Milli qurtuluşa aparan yolda baş verənləri gözlərimiz önündə canlandırır və bizə tariximizi vərəqləməyi diqtə edir. XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşdi. Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki səriştəsizliyi mərd oğul və qızlarımızın qanı bahasına bərpa edilmiş müstəqilliyimizi addım-addım uçuruma yaxınlaşdırırdı. Bir tərəfdən ölkədə tez-tez baş verən hakimiyyət dəyişikliyi, sərhədlərin müdafiəsinin unudulması, digər tərəfdən ayrı-ayrı şəxslərə xidmət edən qeyri-qanuni silahlı birləşmələrin respublikamızda xof yaratması və qanunlara tabe olmaması, o cümlədən ölkədə yaranmış hakimiyyətsizlikdən istifadə edib torpaqlarımızı hissə-hissə zəbt edən Ermənistan ordusunun törətdiyi vəhşiliklər Azərbaycanı parçalanmaq həddinə çatdırırdı.
Həmin dövrdə hakimiyyəti qeyri-qanuni yolla ələ keçirmiş AXC-Müsavat cütlüyü ziyalıları, tanınmış ictimai-siyasi xadimləri, həmçinin ağsaqqalları, elm adamlarını yaxına buraxmır, onlarla məsləhətləşmir və hakimiyyəti özlərinin zəif təfəkkürləri ilə “idarə edirdilər”. Bu cütlüyün vəzifəyə təyin etdiyi şəxslər, əsasən, savadsız, dövlət idarəçiliyində heç bir təcrübəsi olmayan, əsas amalı var-dövlət toplamaq olan naşı adamlar idi. Vəziyyət getdikcə ağırlaşırdı. Qanunlara tabe olmayan ayrı-ayrı şəxslər ətraflarına topladıqları qeyri-qanuni silahlı birləşmələrlə hakimiyyəti ələ keçirmək üçün min bir oyundan çıxırdılar.
“AXC-Müsavat iqtidarının ölkəyə kor-koranə rəhbərliyi…”
1993-cü ilin iyun ayında müstəqilliyini yenicə bərpa edən Azərbaycan xalqı sovet ittifaqinin əsarətindən qurtulduğu üçün sevinməyə macal tapmamış fəlakətə sürükləndi. AXC-Müsavat iqtidarının ölkəyə kor-koranə rəhbərliyi respublikamızı kiçik xanlıqlara bölür və bununla da Azərbaycan dünya xəritəsindən silinmək ərəfəsinə yetişirdi. Xalqın taleyini yalnız öz maraqlarını güdən, “kreslo” davasına çıxan naşı adamlar həll edirdi.
“Ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət”
Azərbaycan idarəolunmaz vəziyyətə çatmış ölkəyə çevrilirdi. Hakimiyyətdə olanların ölkənin tanınmış ictimai-siyasi xadimlərinə güvənməsi əvəzinə xarici ölkələrdəki himayədarları ilə məsləhətləşmələri xalqla iqtidar arasında uçurum yaradırdı. Xalqın narazılıqlarına əhəmiyyət verməyən AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək, respublikamıza faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdı. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı və suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu dövlətlərlə düşmən etmişdi və respublikanı təcrid vəziyyətə salmışdı. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi.
“Gəncədə baş verənlər ölkədə vəziyyətin təhlükəli həddə çatmasının əsas sübutu idi”
1993-cü ilin 4 İyun hadisələri vəziyyəti daha da gərginləşdirdi. AXC-Müsavat iqtidarının Milli Qəhrəman səviyyəsinə yüksəltdiyi, korpus komandiri Surət Hüseynov hakimiyyətə tabe olmur, öz əqidə yoldaşları ilə birlikdə iqtidara meydan oxuyurdu. O, hakimiyyətin istefasını tələb edir, ölkədə birincliyi öz əlinə almaq isyəyirdi. Gəncədə baş verənlər ölkədə vəziyyətin təhlükəli həddə çatmasının əsas sübutu idi. O vaxtkı hakimiyyətin səriştəsizliyi, baş alıb gedən siyasi xaos ölkəni vətəndaş müharibəsi ilə üz-üzə qoydu. İqtidarın Surət Hüseynovu və rəhbərlik etdiyi hərbi birləşməni tərksilah etmək üçün göndərdiyi silahlı qüvvələr ağır məğlubiyyətə uğradı. Qardaş qanı axıdıldı, günahsız insanlar qətlə yetirildi. Vəziyyət daha da ağırlaşdı və ölkə vətəndaş müharibəsi həddinə çatdı.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi.
Cəmiyyətin bütün təbəqələri əmin idilər ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət dövlət idarəçiliyində zəngin təcrübəsi olan, dünya şöhrətli siyasi xadim Heydər Əliyev ola bilər. Əslində, bu istək bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, xalq ölkəni fəlakətdən qurtarmaq üçün ulu öndər Heydər Əliyevə müraciət etdi.1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, respublikamızın taleyində dönüş anı oldu. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
“Bu təhdidlərin, təhlükələrin heç biri Heydər Əliyevi qərarından döndərə bilmədi”
Xalqın təkidi ilə Naxçıvandan Bakıya gələn ulu öndər əvvəlcə Gəncəyə gedib baş verən hadisələrlə yerində tanış olmağı qərara aldı. “Əminik ki, Gəncə hadisələri diqqətlə araşdırılacaq, mübahisəli məsələlər bütün Azərbaycan xalqının mənafeyi, milli dövlət quruculuğu naminə danışıqlar, qarşılıqlı anlaşma və sülh yolu ilə həll ediləcək” söyləyən ulu öndər Gəncəyə yollanmaqla əsl həqiqəti öyrənməyə çalışdı. Bu səfərin çox təhlükəli olduğu hamıya bəlli idi. Hətta, hakimiyyət hərisləri ulu öndərə qəsd də edə bilərdilər. Ancaq bu təhdidlərin, təhlükələrin heç biri Heydər Əliyevi qərarından döndərə bilmədi. Ümummilli lider Gəncəyə yollandı. Gəncəlilər xilaskar lideri böyük hörmət və ehtiramla qarşıladlar.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Xalqımızın taleyində böyük əhəmiyyəti olan günlərdən biri də məhz tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə verildi. Ulu öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu, beynəlxalq aləmə inteqrasiya olunmağa başladı və dost qonşu dövlətlərlə əlaqələr tədricən bərpa olundu. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü bayram elan etdi.
Prezident İlham Əliyev Milli Qurtuluş Gününü Azərbaycan tarixində dönüş nöqtəsi adlandırıb. Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır.
“Dövlətçilik tariximizin şanlı qürur səhifəsi olan 1993-cü ilin 15 iyun”
Dövlətçilik tariximizin şanlı qürur səhifəsi olan 1993-cü ilin 15 iyunu, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq, tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin möhkəmləndirilməsı, qurtuluşu deməkdir.
Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etməklə müstəqilliyimizi qorudu və əbədiləşdirdi. Respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı, xalqın ciddi narahatlığına səbəb olan qeyri-qanuni silahlı birləşmələri zərərsziləşdirdi, ordudakı pərakəndəliyi aradan qaldırdı və vahid ordu formalaşdırdı. Tədricən iqtisadi sahədə əsaslı dönüş yaratdı, dayanıqlı inkişafın təməlini qoydu. Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Ümummilli lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
Həmin vaxt möhkəm təməllər üərində qurulmuş sabitlik Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi. Möhtərəm Prezidentimiz ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı istiqamətində bütün imkanlardan istifadə etdi və Azərbaycanı dünyada sülh tərəfdarı, Ermənistanı isə işğalçı ölkə kimi tanıtdı. Bu illər ərzində möhtərəm Prezidentimizin qarşıya qoyduğu prioritet vəzifə ordu quruculuğunu daha da inkişaf etdirmək idi. Dövlət başçımız qarşısına qoyduğu məqsədə nail oldu. Məhz ulu öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır.
2020-ci il sentyabrın 27-də Ermənistan ordusu sərhədboyu ərazilərimizdə təxribatlar törədərək, ölkəmizə müharibə elan edən zaman qarşılarında güclü Azərbaycan Ordusunu gördü. Cəmi 44 gün davam gətirə bilən Ermənistan silahlı qüvvələri darmadağın edildi və təslim oldu. Rəşadətli ordumuzun qazandığı tarixi Qələbə Azərbaycanın dünya birliyindəki nüfuznu daha da yüksəltdi.
“Azərbaycan ulu öndər Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib”
Azərbaycan ulu öndər Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib. Ölkəmiz Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş, dünyada söz sahibi olan Azərbaycandır.
Məlahət İBRAHİMQIZI,
Milli Məlisin deputatı