İsrail dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir. Bu səfər həmçinin ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrinin bariz nümunəsidir. Sözsüz ki, bu səfər ikitərəfli əlaqələri gücləndirəcək. İki ölkə arasında çox fəal siyasi dialoqun mövcudluğunu nəzərə alsaq əlaqələrin daha geniş spektorda inkişafında bu səfərin müsbət təsiri olacaq.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan-İsrail münasibətlərinin indiki səviyyəsi əməkdaşlıq və əlaqələrimizin tarixində əlamətdar hadisədir: “Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələrin bundan sonra daha yüksək səviyyəyə qaldıracaq. Eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar formalaşacaq. Azərbaycanla İsrail arasındakı ticarət dövriyyəsinin həcmi 1,7 milyard dollardan çoxdur ki, bu da növbəti illərdə ticarət dövriyyəsinin şaxələndirilməsi ilə bağlı nəzərdə tutulan strategiyanın reallaşmasında mühüm amildir. Eyni zamanda planlaşdırılan birgə layihələr nəticəsində daha balanslaşdırılmış ticarət dövriyyəsi yaranacaq. Burada münasibətlər heç də təkcə enerji amilindən asılı olmayacaq. İki dövlət arasında mövcud olan etibarlı əməkdaşlıq burada mühüm önəm daşıyır. Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqla yanaşı enerji sahəsində də sıx əməkdaşlıq mövcuddur. Burada həmçinin interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur”.
Deputat Azərbaycan İsrail münasibətlərində perspektiv əməkdaşlıq istiqamətlərinin xarakterindən bəhs edib: “Qarşıdakı dövrdə iki ölkə irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdıracaq. Ölkəmiz bu məsələdə İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirməyi planlaşdırır. Hazırkı dönəm üçün iki ölkə arasında yeni əməkdaşlıq sahələrindən biri kibertəhlükəsizliklə bağlıdır. Artıq bu istiqamətdə fəal təmaslar yaradılıb. Çünki indiki şəraitdə kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm elementi hesab olunur. Həmçinin Azərbaycanla İsrail arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Ölkəmizin müdafiə sənayesi sahəsində İsrailin müasir avadanlıqlarına çıxışı var. Bu ölkəmizin müdafiə qabiliyyətini müasirləşdirməyə kömək edir. Bununla da dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaranır”.
Millət vəkili əlaqələrdə yaranmış dinamikanın qarşılılıqlı turist axınının səviyyəsinə də müsbət təsirinin olacağını söyləyib: “Azərbaycanla İsrail arasında uçuşların sayının artırılması ilə bağlı razılıq var. Çünki hər iki ölkənin ictimaiyyəti arasında tarixi əlaqələrə əsaslanan dostluq mövcuddur. Əsrlər boyu Azərbaycanda sülh və dostluq şəraitində yaşayan yəhudi icmasının mövcudluğu burada mühüm önəm daşıyır. Buradakı yəhudi icması ilə, İsraildə yaşayan azərbaycanlılar iki ölkə arasında canlı və əbədiyaşar körpü hesab olunur. Hətta Azərbaycanda yaşayan yəhudilər ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılarla birgə çiyin-çiyinə vuruşublar. İsraildə yaşayan azərbaycanlılar da ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayıb. Fakt odur ki, dünya azərbaycanlılarının diaspor təşkilatları mövcud olsa da İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir”.
Sevinc Hüseynova bildirib ki, Azərbaycanda yaşayan yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olub: “Ölkəmizdə bu gün də yəhudi icmasının fəaliyyəti göz önündədir. Bu olduqca önəmli bir məsələdir. Çünki mədəni körpülərin ikitərəfli strateji əməkdaşlığa töhfəsi çox vacibdir. Bütün bunlar Azərbaycan İsrail münasibətlərinin xarakterini müəyyənləşdirir. 30 may tarixində Prezident İlham Əliyevin və İsrail dövlətinin prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı”nın imzalanması hərtərəfli inkişafda mühüm göstərici hesab olunur”.