Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti görüş keçirildi. Bu görüş ərəfəsində erməni təxribatlarına baxmayaraq danışıqlar konstruktiv müstəvidə davam edib. Təbii ki, bu cür görüşlər və sülh danışıqlarının davam etməsi üçün müsbət qiymətləndirilir. Aparılan müzakirələr sülh müstəvisində irəliyə doğru atılan addım hesab edilir.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib k, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüşün yekunlarına dair bəyanatında budəfəki müzakirələrin əhəmiyyətini müsbət qiymətləndirib: “Sayca 6-cı görüşün əsas uğurlarından biri ərazi bütövlüyü məsələsinə olan münasibət idi. Ermənistanın baş nazirinin Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini növbəti dəfə tanıdığını bəyan etməsi mühüm önəm kəsb edir. Müzakirələrdə həmçinin delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə sadiqlik elan edilib”.
Millət vəkili bildirib ki, Brüssel görüşündə ilk dəfə olaraq Qərbi Azərbaycan İcması məsələsinin yer alması mühüm siyasi-diplomatik uğurdur: “Qərbi Azərbaycanlıların cəmləşdiyi Qərbi Azərbaycan İcmasının qəbul etdiyi sülh və ləyaqətli şəkildə tarixi torpaqlara Qayıdış Konsepsiyasının məqsəd və hədəfləri artıq beynəlxalq birlik tərəfindən qəbul edilir. Məhz bu mənada bu dəfəki Brussel görüşləri də Azərbaycanın post müharibə dövründə mövqelərinin daha da möhkəmlənməsinin əyani təzahürü kimi yadda qaldı”.
Sevinc Hüseynova Brüssel görüşündə kommunikasiyaların açılması istiqamətdə müsbət dinamikadan bəhs edib: “Avropa İttifaqı dəmir yol xəttinin tikintisinə dərhal başlamaq üçün maliyyə töhfəsi verməyə hazır olduğunu bəyan etməsi prosesdə irəliləyişin olduğunu göstərir. Bu isə o deməkdir ki, Ermənistanın kommunikasiyaların açılması ilə bağlı manipulyasiya etmək imkanı qalmayıb. Ş.Mişelin açıqlamasında sülh və normallaşma üçün lazımi şəraiti təmin etmək, zorakılıq və sərt ritorikanın dayandırılması da əksini tapıb. Bu da Ermənistanın intensivləşən təxribatlara son qoymasına dair tələb kimi dəyərləndirilə bilər”.