Himayədar ailə institutu uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biridir. Bu model dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarını və bununla onların inkişafına şərait yaradılmasını nəzərdə tutur. Ailə məcəlləsində nəzərdə tutulan müvafiq dəyişikliklə himayədar ailə institutunun hüquqi əsasları qanunda təsbit olunacaq. Bu baxımdan nəzərdə tutulan dəyişiklik valideyn himayəsindən məhrum olunmuş uşaqlara dövlətin qayğısını özündə əks etdirməklə bərabər, onların cəmiyyətə inteqrasiya olunmasını, ailə mühitində tərbiyə alıb, cəmiyyətə faydalı vətəndaşlar olaraq yetişməsini nəzərdə tutan mühüm dəyişiklikdir.
Siyasətinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tamam Cəfərova deyib.
O qeyd edib ki, himayədar ailə alternativ ailə, qayğı formasıdır, yəni valideyn himayəsindən məhrum olmuş uşaqlar qayğıya cəlb edilməklə onların ailə mühitində yaşaması təmin edilir: “Bu baxımdan birinci prioritet uşaqların öz ailələrində qalması, ikincisi övladlığa verilməsi, üçüncüsü isə himayədar ailə xidmətindən faydalanmaqla ailə mühitində yaşamasıdır. Bu mexanizmin Azərbaycanda necə işləyəcəyini müəyyənləşdirmək üçün araşdırmalar aparılıb. Bunun din, mədəniyyət və cəmiyyət baxımından bizə yaxın olan Türkiyədə uğurlu tətbiq olunduğu müşahidə edilib.Türkiyədə 8 minə yaxın himayədar ailə var. Avropa ölkələrində də bu model geniş tətbiq olunur. Azərbaycanda himayədar ailə mexanizmi qanunvericilikdə nəzərdə tutulsa da, bu vaxta qədər tətbiq olunmurdu”.
Millət vəkili hesab edir ki, bu model Azərbaycan cəmiyyəti üçün yad deyil: “Cəmiyyətdə kifayət qədər ailələr var ki, öz qohumunun, qonşularının övladlarını götürüb saxlayır, qeyri-rəsmi qayğı göstərirlər. Buna görə hər hansı ödəniş almırlar. Hüquqi mexanizm formasında təsdiq edilməsi bu qayğını daha cəlbedici edəcək. Mexanizm yeni olduğu üçün ilk vaxtlarda müraciət sayı az və ya müəyyən problemlər ola bilər, amma bunlar zamanla həll olunacaq. MəsələnTürkiyədə bir neçə onillikdir ki, bu mexanizm tətbiq olunur, Əvvəlki illərdə himayədar valideynlərin sayı az olsa da, hazırda dövlətin diqqəti sayəsində onların sayı artıb”.
Tamam Cəfərovaya görə, beynəlxalq araşdırmalar, hesabatlar göstərir ki, uşaq üçün ailə qayğısı müəssisədə olan qayğıdan daha yaxşı və keyfiyyətlidir: “Müəssisədə uşaqlar daha qapalı mühitdə olur, internat tipli məktəblərdə həm yaşayır, həm də orada təhsil aldıqları üçün cəmiyyətdən uzaqlaşırlar. Ümumilikdə, himayədar ailə modelinin tətbiqi ölkədə valideyn himayəsindən məhrum olmuş, valideynlərini itirmiş, ailə ocağına ehtiyacı olan uşaqların himayəyə alınmaqla onların gələcək inkişafına, cəmiyyətə inteqrasiyasına, daha normal mühitdə yaşamasına dəstək verəcək. Xarici ölkələrdə geniş yayılmış belə bir mexanizmin Azərbaycanda tətbiqi bu kateqoriyadan olan uşaqların fərd kimi formalaşmasında da mühüm rol oynayacaq”.