Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri mühüm əhəmiyyət kəsb edir. Sözsüz ki, bu səfər iki ölkə arasında münasibətlərin bundan sonra daha da inkişafına vacib töhfə olacaq. İki ölkə arasında olan münasibətlərin xarakteri əlaqələrin daha geniş spektorda inkişafına zəmin yaradır. Bu mənada dövlətimizin başçısının Tacikistana səfəri çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu açıq təzahürü hesab edilir.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, ölkəmizin başçısının Tacikistana səfəri bu dövlətin prezidenti Emoməli Rəhmonun dəvəti əsasında baş tutub: “Bu səfər eyni zamanda dövlətlərimiz arasındakı diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edib. Təbii ki, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər, ümumi dəyərlər birləşdirir. İki xalq arasında tarixi, mədəni və dini bağlılıqlar ölkələr arasındakı münasibətlərinə xarakterinə, ruhuna təsir edən başlıca amildir. Bu günə kimi iki ölkə arasında ümumilikdə bir çox sənədlər imzalanıb, qarşılıqlı razılaşmalar əldə edilib. 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”ni bu mənada xüsusi ilə qeyd edə bilərik. Eyni zamanda hər iki ölkənin parlamentləri arasında da əlaqələr getdikcə daha da dərinləşir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur. Bütün bunlar iki dost dövlət arasında münasibətlərin bir çox sahələr və istiqamətlər üzrə inkişaf etdiyi qarşılıqlı maraq döğuran məsələlərin səmimi müstəvidə həll edildiyinin bariz nümunəsi hesab edilir”.
Millət vəkili Prezident İlham Əliyevin Tacikistana səfəri çərçivəsində bu ölkənin başçısı ilə həm təkbətək, həm də geniş tərkibdə görüşləri zamanı qarşılıqlı əməkdaşlığın inkişafına dair faydalı müzakirələr aparıldığını söyləyib: “Həmçinin dövlət başçılarının mətbuata birgə bəyanatları zamanı Prezidentlər ölkələrimizin arasındakı qardaşlıq münasibətlərinin xarakterindən eyni zamnda əlaqələrin tarixindən və bundan sonra qarşıda duran hədəflərdən bəhs ediblər”.
Sevinc Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin Tacikistana səfəri zamanı imzalanmış sənədlər qarşılıqlı münasibətlərin daha da inkişafına, güclənməsinə xidmət edəcək: “İmzalanmış sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da böyük önəm kəsb edir. Sözsüz ki bu cür faktlar işğaldan azad edilmiş ərazilərlə bağlı beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünə dəstəyi hesab edilir”.