Şəhərlərdə taksi xidmətindən istifadə gündəlik iş və məişət məsələlərinin həllində başlıca vasitələrdən biri hesab edilir. Bu mənada ölkəmizdə xüsusəndə Bakı şəhərində sərnişin daşıma xidmətləri içərisində taksilərin rolu genişdir. Bakıda taksilərin sayı təxminən 67000-ə qədərdir. Dövrün reallığına uyğun hazırda mövcud taksi daşıyıcıları öz fəaliyyətlərinin 90%-ni onlayn platformalar, aqreqatorlar üzərində qurub. Sadəcə olaraq hazırkı mərhələdə və qanunvericilikdə bu cür fəaliyyət növü tənzimlənmir.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, taksi fəaliyyəti ilə bağlı hazırda lisenziyaların əvəzinə fərqlənmə nişanı almaq üçün istər sürücüyə, istərsə də avtomobilə münasibətdə hər hansı tələb yoxdur: “Bu sözsüz ki, bazarda rəqabəti artıran amildir. Eyni zamanda bu mövcud fəaliyyət növündə pərakəndəliyə də səbəb olur ki, burada şərait heç də günün tələbləri səviyyəsində qurulmur. Məhz bu pərakəndəliyin və ciddi nəzarətsizliyin olmaması sərnişinlərin haqlı narazılığına və bəzi hallarda isə onların təzyiq və təpkilərlə üzləşməsi ilə nəticələnir. Amma buna baxmayaraq sürücülərin peşəkarlıq səviyyəsi, onların etik davranışı ilə bağlı tədbirlər görmək mümkün olmur”.
Millət vəkili hesab edir ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliklərdə isə taksi daşıyıcıları və aqreqatorları icazə əsasında fəaliyyət göstərəcək, onların dəqiq uçotu aparılacaq: “Məhz bunun nəticəsində taksi aqreqatorları fərdi məlumatlar haqqında Azərbaycan qanunvericiliyinə riayət etməli olacaq. Bununla yanaşı taksi daşımalarında qayda pozuntuları ilə bağlı konkret inzibati tənbeh tədbirləri tətbiq olunacaq. Nəticədə taksi fəaliyyəti ilə məşğul olan və taksidən istifadə edən vətəndaşların hüquq və mənafeləri qanunla qorunacaq. Sözsüz ki, taksi fəaliyyəti ilə əlaqədar qanuna təklif edilən dəyişikliklər birmənalı qarşılanmasa da, Qanun layihəsi taksi sürücülərinin, taksidən geniş istifadə edən vətəndaşların hüquqlarının və təhlükəsizliklərinin təmin olunmasına xidmət edəcək”.
Deputat taksilərin iştirakı ilə baş verən qəzaların sayının artmasına diqqət çəkib: “Taksilərin say çoxluğu, sürücülərin ağır iş şəraiti, sürücülərin qeyri-peşəkarlığı yol-nəqliyyat hadisələrinin sayının artmasına səbəb olur. 2023-cü ilin 5 ayı ərzində Azərbaycanda taksilərin iştirakı ilə 139 yol-nəqliyyat hadisəsi baş verib və bunun nəticəsində 56 nəfər həlak olub, 18 nəfər müxtəlif bədən xəsarəti alıb. Taksilərin iştirakı ilə baş verən qəzaların isə mütləq əksəriyyəti Bakı şəhərində baş verib”.
Sevinc Hüseynova vurğulayıb ki, bu sahədə keyfiyyəti və xidmət səviyyəsini yüksəltmək üçün taksi fəaliyyəti ilə bağlı qanun çərçivəsində dəyişikliklər Milli Məclisin plenar iclasında birinci oxunuşda təsdiq edilib: “Dəyişikliklər taksi fəaliyyətində keyfiyyətin yüksəldilməsi ilə yanaşı qiymətlərin artmasına səbəb olmayacaq. Eyni zamanda taksi aqreqatorları fərdi məlumatlar haqqında Azərbaycan qanunvericiliyinə riayət etməli olacaqlar. Azərbaycanda taksi xidməti göstərən, eyni zamanda taksi xidmətlərinin təşkili, sifarişlərin idarə olunmasını həyata keçirən əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir. Bu da sözsüz ki, “Fərdi məlumatlar haqqında” qanunla ziddiyyət təşkil edir. Taksi aqreqatorları səfərlər barədə adsızlaşdırılmış məlumatları müvafiq icra hakimiyyəti orqanına ötürməli olacaqlar. Bu məlumatlar nəqliyyat planlaşdırılmasında istifadə ediləcək. Həmçinin taksi sürücülərinin iş və istirahət rejiminə nəzarət olunacaq”.
Təftiş Komissiyasının sədri neqativ halların qarşısının alınması məqsədilə taksi sürücülərinin etik davranış qaydalarına dair təlimlər keçiriləcəyini söyləyib: “Çünki son vaxtlar taksi sürücülərinin etik davranış qaydalarına əməl etməməsi, içkili halda nəqliyyata çıxması, aparılan yoxlamalar zamanı bəzi taksi sürücülərinin narkotik vasitələrdən istifadə etməsi halları aşkarlanıb. Həmçinin taksi fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşlardan müvafiq arayış tələb olunacaq. Ölkəmizdə taksi şirkətlərinin fəaliyyətinin düzgün təşkili ilə bağlı Qanunda nəzərdə tutulan dəyişikliklər sərnişinlərin təhlükəsizliyi və sürücülərinin qanuni mənafelərinin qorunmasına xidmət edəcək”.