Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsənin qurulması ölkəmizin suveren hüququdur. Bu eyni zamanda ölkəmizin suverenliyinin növbəti təsdiqidir. Azərbaycan dövləti beynəlxalq hüququn təməl prinsiplərinə və dövlətlərin ərazi bütövlüyünə əsaslanaraq öz ərazisinə qanunsuz daxilolmaların qarşısını almaq məqsədi ilə zəruri qanuni tədbirlər görüb. Çünki Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Ermənistan və qanunsuz erməni hərbi birləşmələri hərbi məqsədlər üçün istifadə edib. Bu yolla silah-sursat, təxribatçılar, terrorçular, minalarla yanaşı Azərbaycanın talan olunan təbii sərvətləri daşınıb. Bunun nəticəsində rus sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qalmış qanunsuz erməni silahlılarının sayı da artıb.
Bunu Siyasətinfo-ya açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputatın fikrincə, 12 dekabr 2022-ci ildən etibarən Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların ərazimizdəki təbii ehtiyyatların qanunsuz istismarına və istifadəsinə görə etiraz aksiyası keçirilir: “Məhz bu aksiya fonunda yola nəzarət de-fakto Azərbaycan tərəfindən həyata keçirilir. Bununla yanaşı tezliklə Laçın da daxil olmaqla digər azad olunmuş ərazilərə mülki insanlarımızın köçməsini nəzarə alsaq bu yoldan separatçıların və digər silahlıların sərbəst istifadəsi böyük təhlükələr yaradacaqdı. Vəziyyətin bu formada davam etməsi Azərbaycan xalqı və dövləti üçün də qəbuledilməz idi. Sözsüz ki, Azərbaycanın bu yolda DSX-nın postunu yaratması Qarabağda yaşayan mülki ermənilərin istifadəsini məhdudlaşdırmır. Bu əksinə qanuni və tənzimlənən gediş-gəliş üçün imkan yaradır. Təbii ki, ekoaktivistlər etiraza başlayanda da erməni təbliğatçıları deyirdilər ki, “guya Xankəndidə humanitar fəlakət yaradılır”. İndi də erməni tərəfi və onun havadarları eyni təbliğata başlamağa cəhd edəcəklər. Amma birmənalı şəkildə hamı dərk etməlidir ki, separatçılara, revanşistlərə, qanunsuz hərbi birləşmələrə və terrorçulara Azərbaycan ərazilərində yer yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bayrağını və suverenliyini qəbul edən ermənilər burada qalıb yaşaya bilər. Separatizm meylləri olan şəxslər üçün isə qapı açıqdır. Ona görə də, Qarabağda yaşayan ermənilər Azərbaycan Prezident Administrasiyasının təklifini qəbul edib reinteqrasiya məsələri üzrə təmaslara daha tez başlamalıdırlar. Nə qədər tez bu proses başlayarsa, o qədər də daha tez yerli erməni əhalinin həyat tərzi yaxşılaşar. Çünki onlar üçün bundan başqa çıxış yolu mövcud deyil. Rus sülhməramlıları isə heç bir halda bu prosesə maneə olmamalıdır”.
Sevinc Hüseynova hesab edir ki, Laçın yolunda sərhəd-nəzarət mexanizminin təsis edilməsi hərəkət üzrə şəffaflığı təmin edilməsinə xidmət edir: “Üçtərəfli bəyanatın imzalanmasından keçən iki il yarım müddət ərzində Laçın yolundan Ermənistan tərəfindən genişmiqyaslı sui-istifadə hallarına yol verilib. Bu yoldan minalar daşınaraq sonradan Azərbaycanın suveren ərazilərində basdırılması xüsusilə ağır fəsadlara səbəb olub. 2022-ci ilin avqust ayından etibarən Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilib. Aydındır ki, bu minalar Üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisinə məhz Laçın yolu vasitəsilə daşınıb. Sonuncu dəfə, 22 aprel 2023-cü il tarixində Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən basdırılmış 2021-ci il istehsalı minaya düşərək partlayıb və 3 nəfər hərbi qulluqçumuz yaralanıb. Müharibənin sonundan etibarən 294 nəfər azərbaycanlı mina qurbanı olub. Bununla yanaşı, 22 aprel tarixində Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin və hərbi avtomobillər konvoyunun Üçtərəfli bəyanata və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan ərazisinə keçirildiyi faktları aşkarlanıb. Məhz bu təhdidlər və təxribatları nəzərə alınaraq, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin yaradılması hərəkət üzrə şəffaflığı, qanunun aliliyi ilə yanaşı təhlükəsizliyi təmin edəcək”.