Mayın ayının 28-ində Azərbaycan öz müstəqilliyinin 105 -ci ildönümünü təntənəli şəkildə qeyd etdi. Bu tarix işğaldan azad olunmuş Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı baxımından da əlamətdar bir gün oldu. Beləliklə 28 May ikiqat bayrama çevrildi. Sözsüz ki, Prezident İlham Əliyevin 28 May-Müstəqillik gününü Laçın rayonunda laçınlılarla birlikdə qeyd etməsi təsadüfi olmamaqla yanaşı, xüsusi rəmzi məna daşıyır. Laçın rayonu 31 il öncə may ayında işğala məruz qalmışdı. Bu mənada məhz, otuz bir il sonra may ayında laçınlıların doğma torpaqlarına qayıtması hər bir azərbaycanlının qəlbində sonsuz sevinc və qürur hissi oyatdı.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edibki, Böyük Qayıdışın növbəti mərhələsi çərçivəsində Laçın rayonun sakinlərinə evlərinin açarlarının Prezident tərəfindən təhvil verilməsi zaman, məzmun baxımından mühüm əhəmiyyət kəsb edir: “44 günlük Vətən müharibəsindəki tarixi qələbəyə qədərki danışıqlar dövründə Laçın Azərbaycan üçün ən prinsipial məsələlərdən olub. Çünki erməni tərəfi və onun havadarları danışıqlar prosesində digər rayonların qaytarılmasına “razılıq” versələr də Laçın rayonunu heç vaxt güzəştə getməyəcəklərini bildirirdilər. Bütün bunlara baxmayaraq, Prezident İlham Əliyevin sarsılmaz siyasi iradəsi və xalqın birliyi nəticəsində Vətən müharibəsində qazanılan hərbi-siyasi qələbə düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Nəticədə, Laçın rayonu bir güllə atmadan siyasi yolla işğaldan azad olundur. Və bu gün dövlətimiz işğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi Laçında da bərpa-quruculuq işlərini uğurla həyata keçirir. Artıq Laçına birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürülüb. Hazırda məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir”.
Millət vəkili Laçın rayonunun işğala məruz qaldığı tarixi şəraitə xüsusi diqqət çəkib: “Laçın rayonunun işğal altına düşməsi Azərbaycan üçün böyük faciə idi. Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaradılmışdı. Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanırdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı və hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə əl atmaqdan çəkinmirdi. Şuşa, Laçın demək olar ki, düşmənə təhvil verilmişdi. Bu işğalın bütün məsuliyyəti həmin dövrdə hakimiyyətdə olan səriştəsiz “siyasətçilərin” üzərinə düşür. Hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü. Həmin dövrdə tarixi torpaqlarımızın düşmən işğalı altına düşməsi, ölkədə hökm sürən hərc-mərcilik, iqtisadi-siyasi tənəzzül xalqın belini bükmüşdü. Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, ölkəmiz inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu. 1993-cü ilin oktyabr ayından Ulu Öndər prezident vəzifəsinə seçiləndən sonra bu günə qədər Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib”.
Tamam Cəfərova Prezidentin Laçın şəhərində çıxışında toxunduğu mühüm məqamlardan bəhs edib: “Vurğulanıb ki, Qarabağda yaşayan ermənilər üçün yeganə yol Azərbaycan vətəndaşlığını qəbul edib, ölkə qanunlarına tabe olmaqdır. Ölkə başçısı da bildirib ki, “Miatsum”, separatizmin kitabı bağlandı. “Müstəqillik” xülyası “statusun” dalınca getdi”.
Artıq Azərbaycanın haqlı mövqeyi ilə demək olar ki, bütün beynəlxalq təşkilatlar razılaşırlar. Faktiki olaraq, artıq nə müstəqllikdən, nə də muxtariyyətdən heç kəs söhbət açmır. Bütün bunlar Prezident İlham Əliyevin simasında Azərbaycan dövlətinin ortaya qoyduğu qətiyyətli mövqeyin nəticəsində mümkün olur”.