Azərbaycanla Bosniya və Herseqovina arasında münasibətlərin yeni mərhələsi başlayır. Hər iki ölkə mövcud yüksək səviyyəli dialoqu davam etdirməkdə maraqlıdır. Prezident İlham Əliyevin bu ölkəyə səfəri zamanı keçirilən görüşlərdə, aparılan müzakirələrdə yeni imkanlar bir daha dəyərləndirildi. Yeni imzalanan Strateji tərəfdaşlıq haqqında Bəyannamə isə yeni mərhələdə baza rolunu oynayacaq. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu Bəyannamə gələcək inkişafımızın istiqamətlərini göstərir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, tərəflər ilk növbədə dövlətlərimizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəklərini bir daha ifadə edirlər: “Əslində rəsmi Sarayevo hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. 44 günlük Vətən müharibəsində də biz bu dəstəyin ən yüksək səviyyədə şahidi olduq. Postmünaqişə dövründə isə Bosniya və Herseqovina Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə prosesinə öz töhfəsini verməyə hazırdır. Bu məsələ də ötən gün ali səviyyədə keçirilən görüşlərdə müzakirə olundu.
Azərbaycan da çətin günlərdə Bosniya və Herseqovinanın yanında olub. Prezident İlham Əliyevin səfəri zamanı bu ölkənin ali rəhbərliyi 2014-cü ildə baş vermiş daşqın zamanı göstərilmiş yardımı, eyni zamanda koronavirus və pandemiya dövründə də Azərbaycanın dəstəyini xüsusi xatırlatdı və təşəkkürünü bildirdi”.
Deputat hesab edir ki, strateji tərəfdaşlıq haqqında Bəyannamədə həmçinin Strateji Dialoqun təsis edilməsi mühüm önəm kəsb edir: “Eyni zaman iqtisadi sahədə əməkdaşlığı əlaqələndirmək və təşviq etmək məqsədilə Azərbaycanla Bosniya və Herseqovina Nazirlər Şurası arasında Birgə Komissiyanı yaratmaq niyyəti də əksini tapıb. Görünən budur ki, Azərbaycan Cənubi Qafqazla Balkanlar arasında münasibətlərin daha dərinləşməsində əsas vasitəçidir və bu prosesdə birbaşa iştirak edir”.
Könül Nurullayeva vurğulayıb ki, Azərbaycan – Bosniya və Herseqovina münasibətlərində parlamentlərarası əlaqələr də yüksək səviyyədədir: “Milli Məclisdə Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. 2020-ci ildən etibarən isə Bosniya və Herseqovinanın Parlament Assambleyasında fəaliyyət göstərən Azərbaycanın da daxil olduğu, Şərqi və Mərkəzi Avropa üzrə parlamentlərarası dostluq qrupunun 11 üzvü var.
Sarayevoda səslənən bəyanatlar bir daha onu deməyə əsas verir ki, tərəflər daha sıx siyasi dialoq həyata keçirmək və daha səmərəli iqtisadi və təhlükəsizlik sahəsində də əməkdaşlıqda maraqlıdır”.