Azərbaycan xalqının Milli Qurtuluş günü tarixində Türk Dünyasının Mədəniyyət paytaxtında iki qardaş ölkə arasında imzalanan müttəfiqlik haqqında Bəyannamə mühüm önəm kəsb edir. Bu mənada 2021-ci il 15 iyun tarixində Azərbaycanla qardaş Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması tarixi bir hadisədir. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin qardaşlığını dünyaya bəyan edən bir mesajdır. İki qardaş ölkə arasında mövcud olan yüksək münasibətlər keyfiyyət və məzmun baxımından yeni bir mərhələyə yüksəldi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoymaqla yanaşı daha geniş spektorda əlaqələrin inkişafına zəmin yaradacaq.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
O qeyd edib ki, iki qardaş ölkə arasında inzalanan Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırıb: “Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi hesab edilir. Çünki Şuşa Bəyannaməsinin imzalanması ilə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək. Sözsüz ki, Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri mövcuddur. Həmçinin Şuşa Bəyannaməsi sülhə və inteqrasiyaya yeni və əhatəli sülhə yol açır. Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Təbii ki, Bəyannamənin iqtisadi əhəmiyyəti də olduqca böyükdür. Bu azad edilmiş ərazilərə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq. Bununla da Şuşa və Şuşa ətrafı bölgələrdə yeni gözəl turizm imkanları formalaşacaq. Təbii ki, Bəyannamə ölkəmizin beynəlxalq nüfuzunu da daha da artırmış olur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzuna mübət təsir göstərəcək”.
Professor hesab edir ki, tarixi Şuşa Bəyannaməsi strateji əməkdaşlığın perspektivini təmin etməklə əlaqələrdə yeni üfüqlər açmış olur: “Bu ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Eyni zamanda Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Tarixi Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Məhz bu tarixi bağlar və reallıq odur ki, hər zaman birlikdə olan iki qardaş dövlət işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də sıx əməkdaşlıq edir. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycanla Türkiyənin sıx əməkdaşlığı mövcuddur. Sözsüz ki, ölkəmizin Zəngəzur dəhlizi ilə bağlı böyük geosiyasi və iqtisadi hədəfləri var. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi artıq reallığa çevrilir”.
Millət vəkilinə görə, Şuşa Bəyannaməsində əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsidir: “İqtisadi əməkdaşlıq sahəsində perspektivlərin daha ümidverici olmasını sübut edən amillərdən biri də Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması ilə bağlıdır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında daha geniş fəaliyyət göstərəcəklərinə bir işarədir. Bütün bunlarla yanaşı iki qardaş ölkə arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq. Bu bir reallıqdır ki, II Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıb. Artıq Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə addımlar atılacaq”.
Eldar Quliyev bildirib ki, Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin tarixi rəmzi mənası olduqca böyükdür: “Prezident İlham Əliyev bu Bəyannamənin önəmindən bəhs edərkən onu tarixi Qars müqaviləsi ilə müyaqisə edib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır. Bütün bunlar iki qardaş ölkə arasında region və dünya üçün örnək ola biləcək yanaşmalar və nümunələrdir. Azərbaycan və Türkiyə ortaya bir dostluq, qardaşlıq nümunəsi qoymaqla regional və qlobal miqyasda əməkdaşlığı təşviq edir. Azərbaycan və Türkiyə Prezidentlərinin təklif etdiyi 6 dövlət konsepsiyası məhz qarşılıqlı inkişafı, əlaqələrin bu müstəvidə xarakterini müəyyənləşdirir. Məhz bu konteksdən çıxış edərək Azərbaycan-Türkiyə qardaşlığının iki dövlət üçün yüksək əlaqələri formalaşdırmaqla region üçün də mühüm perspektivlər açır”.