Artıq dünyada işçilər və işə götürənlər üçün yeni yanaşmalar tətbiq edilir. Bu mənada Avropa ölkələrinin bəzilərində 4 günlük iş sistemi mexanizmi mövcuddur. Amma insanların bu yeniliyə münasibəti elə də müsbət deyil. Araşdırmalar və keçirilən monitorinqlər göstətir ki, bu yeniliyin rəğbət görməməsinə iki mühüm amil var.
Bunu Siyasətinfoya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, iqtisadçı ekspert Səkinə Babayeva deyib.
O qeyd edib ki, bu yeniliyə yanaşmada ilk növbədə işçilərin 4 günlük iş sisteminin faydalarına hələ də əmin olmaması ilə bağlıdır: “Eyni zamanda burada ikinci prinsip 4 gün işləmək, xüsusən işçiləri az olan şirkətlərdə inzibati və təşkilati ziyana səbəb olmasıdır. Artıq bu pinsipləri praktiki olaraq tətbiq edən ölkələr də mövcuddur. Belçika ötən ilin sonunda Avropa Birliyində (AB) işçilərə həftəlik iş saatlarını 5 deyil, 4 gündə tamamlamağa icazə verən qanunu tətbiq edir. Çünki tənzimləmə ilə işçilər istəyə və işəgötürənlə razılaşdıqları təqdirdə 38 saatlıq iş həftəsini 5 gün əvəzinə 4 gündə tamamlaya bilər. Bu fürsətdən yararlana bilənlər həftə sonu 3 günlük məzuniyyət götürə və ya həftə ərzində əlavə 1 günlük məzuniyyətdən istifadə edə biləcək. Təbii ki, bu reallıq 1000-dən az işçisi olan şirkətlərdə göstərici daha aşağıdır. Bu şirkətlərdə çalışanların 45 faizi 4 gün işləməyə üstünlük verdiyi halda, sayı 1000-dən çox olan şirkətlərdə bu nisbət 75 faizə yüksəlmiş olur”.
İqtisadçı Azərbaycan da 4 günlük iş rejiminə keçidlə bağlı məsələlərin gündəmdə olduğunu söyləyib: “Fakt odur ki, Azərbaycan əmək bazarı üçün 4 günlük iş rejiminin tətbiq edilməsindən çox əmək bazarında əmək hüquqlarının qorunmasına daha çöx önəm verilir. Ümumiyyətlə isə məşğulluğun leqallaşdırılması istiqamətində islahatların daha da genişləndiriıməsi vacibdir. Bu gün, xüsusilə də işçilərin əmək hüquqlarının qorunması istiqamətində daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Burada həmçinin məşğul əhalinin rəsmi əmək müqaviləsi ilə çalışması da başlıca önəm kəsb edir. Eyni zamanda ödənilən əmək müqavilələrində əmək haqqı məbləğlərinin tam göstərilməsi kimi məsələlərin aktuallığı bu günün reallığıdır”.
Səkinə Babayeva hesab edir ki, əmək hüquqları həm də vətəndaşın pensiya və digər hüquqlarına təsir göstərir: “Bütün bu amillər Azərbaycan üçün prioritet olan əmək hüquqları ilə yanaşı əmək bazarında islahatların dərinləşdirilməsini zəruri edir. Qanunvericiliyin tələblərində Azərbaycanda 4 günlük iş rejiminə keçidlə bağlı hər hansı bir maneə mövcud deyil. Həmçinin qanunda işçinin az işləməsi ilə bağlı məhdudiyyət də yoxdur. Amma işəgötürən və bunun fonunda cəmiyyət, ümumiyyətlə biznes mühitinin buna nə dərəcədə hazır olduğu məsələsi aydınlaşmalıdır”.
Ekspert 4 günlük iş rejiminin müsbət və mənfi tərəflərinin olduğunu bildirib: “İlk növbədə 4 günlük iş həfətəsi ilə istirahət üçün insanların daha çox zamanı qalır. Bu əslində yüksək iş potensialı ortaya qoymağa imkan verir. İnsanların 4 gün işləməsi daha məhsuldar olması hesab edilir. Lakin burada 4 günlük iş həftəsinin tətbiqi ilə yəni, iş günü azaldılarsa gəlir səviyyəsi aşağı düşməsi ehtimalını da gücləndirir. Eyni zamanda burada 5 günlük, yəni həftədə 40 saatlıq iş rejimini tam şəkildə yerinə yetirilməsi məsləsinə diqqət yetirilməlidir. Çünki bir çox xidmət sektorlarında gündəlik 8 yox, 10-12 saat işləyən insanlar var”.
Qeyd edək ki, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Bakıda keçirilən “İnsan Resursları Zirvəsi 2023” tədbirində gələcək üçün ən çox təhsil, rəqəmsal ticarət və kənd təsərrüfatı sahəsində iş yerinin olacağı təqdirdə iş həftəsinin 4 günlük olması kimi məsələlərin gündəmə gələcəyini deyib”.