Növbəti dəfə Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonu Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərinə qarşı təxribat törədib. Bu hər zaman olduğu kimi erməni tərəfinin öncədən planlayıb həyata keçirdiyi təxribatdır. Məqsəd diqqəti sülh müstəvisində aparılan danışıqlardan mümkün qədər yayındırmağa hesabıanıb. Çünki Ermənistan dövləti üçün danışıqlar öncəsi və sonrası bu cür təxribatlara əl atmaq ənənəvi xarakter daşıyır.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, bu baxımdan da Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması Ermənistanın məqsədli şəkildə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır: “Vaşinqtonda baş tutan danışıqlardan sonra belə bir təxribat olması Ermənistanın pozuculuq niyyətindən başqa bir anlam kəsb etmir. Eyni zamanda Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında Brüsseldə növbəti görüşün olacağı gözlənilir. Ona görə də, erməni tərəfi bu cür görüşlərə hər zaman olduğu kimi təxribatlar fonunda qatılmağa adət edib”.
Deputat hesab edir ki, Ermənistanın cəbhə xəttində artilleriya qurğularından və snayperlərdən istifadə edərək təxribata əl atması başqa mətləblərdən xəbər verir: “Baş verənlər bir daha Ermənistanın bu təxribatının məqsədli şəkildə törədildiyini nümayiş etdirir. Sözsüz ki, buna səbəb Vaşinqtonda keçirilmiş danışıqlarda Ermənistanın ağır vəziyyətə düşməsidir. Çünki bu ölkədən Azərbaycanın ərazi bütövlüyünü tanınması tələb olunur”.
Millət vəkili Ermənistanın Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə də eyni vəziyyətlə üzləşəcəyini istisna etmir: “Bu ölkə Brüssel görüşlərində də öncəki danışıqqlarda olduğu kimi vəziyyətə düşəcəyini bilir və ənənəvi metod olan təxribatlara əl atır. Bütün bunların fonunda Ermənistanın təxribatlarının arxasında maraqlı qüvvələrin də dura biləcəyi istisna olunmur. Amma bütün bu təxribatlar Ermənistana baha başa gəlir. Güclü Azərbaycan Ordusu Ermənistanın hər bir təxribatına daha sərt və adekvat cavab verir”.