Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirilir. Dahi Liderin həyat fəaliyyətinin ayrı-ayrı dövrlərinə bir daha nəzər salınır. Ümummilli Liderin misilsiz xidmətlərindən bəhs edilir. Onun Azərbaycanın dünəni, bu günü və gələcəyi üçün strategiyasından, ayrı-ayrı dövrlərdə xalqımız, dövlətimiz qarşısında əvəzsiz fəaliyyəti bir daha göz önündə canlandırılır. Azərbaycan xalqı özünün böyük oğlunun xatirəsinə böyük hörmət və ehtiramını ifadə edir.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki. bu mənada Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin 100 illiyində mədəniyyət paytaxtı Şuşadan xalqa müraciət etməsi xüsusi rəmzi məna kəsb edir: “Üç il öncə Şuşanın işğaldan azad olunduğunu Azərbaycan xalqına elan edərkən Prezident İlham Əliyev vurğulamışdır ki. “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim…” Bu baxımdan, Ümummilli Liderin 100 illiyyində Prezidentin Şuşadan xalqa müraciəti siyasi rəhbərin mənəvi hesabatı olmaqla yanaşı, Ulu Öndərin əziz xatirəsinə və eləcə də vəsiyyətinə dərin hörmət və ehtiramın ən ali səviyyədə olan nümayişi idi. Prezident İlham Əliyev xalqa müraciətində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün istiqamətlərinə diqqət çəkməklə yanaşı, Ümummilli Liderin siyasi kursuna uyğun olaraq Azərbaycanın ötən illərdə keçdiyi inkişaf yoluna da nəzər salıb. Vurğulanıb ki, müstəqilliyimizin yenicə bərpa edildiyi 90-cı illərin əvvəllərində hakimiyyətdə olanlar ancaq şəxsi mənafelərini düşünürdülər. Ölkədə talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya ilə yanaşı torpaqlarımız erməni işğalçıları tərəfindən təcavüzə məruz qalırdı. Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilmişdi. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsi də heç də təsadüfən baş verməmişdi. Faktiki olaraq isə Şuşa işğal olunandan sonra Laçının taleyi də böyük təhlükə altında idi və on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. AXC-Müsavat hakimiyyəti Ermənistana yanacaq satır, ölkəni mövcud ağır durumdan xilası üçün heç bir təsirli addım atmırdı. Belə bir şəraitdə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin simasında nicat yolunu görürdü. Xalqın istəyi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə vətəndaş müharibəsinə, qardaş qırğınına son qoyuldu. Zəruri addımlar atıldı və bununla da Azərbayan sürətli inkişaf yoluna qədəm qoydu”.
Deputat 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” ilə ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsinin olduğunu söyləyib: “Ulu Öndər Heydər Əliyevin neft strategiyası məhz bu gün imkan verir ki, Azərbaycan Qarabağı, Zəngəzuru yenidən qursun. Sözsüz ki, 1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt Azərbaycanın bugünkü iqtisadi qüdrətinin əsasını təşkil edir. Artıq, bütün dünya Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu qəbul edir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz beynəlxalq miqyasda etibarlı tranzit dövlət kimi tanınır. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizin geosiyasi önəmi əhəmiyyətli dərəcədə artıb. Təbii ki, qazanılan bütün uğurların əsasında Heydər Əliyev strategiyası, Onun uzaqgörən siyasi kursuna sadiqlik dayanır. Azərbaycan Heydər Əliyev yoluna sadiqliyi nəticəsində dövlət müstəqilliyini daha da möhkəmləndirməklə yanaşı, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin edilib. Reallıq budur ki, Azərbaycan öz maliyyə resursları, maddi imkanları ilə Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur, ölkəmizdə sosial islahatlar uğurla davam etdirilir”.
Millət vəkili hesab edir ki, Ulu Öndər Heydər Əliyev strategiyasının uğurla davam etdirilməsi və Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində bu gün Azərbaycan özünün ən güclü və qüdrətli dövrünü yaşayır: “Ölkəmizdə təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib, əmin-amanlıq mövcuddur. Məhz ölkədə hökm sürən sabitlik və əmin-amanlığın sayəsində bu gün Azərbaycan Qarabağda və Zəngəzurda ardıcıl, dinamik bərpa-quruculuq işlərini həyata keçirir. Bu gün Azərbaycanda bütün sahələrdə dinamik inkişaf özünü göstərir. Ulu Öndərin vəsiyyətini yerinə yetirərək, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi missiyanı ləyaqətlə yerinə yetirdi. Prezident İlham Əliyev Şuşada xalqa müraciətində həmçinin aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduğunu, orada Azərbaycan Bayrağını qaldırdığını, ərazi bütövlüyümüzü tam bərpa etdiyini vurğulayıb. Bütün bu amillər onu deməyə əsas verir ki. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da daha yüksək zirvələri fəth edəcək”.