Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə tarixinin ən şərəfli və qürurverici mərhələsini yaşayır. Fakt odur ki, 2-ci dünya savaşından sonra ərazi münaqişələri zəminində mövcud olan heç bir müharibə hələ həll edilməyib. Bu reallıq fonunda ermənilərin Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddiasıni xüsusi ilə qeyd etmək olar. Məhz ermənilərin bu təcavüzkar niyyətinin nəticəsi olaraq 30 ilə yaxın Azərbaycanın 20 faiz ərazisi işğalda saxlanıldı. Azərbaycan Liderinin qətiyyəti, Ali Baş Komandan kimi əzmi və iradəsi sayəsində 30 ilə yaxın Ermənistanın işğalında saxlanılan ərazilərimiz azad edildi. 44 günlük Zəfər savaşında Azərbaycanın hərbi və diplomatik qüdrəti ilə təmin olunan ərazi bütövlüyümüz ölkəmizin iqtisadi gücünün nümayişi olaraq işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri, eyni zamanda meqalayihələrin həyata keçirilməsi fonunda bütün dünyaya təqdim olunur.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev malik olduğu nüfuza, təcrübəyə, zəngin bilik və təcrübəyə görə bölgəmizdə aparılan işləri birbaşa nəzarətdə saxlaması həmin prosesin uğurunun başlıca təminatıdır: “44 günlük Vətən müharibəsində dünya həm də erməni vandalizminin 30 illik işğal ərzində Azərbaycan torpaqlarının necə viran edilməsinin şahidi oldu. Belə ki, vaxtilə həm sənaye, həm aqrar, həm də insan potensialı ilə bütövlükdə Qafqazın gözü sayılan bu bölgədə daş-daş üstə qalmamışdı. Torpaqların azad olunmasından sonra dünyada hökm sürən qlobal iqtisadi böhran və qeyri-sabit siyasi durumu nəzərə alan analitiklər bu bölgədə böyük layihələrin həyata keçirilməsi bir yana, insanların məskunlaşmasını belə yaxın onillik üçün real görmürdülər. Zəfər savaşında xalqın Müzəffər Ali Baş Komandanı kimi düşmənə “Dəmir yumruq” zərbəsini endirən və mükəmməl siyasi bacarıqla Azərbaycan həqiqətlərini dünyaya qəbul etdirən Prezident İlham Əliyev bu məsələdə də bütün bədbin proqnozları darmadağın etdi”.
Deputat hesab edir ki, bu gün Füzuli və Zəngilan aeroportları bölgənin strateji nöqtələrindən biridir: “Şuşa bütövlükdə Türk dünyasının siyasət və mədəniyyət mərkəzi rolunu oynayır. Hazırda Şərqdən Qərbə böyük tranzit yolun Azərbaycan hissəsinin tikintisi başa çatdırılıb. Zəngilanın Ağalı kəndi tam müasir tələblərə uyğun inşa olunub və burada azərbaycanlı ailələr məskunlaşıb. Bütün bunlar, sözün həqiqi mənasında, Zəfər savaşının qələbəsi qədər əhəmiyyətlidir və dövlətimizin qüdrətini təsdiqləyən faktlardır. Bu möcüzəyə bərabər yüksəlişin müəllifi, heç şübhəsiz, dövlət başçısı İlham Əliyevdir. İşğaldan azad olunmuş ərazilərə Prezidentin müntəzəm səfərləri bu həqiqətin təsdiqidir”.
Millət vəkili bildirib ki, 28 May Respublika Günündə də xalqımız və dünya daha bir əlamətdar hadisəyə şahidlik etdi: “Otuz illik qaçqınlıq həyatına son qoymuş laçınlıların bu əlamətdar tarixi gündə Laçına ilk qayıdış həyata keçirildi. Prezident İlham Əliyev doğma yurdları, isti ocaqları olan Laçın şəhərinə qayıdan bu torpağın əzəli və əbədi sakinləri ilə görüşərək, “Böyük Qayıdış” Proqramının tərkib hissəsi olaraq evlərin vətəndaşlarımıza təqdim olunması mərasimində şəxsən iştirak etdi. İşğaldan azad olunmuş bütün ərazilərlə bərabər Laçında da görülən kompleks işlər, bərpa-quruculuq işləri keçmiş qaçqın soydaşlarımızı, eləcə hər birimizdə dövlətimizə və onun rəhbərinə sonsuz minnətdarlıq hissi yaradıb. Qeyd etmək lazımdır ki, 7-8 ay ərzində Laçında 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış, 9-u isə çoxmənzilli binadır. Səfər zamanı həmçinin sakinlərlə görüşdə Prezidentin verdiyi mesajlar da xüsusi diqqət çəkib.
Doğma yurdlarına geri dönmüş Laçın rayon sakinləri ilə görüşən möhtərəm Prezidentimiz qeyd etdi ki, torpaqlarımız işğal altında olduğu zaman bizə təzyiqlər, hədələr göstərirdilər ki, biz bu işğalla barışaq. Ancaq iradəmiz onların bütün planlarını alt-üst etdi. Münaqişədən əvvəl onlar beş rayonu bizə qaytarmaq, əvəzində iki rayonu əbədi nəzarətdə saxlamaq istəyirdilər. Amma biz bir kəndi də güzəştə getmək fikrində deyildik və bunu sübut etdik. Prezident bir daha bəyan etdi ki, bizim üçün Azərbaycanın hər qarış torpağı əzizdir, doğmadır və torpaqdan pay ola bilməz. Bu mənada Prezident İlham Əliyevion Kəlbəcər və Laçın rayonlarına səfəri bir daha dövlətimizin hərbi, iqtisadi və diplomatik gücü kimi yadda qaldı. Bu səfər zamanı görülən işlərin təqdimatı və yeni layihələrin təməlinin qoyulması Azərbaycan Prezidentinin ölkəmizin regionun lider dövlət statusunu hər addımda möhkəmləndirdiyini göstərdi”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Laçın rayonuna səfəri çərçivəsində Müzəffər Ali Baş Komandan laçinlilarla görüşü zamanı Xankəndində yaşayan ermənilərə və onların daxildən və xaricdən olan havadarlarına da sərt və açıq mesajlar göndərdi: “Erməni millətçilərinin uydurduğu “Miatsum” hərəkatına toxunan ölkə başçısı onları revanşizmə son qoymağa çağırdı. Diqqətçəkici məqamlardan biri də odur ki, Prezident Azərbaycanın bir qarış torpağını heç vaxt, heç kəsə güzəştə getməyəcəyini bildirərək, Xankəndinin erməni sakinlərini Azərbaycan qanunlarına tabe olmağa və ona riayyət etməyə çağırdı”.