“Tarix boyu Azərbaycan xalqı qadına böyük dəyər vermiş, cəmiyyət həyatının ən müxtəlif sahələrində qadınlar hər zaman öndə olmuşdur. Dövlətçilik tariximizə, ədəbiyyat və mədəniyyət tariximizə baxdıqda, bu həqiqəti görə bilirik”.
Siyasetinfo xəbər verir ki, bunun 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan qadınlarının Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanması da tarixi ənənənin davam idi: “Dünya tarixində qadın hərəkatı uzun, ağrılı-acılı yol keçib. Bu gün də, bir sıra cəmiyyətlərdə qadınların haqları, hüquqları tapdalanır. Bəzən bu münasibəti din, məzhəb adı altında həyata keçirirlər. Lakin, Azərbaycan xalqı dünyanın işıqlı toplumlarından biri olaraq qadına münasibətdə öz fərqliliyi ilə seçilib. Bu isə ölkəmizin, xalqımızın dünyadakı nüfuzunu şərtləndirən amillərdən biridir. Biz hər yerdə fəxrlə deyirik ki, hələ bir sıra Qərb ölkələrində qadınlara səsvermə hüququ verilmədiyi dövrdə, Azərbaycanda bu hüquq tanınıb”.
Millət vəkilinin sözlərinə görə istər sovet illərində, istərsə müstəqillik dövründə Ulu öndər Heydər Əliyevin hakimiyyəti zamanında hər zaman qadına yüksək dəyər verilmiş, qadınlar dövlət idarəçiliyində irəli çəkilmişdir: “Dövlət müstəqilliyimizin bərpasından sonra da bu proses davam etdirildi. Azərbaycan qadınları ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti Azərbaycan qadının nüfuzunu, onun cəmiyyətdəki yerini, rolunu daha da artırıb”.
A.Məmmədov bildirib ki, 30 illik erməni işğalı yüzminlərlə qadınlarımıza ağılasığmaz dəhşətlər yaşadıb: “Qadınlarımız ev-evşiklərindən qaçqın düşüb, girov götürülüb, övlad itirib, ailə başçısını, yaxınlarını itirib. Ağır şəraitdə, çadır şəhərciklərində, yataqxanalarda övlad böyüdüb. Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfər bir xalq olaraq yaşadığımız bu məşəqqətləri də arxa plana keçirdi. Hesab edirəm ki, bu gün Azərbaycan qadınları üçün ən ali hədiyyə, təbrik də məhz qazandığımız zəfərdir. Belə bir gündə mən şəhid analarımızı, şəhid xanımlarını, artıq keçmiş köçkün hesab olunan ana-bacılarımızı təbrik edirəm, onlara gözəl günlər arzulayıram”.