Mən də son günlərdə Gədəbəyin Söyüdlü kənd sakinləri ilə polis arasında baş vermiş olaylara münasibət bildirmək istəyirəm. Öncə demək istərdim ki, bugün Azərbaycana dünyada ən etibarlı tərəfdaş ölkə kimi hörmət edilir və dövlətimizin sürətlə artan gücündən çox narahat olan qüvvələr var. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərlə dövlətimiz beynəlxalq aləmdə çox böyük nüfuza malikdir. Bu isə Azərbaycana qarşı fobiyası olan ermənipərəst qüvvələrdə xüsusilə dərdi başından aşan Fransa kimi ölkələri və Makron kimi dövlət başçılarını çox narahat edir və onlar ölkəmizə qarşı açıq aşkar qərəzli mövqe göstərirlər. Bu qüvvələrin məqsədi içimizdə olan, milli satqınların əli ilə regionda söz sahibi olan ölkəmizdə xaos və müxtəlif təxribat törətmək və milli birliyimizi sarsıtmaqdır.
Siyasətinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, burada baçlıca niyət dövlətimizi və xalqımızı əsas məqsədindən yayındırmaqla, Ermənistanla münasibətlərin normallaşma prosesini pozmağa və yeni bir münaqişənin yaranmasına nail olmaqdır: “Heç şübhəsiz ki, Söyüdlüdə baş vermiş hadisələrdə də bu qüvvələrin dəsti-xətti var. Etiraf edək ki, Söyüdlüdə baş verən insidentdə hər iki tərəfin də müəyyən səhfləri olub. Amma bu tərəflərin hər ikisi də bizimdir. Polis də bizimdir, uzun illərdir təcavüzkar Ermənistanla sərhəddə öz torpaqlarının keşiyində olan Söyüdlü kənd sakinləri də bizimdir. Buna görə də baş vermiş hadisəyə ancaq Azərbaycanın qanunvericiliyi çərçivəsində qiymət verilə bilər. Bu gün Azərbaycan polisinin fəaliyyətinin nəticəsidir ki, ölkəmizdə asayiş ən yüksək səviyyədə qorunur və dünyada ən güvənli və təhlükəsiz ölkə sayılır. Gecə saatlarında belə polisin bizim təhlükəsizliyimizin qarantı olduğunu bilirik. Eyni zamanda heç bir vətəndaşın ixtiyarı yoxdur ki, polisə daş-kəsək atsın. Polisə daş atmaq elə dövlətimizə, dövləti təmsil edənlərə daş atmaqdır. Söyüdlüdəki polis nəfərinin hər biri Azərbaycanlıdır və hər biri Azərbaycan qadının, anasının, bir ailənin oğludur. Vətən müharibəsi dövründə işğal altında olan torpaqlarımızın azad olunmasında Azərbaycan polisi ərazi bütövlüyümüz və dövlətçiliyimiz uğrunda qəhrəmanlıqla vuruşaraq canlarından keçdilər və şəhid oldular. Polisə daş atanlar da onları bu işə təhrik edənlər də bunu heç vaxt unutmamalıdır”.
Deputat bildirib ki, hər kəs dövlətin qanunlarına tabe olmalıdır: “Tabe olmaq istəməyən özünə yaşamaq üçün başqa ölkə seçə bilər. Əlbəttə polis də ancaq zəruri hallarda göstəriş verildiyi halda sərt tədbirlər icra edə bilər. Ola bilsin ki, baş vermiş hadisələr zamanı təhlükənin qarşısını almaq məqsədilə polis sərt tədbirlər tətbiq etmək məcburiyyətində olub. Əminik ki, baş verən olaylarla bağlı yaranmış hökümət komisiyası ən qısa zamanda ictimaiyyətə ətraflı məlumat verəcək. Amma bu olaylardan çirkli canfəşanlıqları ilə gündəmdə qalmaq istəyən Əli Kərimli və onun kimi antimilli satqınlara eləcə də, xarici qüvvələrin sifarişi ilə Söyüdlüdə baş vermiş insidenti şişirdən bəzi jurnalistlər var. Onlar da əmin olsunlar ki, çirkli arzuları və niyyətləri növbəti dəfə də ürəklərində qalacaq. Qulaqlarını açıb eşitsinlər ki, bütün dünya Azərbaycan xalqının müharibə vaxtı öz liderinin ətrafında sıx birləşərək tək yumruğa çevrilmiş məğlubedilməz milli birliyinə şahidlik edibdir. Sözsüz ki, Azərbaycan dövlətinə və dövlətçiliyinə bata bilməyənlərin, millətimizə hücum etmək cəhdləri bu dəfə də boşa çıxacaq. Qaldı ki, bu milli satqınlarımız polis zorakılığı görmək isəyirlərsə gözlərini yaxşı yaxşı açıb Fransa polisinin öz vətəndaşına qarşı törətdiyi qəddar zorakılığı seyr etsinlər. Əgər toyuq korluğu yoxdursa demokratik Avropanın düz ortasında yerləşən, Avropa Birliyinin banisi olan Fransanın üçüncü dərəcəli ölkələr adlandırdığı ölkələrdə belə fransız polisinin törətdiyi vəhşiliyin törədilmədiyini görəcəklər. Bugün Hər kəs çox gözəl bilir ki, Fransada polis zorakılığı normal hal kimi qəbul edilir və Fransız medıasında fikir də verilmir”.
Məlahət İbrahimqızına görə, daxildəki milli satqınlar da, xaricdəki antimilli qüvvələr, Fransa kimi Azərbaycanofobiyası olan ölkələr də bilməlidir ki, dövlətimiz də, millətimiz də gücü ilə birliyi yerindədir: “Eləcə də müdrik xalqımızın milli birliyi də, təmkini də yerindədir. Bu qüvvələr nə qədər gec deyilsə anlasınlar ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə üç yüz illik erməni düşmənçiliyini darmadağın edən xalqımız bü cür təxribatların da qarşısını almağa qadirdir. Mən Gədəbəy rayonunda baş vermiş olaylarda rayon rəhbərliyinin, eləcə də rayonun bütün məmurlarla bağlı münasibət bildirmək istərdim. Dövlətimizin Başçısı hər çıxışında özünü xalqın bir nömrəli xidmətçisi elan etməsi və onu real həyatda əməli olaraq həyata keçirməsi hər bir məmurun qulağında sırğa olmalıdır. Əminik ki, tezliklə baş vermiş olaylarda günahkar olan hər kəsin adekvat cəzası veriləcək”.