Şuşa şəhərinin TURKSOY təşkilatı tərəfindən 2023-cü il üçün Türk Mədəniyyətinin paytaxtı elan olunması olduqca mütərəqqi hadisədir. 2023-cü ilin əvvəllərindən başlayaraq Şuşa şəhərinin Türk Dünyasının Mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar bir çox mühüm tədbirlər təşkil olunur. Bununla əlaqədar olaraq Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında Özbəkistanda “Şuşa Günləri” adlı silsilə tədbirləri keçirilib.
Siyasətinfo xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Tamam Cəfərova məlumat verib.
O qeyd edib ki. “Şuşa günləri” tədbirləri çərçivəsində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı qardaş ölkədə beynəlxalq konfranslar, kitab təqdimatı, foto və nəşrlərdən ibarət sərgi, Qarabağa aid milli geyimlərin moda nümayişi, bədii şeir kompozisiyaları və konsertlər təşkil olunub.
Tədbirdə çıxış edən millət vəkili Tamam Cəfərova Azərbaycan və Özbəkistan xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələrindən bəhs edərək iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyib: “Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan sürətlə inkişaf edir. Bu baxımdan “Şuşa günləri” silsilə tədbirləri Azərbaycan mədəniyyətinin, Qarabağın təbliği baxımından mühüm hadisə olmaqla yanaşı, Özbəkistan mədəni-ictimai həyatı üçün də vacib hadisədir. Son illərdə yeni dinamik xarakter alan Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə, ümumi dil qrupuna və yaxın milli adət və ənənələrə malik olan iki xalq arasındakı əlaqələr tarixin sınağından çıxıb. Özbək və Azərbaycan xalqları əsrlər boyu həmrəylik və sülh şəraitində yaşayıb, bir-birinə qardaş münasibəti bəsləyiblər”.
Millət vəkili həmçinin Azərbaycanla Özbəkistan arasında olan bu xoş münasibətlərin Prezident İlham Əliyev və Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirildiyini bildirib: “Dövlət başçılarının qarşılıqlı səfərləri nəticəsində ölkələrimiz arasında 154 sənəd imzalanıb. Keçən ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamənin” imzalanması münasibətlərin yüksələn xətlə inkişafına stimul verib. Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Həmçinin Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Özbəkistan hələ 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub. Eyni zamanda 2021-ci il martın 31-də Türk Dövlətləri Təşkilatının (həmin vaxt Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlanırdı) videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı “Dağlıq Qarabağın qaytarılması və tarixi ədalətin bərpası” münasibətilə təbrik edib. Özbəkistan Prezidentinin sözləri, bizim Qələbəmiz münasibətilə təbrikləri – bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir. Biz bunu yüksək qiymətləndiririk”.
Deputat xatırladıb ki, həmin ilin noyabrında İstanbulda keçirilmiş eyni qurumun VIII Zirvə Görüşündə isə Özbəkistanın dövlət başçısı ölkəsinin vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini açıqlayıb: “Prezident İlham Əliyev keçən il iyun ayında Özbəkistanda dövlət səfərində olarkən Prezident Şavkat Mirziyoyevə Füzuli şəhərində məktəb tikintisinə dair verdiyi qərara görə dərin təşəkkür edərək bildirib ki, bu, bizə verilən ilk böyük hədiyyədir və məktəb bizim qardaşlığımızın simvolu olacaq, Azərbaycan xalqının yaddaşında əsrlərlə qalacaq. Yeri gəlmişkən, artıq bu istiqamətdə işlərə başlanılıb və bu ilin sentyabr ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Fizulidə məktəbin açılışında iştirakı gözlənilir”.
Tamam Cəfərova hesab edir ki, bu gün müstəqil ölkələr olan Özbəkistan və Azərbaycan öz gələcəyini çox möhkəm, çoxəsrlik tarixi təməl üzərində qurur: “Əminik ki, bizim münasibətlərimizin durmadan inkişafı gələcək zəfərlərin rəhni olacaq. Bizim həm qarşılıqlı siyasi əlaqələrimizi, həm də iqtisadi və mədəni əməkdaşlığımızı daha da möhkəmləndirəcəyik. Bütün bunları nəzərə alaraq demək olar ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək”.