Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində üzbəüz yerləşən mövqelərini atəşə tutması nəticəsində üç hərbi qulluqçumuz şəhid oldu. Ermənistanın növbəti hərbi təxribatı nəinki Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, ümumiyyətlə regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə ciddi bir zərbədir. Bu təxribat öz çirkin niyyətlərindən əl çəkməyən Ermənistan hərbi rəhbərliyinin sülh prosesində maraqlı olmadığının daha bir göstəricisidir.
Bunu Siyasətinfo-ya açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Onun fikrincə. görünən odur ki, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq regionda sülh prosesinə mane törətmək məqsədilə belə bir yola əl atd: “Vətən keşiyində ayıq-sayıq dayanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları bunun qarşısını qətiyyətlə aldı. Ermənistan silahlı qüvvələrinin bölmələrinə törətdikləri təxribatın cavabı artıqlaması ilə verildi. Daha çox itkiyə məruz qalan Ermənistan ordusundan hər bir şəhidimizin qisası alındı”.
Millət vəkili qeyd edib ki, son zamanlar – Avropa İttifaqının (Aİ) missiyası Ermənistana gələndən sonra bu ölkənin siyasi dairələri, siyasi rəhbərliyi və siyasətçiləri sanki özlərində “cəsarət” tapıb revanşist çıxışlar edir, sülh prosesinə mane olan bəyanatlar səsləndirir, müharibəni yenidən alovlandırmağa çalışırlar: “Ona görə də bu cür təxribatlar və insidentlərin olacağı qaçılmaz idi. Ermənistanın hərbi-siyasi rəhbərliyi hesab edir ki, Aİ missiyasının həmin ölkədə olması onlara öz iddialarının gerçəkləşməsi üçün zəmin yaradacaq. Ermənistan rəhbərliyinin ümidi boşdur, onların yeganə çıxış yolu yalnız sülh müqaviləsini imzalamaqdır. Aprelin 11-də də onların revanş ümidinin “sabun köpüyü” olduğunu ordumuzun bölmələri bir daha sübuta yetirdilər. Ermənistanın siyasi dairələri birmənalı olaraq bilməlidir ki, Azərbaycan Silahlı Qüvvələri hər zaman təxribatların qarşısını almağa qadirdir. Dəmir Yumruq hələ də öz yerindədir, istənilən an sarsıdıcı zərbə vurmağa və qarşısına çıxanı əzib keçməyə qadirdir. Aprelin 11-də bunu sübuta yetirdik. Ermənistanın şirin vədlərə uyaraq törətdiyi təxribat bir növ öz başında çatladı, ordumuzun cavab tədbirlərinə çox tab gətirə bilməyən də, daha çox itki verən də onlar oldular. Bu hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Odur ki, Ermənistan hakimiyyəti belə çirkin oyunlar oynamaqdansa, mövcud reallıqlarla barışıb sülh müqaviləsi üzərində işləməyə başlasın. Bu, həm Ermənistan dövləti, həm də erməni xalqı üçün daha səmərəli olar”. (AzərTac)
.