Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra Azərbaycana səfəri tarixi əhəmiyyət kəsb edir. Bu amil iki qardaş ölkə arasındakı əlaqələrin xarakterini bir daha nümayiş etdirir. Qardaş ölkədə prezident seçkilərindən sonra ölkə başçısı seçilən şəxsin Azərbaycana səfəri artıq ənənə halını alıb. Azərbaycanda da Prezident seçkilərindən sonra ölkə başçısının ilk səfər etdiyi ölkə qardaş Türkiyədir.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, qardaş ölkədə keçirilən prezident seçkiləri hörmətli Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə başa çatdı: “Azərbaycanda da çox hörmətli Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsi böyük sevinclə qarşılanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkidən sonra Azərbaycana səfəri məhz bu konteksdə daha çox diqqəti cəlb edirdi. Prezident İlham Əliyevin cari ilin 13 iyun tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar birgə keçirilən bəyanatda vermiş olduğu mesajlar da olduqca önəmlidir”.
Deputat bildirib ki, bu iki qardaş ölkənin birliyini ifadə edən açıq mesajlar idi: “Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Bu günə qədər əldə edilmiş bütün uğurların kökündə Azərbaycanla Türkiyə arasındakı qardaşlıq əlaqələri dayanıb. İki qardaş ölkə arasında imzalanmış tarixi Şuşa Bəyannaməsi bu baxımdan vacib əhəmiyyət kəsb edir. Bu tarixi Bəyannamə Azərbaycanla Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərini rəsmən müttəfiqlik səviyyəsinə yüksəltmiş olub. Əslində Şuşada iki qardaş ölkə arasında imzalanan Bəyannamə rəmzi xarakterə malikdir. Şuşa Qarabağın tacı olmaqla yanaşı II Qarabağ müharibəsində son nöqtənin qoyulduğu tarixi ərazidir”.
Millət vəkili hesab edir ki, bu gün Azərbaycanla Türkiyə əməkdaşlığı bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir: “İki qardaş ölkə xarici siyasət sahəsində vahid mövqedən çıxış edir. Eyni zamanda bölgədə inkişaf, sabitlik və təhlükəsizlik baxımından Türkiyə-Azərbaycan birliyi təsirli rola malikdir. Həmçinin Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi hərbi, müdafiə sahəsində sıx əməkdaşlıq mövcuddur. Azərbaycan Ordusunun Türkiyə modeli əsasında inkişafı, bununla yanaşı müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq planları var. İndiki şəraitdə güc amilinin ön plana çıxdığını nəzərə alsaq bu olduqca önəmlidir. Çünki beynəlxalq hüquq işləmir. Azərbaycan bunun acı nəticələrini 30 illik işğal dövründə yaşayıb. Nəticədə, Azərbaycan öz hərbi gücünə tarixi ədaləti bərpa edib və Ermənistanın işğal faktına son qoyub”.
Aqil Məmmədov Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcminin sürətlə artdığını və artıq 6 milyard dollara yaxınlaşdığını söyləyib: “Həyata keçirilən layihələr xüsusilə enerji sahəsində Azərbaycandan Türkiyəyə təbii qaz ixracının ildən-ilə artması ilə bağlı hədəflər də olduqca böyükdür. Bununla yanaşı ticarət dövriyyəsinin həcminə mühüm təsir edəcək amillərdən bir də Azərbaycan ərazisində mövcud olan nəqliyyat və logistika imkanlarının mövcudluğudur. Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir. Məhz bu reallıq tarixi Zəngəzur dəhlizinin açılmasını qaçılmaz edir. Azərbaycanla Türkiyənin bu istiqamətdə birgə atdığı addımlar dəhlizin açılmasına mühüm zəmin yaradacaq”.