`
“İsrail Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib. Qarabağ müharibəsinin ilk illərindən biz bu dəstəyin şahidi olmuşuq. Qarabağ müharibəsində yəhudi qardaşlarımız bizimlə çiyin-çiyinə döyüşüblər. Onların arasında yaralanan, şəhid olanlar var. Biz 44 günlük Vətən Müharibəsində də biz İsrailin dəstəyini gördük. Bu mənada Azərbaycanın İsraildə səfirliyinin açılması vacib idi”.
Bunu Siyasetinfoya politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, Təl-Əvivdə İsrail səfirliyinin açılması sıradan bir siyasi hadisə deyil: “Bu, mühüm siyasi-tarixi əhəmiyyət kəsb edən məsələdir. Əslində İsrail-Azərbaycan münasibətlərinin kökü uzun illər öncəyə gedib çıxır. Azərbaycanda çoxlu sayda yəhudi yaşayır. Biz onlarla qardaş kimi olmuşuq, qaynayıb-qarışmışıq. Azərbaycanda yaşamış və yaşayan yəhudilər hər zaman milli adət-ənənələrimizə hörmətlə yanaşıblar. Bu gün də onlar dünyanın harasında yaşamalarından asılı olmayaraq Azərbaycanı özlərinə vətən bilirlər, onun adət-ənənələrini yaşadırlar. Azərbaycan xalqı və dövlətimiz onlara hər zaman isti münasibət sərgiləyib, dəstək olmuşuq. İsrail dövləti ilə iqtisadi, siyasi və hərbi sahədə sıx əməkdaşlıq edirik”.
Politoloq düşünür ki, Təl-əvivdə Azərbaycan səfirliyinin açılması iki ölkə arasında əlaqələri daha da gücləndirəcək: “İsrail dünyanın iqtisadi və hərbi baxımdan inkişaf etmiş ölkələrindəndir. Azərbaycan sahibkarlarının, iş adamlarının İsraillə ticari əlaqələr yaratmaları daha da asanlaşacaq. İqtisadiyyatımız bu əlaqələrdən bəhrələnəcək. Çox yaxşı olardı ki, İsrail və Azərbaycan vətəndaşlarının qarşılıqlı şəkildə vizasız gediş-gəlişi mümkün olsun. İki ölkənin iş adamlarına qarşılıqlı şəkildə güzəşt tətbiq edilsin. Çox istərdim ki, işğaldan azad olunmuş ərazilərimizdə, xüsusilə də arazkənarı rayonlarımızda İsrailin konsulluğu, yaxud mədəniyyət mərkəzi açılsın. Azərbaycan xalqı bunu istəyir. Hesab edirəm ki, iki ölkə arasındakı əlaqələr təkcə yeni səfirliyin açılmasından ibarət olmayacaq. Bu proses daha da inkişaf etdirilməlidir”.
R.Alıyev onu da qeyd etdi ki, Azərbaycanın İsraildə səfirlik açması hansısa üçüncü ölkəyə qarşı yönəlməyib: “Bunu həm İsrailin, həm də Azərbaycanın dövlət rəsmiləri vurğulayıblar. Səfirliyimizin açılması heç bir dövləti qıcıqlandırmamalıdır. Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla sıx əməkdaşlıq edənlər bundan təəccüb etməməlidirlər. 30 il Azərbaycan ərazilərindəki məscidlərdə donuz yaxlayan ermənilərlə qardaşlıq edən, tarixi Azərbaycan ərazisi olan Qafanda konsulluq açan “müsəlman qonşumuz” Azərbaycan-İsral dostluğunu həzm etməlidir. Onlar İsrailin Cəbrayıl, Zəngilan rayonlarında konsulluq, mədəniyyət mərkəzi açmasına da hazır olmalıdır”