Erməni tərəfinin son təxribatları daha çox diqqəti cəlb etmək üçün atılan addımlardır. II Qarabağ müharibəsində döyüş meydanında ağır şəkildə məğlubiyyətə uğrayan Ermənistan ordusunun bundan sonra hansısa hərbi müstəvidə güclü Azərbaycan Silahlı Qüvvələrinə qarşı duruş gətirməsi mümkün deyil. Sadəcə olaraq bu cür xırda təxribatlarla Ermənistanın hərbi-siyasi rəhbərliyi öz ictimaiyyətinin fikrini yayındırmaq, daha çox havadarlarının diqqətini cəlb etmək niyyəti güdür. Onların bu cür təxribatları törətməkdə məqsədi münaqişənin bitməməsi ilə bağlı görüntü yaratmaqdan ibarətdir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan-Ermənistan şərti dövlət sərhəddində, həmçinin rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni silahlılarının davamlı olaraq təxribatlara əl atması məhz bu məqsədlərə xidmət edir: “Eyni zamanda tərəflər arasında baş tutması planlaşdırılan hər görüş öncəsi də Ermənistan tərəfindən bu cür təxribatlar törədilir. Məqsəd prosesi yubatmaq, sülh müqaviləsi ilə bağlı məsələləri qeyri-müəyən vaxta qədər təxirə salmaq və beləliklə vaxt qazanmaqdır”.
Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin Laçında Qarabağda hələ də öz mövcudluğunu qorumağa çalışan separatçılarla bağlı etmiş son xəbərdarlıq da onları təşvişə salıb: “Azərbaycan Prezidenti beynəlxalq hüququn norma və prinsiplərinə, dünyada qəbul edilmiş qaydalara uyğun olaraq separatçılara çağırış etdi. Əslində bu Azərbaycan dövlətinin növbəti hümanistliyi, sülhdən yana olduğunu göstərən mühüm faktordur. Çünki hazırkı mərhələdə separatizmə, terrora qarşı mübarizə dövlətlərin qarşısında dayanan ən mühüm vəzifədir. Bu baxımdan Azərbaycan dövlətinin ortaya qoymuş olduğu mövqe separatçıları və onlara havadarlıq edənləri ciddi təşvişə salıb”.
Aqil Məmmədova görə, Fransa kimi dövlətlər isə separatçıların bu təxribatından öz çirkin kampaniyaları üçün yararlanmağa çalışır: “Azərbaycanın qanuni olaraq öz ərazisində və sərhəddində yaratmış olduğu inzibati qaydalara qarşı çıxanlar Ermənistanla, Fransa ilə eyni mövqeni bölüşür. Sözsüz ki, bütün bunların Azərbaycanın müəyyənləşmiş strategiyasına heç bir təsiri yoxdur. Bu gün Azərbaycan özünün dünya birliyində olan mövqeyini möhkəmləndirməklə yanaşı qlobal təşəbbüslərin təşəbbüskarı və icraçısı kimi böyük nüfuza malikdir. Avropanın indiki həssas dönəmdə enerji təhlükəsizliyində başlıca rola malik olan Azərbaycan regionda sülhə və təhlükəsizliyə təhdid yaradan bütün amillərin qısa zamanda aradan qaldırılmasına nail olacaq”.