Prezident İlham Əliyev 23 iyun tarixində Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində çıxışında çox vacib mesajlar verib. Sözsüz ki, Vətən müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılıb. Bununla yanaşı komandoların sayı gündən-günə artırılır. Bu istiqamətdə artıq bir neçə hərbi hissə fəaliyyət göstərir. Qarşıdakı dövrdə bu məqsədlə yeni hərbi hissələrin açılışı da nəzərdə tutulur. Məhz II Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq nümunələri göstərib. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, ölkəmizdə II Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət alıb: “Müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna təbii ki, böyük ehtiyac mövcuddur. İnkar edilməz tarixi reallıq odur ki, Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə baş çatıb. Amma bütün bunlara baxmayaraq Azərbaycan öz təhlükəsizliyi üçün zəruri tədbirləri bundan sonra da davam etdirir. İndiki həssas dövrdə dünyada geosiyasi vəziyyət gərginləşib. Hətta bizim mövcud olduğumuz bölgəmizdə yeni təhdidlər mövcuddur. II Qarabağ müharibəsində ağır məğlubiyyətə uğramasına baxmayaraq Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi dövlətimizin qarşısında bir nömrəli vəzifə olaraq qalır. Atılan addımlar, görülən işlər sayəsində buna nail olmaq üçün kompleks tədbirlər həyata keçirilir”.
Millət vəkili hesab edir ki, Vətən müharibəsindən sonra da Ordumuzun arsenalını daha da gücləndirmək üçün yeni silahların alınması prosesi davam edib: “Bu məqsədlə artıq bir çox kontraktlar imzalanıb. Yeni pilotsuz uçuş aparatlarının, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi prosesi həllini tapıb. Bununla yanaşı Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi həyata keçirilir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar da burada başlıca amil kimi qəbul edilir. Bu baxımdan da yeni döyüş birləşmələrinin, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biri hesab edilir. Görülən tədbirlər sayəsində bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Silahlı Qüvvələrimizdən daha güclüdür. Silahlı Qüvvələrin vahid proqram əsasında inkişafı məhz bu reallığı təmin edib. Məhz bu məqsədə xidmət edən Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılıb. Eyni zamanda Müdafiə Nazirliyinin dəniz piyadalarının sayında bir neçə dəfə artım mövcuddur və bu proses davam edir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti qurumlarının da xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılır. Atılan bu addımlar sözsüz ki, Azərbaycan ərazilərinin etibarlı şəkildə qorunması məqsədini güdür”.
Deputat vurğulayıb ki, uğurlu iqtisadi siyasət ordu quruculuğuna, yeni silahların, texnikaların alınmasına, döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılmasını təmin edən başlıca amildir: “Cari ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcəsi olduğunu nəzərə alsaq burada iki əsas istiqamət, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi ilə ölkəmizin hərbi potensialının gücləndirilməsi prioritet kimi qəbul edilib. II Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən Azərbaycan dövlətidir. Fakt odur ki, regionda proseslər Azərbaycanın təklifləri əsasında reallaşır. Bu prosesə maneə olacaq qüvvə mövcud deyil. Vaxtilə erməni işğalını əbədiləşdirmək üçün səylər göstərmiş Minsk qrupu artıq gündəlikdə yoxdur, tarixin arxivinə göndərilib. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və ölkəmiz ərazi hüdudları daxilində inzibati addımlar atır. Azərbaycan-Ermənistan şərti sərhəd istiqamətində baş vermiş hadisələr, ermənilərin yaşadıqları Qarabağ bölgəsində hərbi əməliyyatlar və iki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin qətiyyəti sayəsində mümkün olub. Sözsüz ki, atılan bu addımlar tarixi Zəfərimizin siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirilməsi deməkdir”.
Sevinc Hüseynovaya görə, bütün bunlara baxmayaraq Azərbaycan xalqı erməni vəhşiliklərini heç vaxt unutmayacaq: “İşğal dövründə şəhərlərimiz, kəndlərimiz yerlə-yeksan edilib. Tarixi abidələrimiz, müqəddəs ocaqlarımız təhqir olunub və dağıdılıb. Çox təəsüf ki, bu vəhşiliyi edən Ermənistana növbəti dəfə göz yumulur. Bəzi beynəlxalq müşahidəçilər hər gün Ermənistana səfər edən rüşvətxor Avropa məmurları və deputatları reallığı görməzdən gəlir. Amma bunlar mənasızdır. Çünki Azərbaycanın iradəsinə heç kim təsir edə bilməyəcək. Təbii ki, Ermənistanla aparılan sülh danışıqları davam edir. Çünki sülh hər iki tərəfə lazımdır. Sülh isə beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalana bilər. Ermənistan tərəfi keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Amma burada başlıca şərt bu amilin sülh sənədində öz əksini tapmasıdır. Çünki bu şərtlər qəbul edildikdən sonra Cənubi Qafqazda uzunmüddətli sülhün əldə edilməsi mümkündür. Təbii ki, burada Azərbaycanın şərtlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu məsələ üçtərəfli razılaşmada öz əksini tapıb. Ölkəmizin digər tələbi Ermənistan silahlı birləşmələrinin Qarabağ bölgəsindən çıxarılması ilə bağlıdır. Çünki erməni tərəfi bu məsələ ilə bağlı da öz üzərinə öhdəlik götürüb. Digər başlıca amil isə dünya ictimaiyyətinin artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımasıdır. Bütün bunların fonunda Azərbaycan dövləti bu gün azad edilmiş torpaqlarda geniş quruculuq işləri ilə məşğuldur. Keçmiş köçkünlər artıq öz dədə-baba torpaqlarına qayıdır. Qarşıdakı dövrdə Qarabağ və Şərqi Zəngəzurda həyat canlanacaq və bu bölgələrimiz çiçəklənən bir diyara çevriləcək”.