Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam imzalayıb. Bu gün imzalanan əfv Sərəncamı şamil olunduğu şəxslərin sayına görə ən böyük aktdır. Belə ki, bu dəfə əvvəlkilərindən daha çox – 801 məhkum əfv edilib. Onlardan 463 nəfəri azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad olunub. Dövlət başçısının bu Sərəncamının Ulu Öndər Heydər Əliyevin 100 illiyi ərəfində olması isə xüsusi önəm kəsb edir. Bu sərəncam dövlətimizin humanist və insanpərvər mövqeyinin növbəti dəfə nümayişi olmaqla bərabər, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiramın ən yüksək səviyyədə göstəricisidir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, bu hümanist addım təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm və insanpərvərliyə əsaslanan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin bariz nümunəsidir: “Ümumummilli Liderin 100 illiyi münasibətilə imzalanan və yüzlərlə ailənin sevinc mənbəyi olan bu Sərəncam milli həmrəyliyimizin və cəmiyyətdə humanizm dəyərlərinin daha da möhkəmləndirilməsinə, eləcə də, Azərbaycan xalqının Ulu Öndərə sevgisinin təzahürünün göstəricisi kimi qiymətləndirilir. Hümanizm prinsiplərinə əsaslanan bu Sərəncam Ulu Öndər Heydər Əliyevin bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə sadiqliyin, demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Onun misilsiz xidmətlərinə hörmət və ehtiramın təzahürüdür. Məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu ənənə dövlətimizin başçısı tərəfindən ardıcıl olaraq həyata keçirilərək, daha da möhkəmləndirilib. Ümummilli lider Heydər Əliyevin əsasını möhkəm təməllər üzərində qoyduğu humanizm siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib. Ölkə başçısı hər zaman mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən çıxış edərək, cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini yaşadıb, inkişaf etdirib”.
Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən bu humanizm siyasəti ölkəmizdə insan amilinə olan qiymətin bariz nümunəsidir: “Bu baxımdan, dövlət başçısı tərəfindən imzalanan əfv sərəncamları cəmiyyətdə humanizm və həmrəylik ideyalarını möhkəmləndirir. Eyni zamanda qanunçuluq prinsiplərinə əsaslanan əfv sərəncamları vətəndaş-dövlət münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradır”.
Tamam Cəfərova hesab edir ki, əfv sərəncamları mahiyyəti etibarilə şamil olunduğu insanların özlərinə olan inamı artırmaqla, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirən, layiqli vətəndaş olmağa sövq edir: “Bu baxımdan, dövlətin, Prezident İlham Əliyevin humanist siyasətini xalqımız, cəmiyyətimiz yüksək qiymətləndirir. Bu sözsüz ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanan bu Sərəncam onun siyasi kursuna, Azərbaycan xalqı, dövləti qarşısında misilsiz xidmətlərinə verilən ali dəyərin göstəricisidir”.