Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin 100 illiyində mədəniyyət paytaxtı Şuşadan xalqa müraciət etməsi xüsusi rəmzi məna daşıyır. Üç il öncə Şuşanın işğaldan azad olunduğunu Azərbaycan xalqına elan edərkən Prezident İlham Əliyev vurğulamışdır ki. “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim…” Bu baxımdan, Ümummilli Liderin 100 illiyyində Prezidentin Şuşadan xalqa müraciəti siyasi rəhbərin mənəvi hesabatı idi. Bu eyni zamanda Ulu Öndərin əziz xatirəsinə və eləcə də vəsiyyətinə dərin hörmət və ehtiramın ən ali səviyyədə verilən yüksək dəyərin göstəricisi idi.
Bunu Siyasətinfoya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev Şuşadan xalqa etdiyi müraciətində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərinə diqqət çəkib: “Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna uyğun olaraq Azərbaycanın ötən illərdə keçdiyi inkişaf yolunun xarakterindən bəhs edilib. Müstəqilliyimizin ilk illərində Azərbaycanın düşdüyü bəlalardan bəhs edilib. 90-cı illərin əvvəllərində hakimiyyətdə olanların ancaq şəxsi mənafelərini düşündüyü qeyd edilib. Ölkədə talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya ilə yanaşı torpaqlarımız erməni işğalçıları tərəfindən təcavüzə məruz qaldığı vurğulanıb. Şuşa məhz 1992-ci ilin may ayında milli xəyanət və satqınlıq nəticəsində Ermənistana təhvil verilmişdi. Faktiki olaraq isə Şuşa işğal olunandan sonra Laçının taleyi də böyük təhlükə altında idi. Ermənistan tərəfindən Şuşanın təcavüzə məruz qalmasından 10 gün sonra Laçın da işğal olunmuşdu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. AXC-Müsavat hakimiyyəti Ermənistana yanacaq satır, ölkəni mövcud ağır durumdan xilası üçün heç bir təsirli addım atmırdı. Belə bir şəraitdə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin simasında nicat yolunu görürdü. Xalqın istəyi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə vətəndaş müharibəsinə, qardaş qırğınına son qoyuldu. Zəruri addımlar atıldı və bununla da Azərbayan sürətli inkişaf yoluna qədəm qoydu.
1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” ilə ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsinin əsası qoyuldu. Ulu Öndər Heydər Əliyevin neft strategiyası məhz bu gün imkan verir ki, Azərbaycan Qarabağı, Zəngəzuru yenidən qursun. Sözsüz ki, 1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt Azərbaycanın bugünkü iqtisadi qüdrətinin əsasını təşkil edir. Artıq, bütün dünya Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu qəbul edir. Təbii ki, qazanılan bütün uğurların əsasında Heydər Əliyev strategiyası, Onun uzaqgörən siyasi kursuna sadiqlik dayanır. Azərbaycan Heydər Əliyev yoluna sadiqliyi nəticəsində dövlət müstəqilliyini daha da möhkəmləndirməklə yanaşı, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin edib. Ölkəmiz öz maliyyə resursları, maddi imkanları ilə Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur, sosial islahatlar uğurla davam etdirir”.
Səkinə Babayeva hesab edir ki, bu gün ölkəmizdə Ulu Öndər Heydər Əliyev strategiyası uğurla davam etdirilir: “Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində bu gün Azərbaycan özünün ən güclü və qüdrətli dövrünü yaşayır. Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda ardıcıl, dinamik bərpa-quruculuq işlərini həyata keçirir. Bu gün Azərbaycanda bütün sahələrdə dinamik inkişaf özünü göstərir. Ulu Öndərin vəsiyyətini yerinə yetirərək, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi missiyanı ləyaqətlə yerinə yetirdi. Sözsüz ki, ulu öndər Heydər Əliyev strategiyasının məntiqi davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün ərazi bütövlüyünü suverenliyini təmin etmiş ölkə kimi regional və qlobal miqyasda aparıcı mövqeyə sahibdir. Bu gün regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə reallaşmır. Bütün bu amillər Azərbaycanın yaratmış olduğu yeni reallığın xarakterinin açıq təzahürüdür. Həyata keçirilən uğurlu siyasət əldə edilən nəticələr onu deməyə əsas verir ki, Azərbaycan özünün inkişaf dinamikasina uyğun olaraq qarşıdakı bütün hədəflərə çatacaq”.