əlverişli situasiyanın yetişəcəyinə ümid bəsləyir”.
Səkinə Babayeva bildirib ki. Azərbaycan indi yeni bir reallıq yaradıb: “Bu reallığı pozmaq mümkün deyil. Prezident İlham Əliyevin qətiyyəti sayəsində bölgədə sülh və sabitlik təmin olunacaq Zəngəzur dəhlizinin açılması ilə bu bu regionda canlanma yaranacaq. Ermənistan və onun havadarlarının Azərbaycanın şərtlərini qəbul etməkdən başqa yolu qalmayıb”.