Ermənilər tərəfindən Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirilib. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı soyqırım etnik təmizləmə, siyasəti həyata keçirən erməni cəlladları Azərbaycanlıların yaşadığı ata-baba yurdlarında amansız qətliamlar törədib. Bu coğrafiyaya sonradan gələn və məkirli siyasi ambissiyalar üçün köçürülən ermənilər bölgənin əzəli-əbədi sakinlərinə yəni, azərbaycanlılara qarşı amansız divan tutublar. 1905-1908-ci illərdə erməni cəlladları tərəfindən Azərbaycan türklərinə edilən qanlı qırğınlar unudulmayıb. Sonrakı dövlərdə də ermənilər öz çirkin niyyətindən əl çəkməmiş bölgənin əsl sahiblərinə qarşı soyqırım etnik-təmizləmə siyasəti həyata keçiriblər.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
O qeyd edib ki, indiki Ermənistan ərazisində yəni, tarixi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın 1948-1953-cü illərdə və sonrakı dövrlərdə zorla köçürülməsi, etnik təmizləmə, bölgənin etnik genefondunun dəyişdirilməsi məqsədinə xidmət edirdi: “1988-ci ildə isə Ermənistan ərazisində azərbaycanlıların zorla deportasiya edilməsinin növbəti mərhələsi həyata keçirildi. Azərbaycanlılar öz ata-baba yurdlarından deportasiya edildi. Sözsüz ki, bu zorla köçürülmə və etnik təmizləmə zamanı soydaşlarımıza amansız divanlar tutuldu. Soyqırım siyasəti həyata keçirildi. Əsrin əvvəlində erməni daşnaklarının azərbaycanlılara qarşı soyqırımı hərəkatının növbəti mərhələsi məhz bu idi. Bu mənada 1918-ci 31 mart qırğını ermənilərin Azərbaycan xalqına qarşı dünya soyqırım tarixinin ən qanlı səhifələrindən biridir”.
Deputat deyib ki, xüsusi qəddarlıqla törədilmiş bu soyqırım hadisəsindən 105 il ötür: “Bu qanlı hadisəni xatırlamaq və erməni faşizminin nə qədər təhlükəli olduğunu unutmamaq üçün hadisələrin baş verdiyi tarixi şəraiti və siyasi prosesləri dəqiq analiz etmək olduqca əhəmiyyətlidir. Həmin dövrdə ermənilər, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində “erməni dövləti” qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törədiblər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində yüz minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Azərbaycanlılara qarşı baş verən silahlı münaqişə 1918-ci ilin martın 30-dan aprelin 2-ə qədər Bakıda davam etmiş və tarixdə “1918-ci ilin Mart Günləri” kimi qalıb. Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırım Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi”.
Millət vəkili “Mart soyqırımı”na siyasi qiymətin ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra verildiyini bildirib: “1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Sözsüz ki, Mart qırğınlarının izlərinə Azərbaycanın ayrı-ayrı bölgələrində sonrakı dövrlərdə də rast gəlinib. 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutudur. Məhz bu tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına dair Sərəncam imzalayıb. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. Çünki 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törədib. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olub”.
Eldar Quliyev vurğulayıb ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri də Xocalıda baş vermiş soyqırım olub: “Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum edib. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilib. Məhz cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil. Sözsüz ki, bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq. Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman verib. Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. 25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” ulu öndər Heydər Əliyev tərəfindən Fərman verilib”.
Professor Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərlə tarixi ədaləti bərpa etdiyini şəhidlərimizin qanını yerdə qoymadığını söyləyib: “Vətən müharibəsindəki tarixi qələbə Azərbaycan xalqının nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Azərbaycan xalqı və dövləti soyqırım qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı bu tarixi hadisələri obyektiv qiymətləndirərək erməni faşizminin iç üzünü görməyə çağırır”.