Bu ilki Münxen Təhlükəsizlik Konfransı da Azərbaycanın milli və dövlətçilik maraqlarının təbliği və təşviqi ilə xarakterizə olundu. Prezident İlham Əliyevin sərgilədiyi mövqe Azərbaycanın Cənubi Qafqaz regionunda aparıcı dövlət olmaqla yanaşı, qlobal miqyasda rolunun daha da güclənməsinin təcəssümüdür. Ölkə başçısı həm işğal dövründə, həm də ondan sonrakı müddətdə Azərbaycanın sülhə, sabitliyə, əməkdaşlığa əlaqələrin formalaşmasına vermiş olduğu önəm Münxen Təhlükəsizlik Konfransının gündəliyində daha qabarıq görünürdü.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində müxtəlif dövlət və hökumət başçıları, siyasətçilər, aparıcı şirkət rəhbərləri ilə keçirmiş olduğu görüşlər, formalaşan münasibətlər dünya birliyinin ölkəmizə olan marağının göstəricisidir: “Enerji təhlükəsizliyi və digər kommunikasiya məsələlərində Azərbaycanın sərgiləmiş olduğu mövqe qlobal miqyasda qarşılıqlı maraqların daha aktiv şəkildə qorunmasına xidmət edir. Əvvəlki toplantılardan fərqli olaraq Azərbaycan bu dəfəki Münxen Təhlükəsizlik Konfransında qalib, ərazi bütövlüyünü, beynəlxalq hüququ bərpa etmiş bir dövlət kimi qatıldı. Azərbaycan həmçinin BMT-nin ərazi bütövlüyü ilə bağlı çıxarmış olduğu 4 məlum qətnaməni təkbaşına icra etmiş dövlət kimi beynəlxalq hüquqa, ölkələrin ərazi bütövlüyünə olan birmənalı yanaşmanı ortaya qoydu”.
Deputat deyib ki, II Qarabağ müharibəsindən sonra Azərbaycan bölgədə daimi sülhün təmin edilməsi məqsədilə Ermənistana 5 maddədən ibarət beynəlxalq hüququn prinsiplərinə uyğun sülh təklifi göndərib: “Ölkəmiz məhz qarşılıqlı olaraq ərazi bütövlüyü, sərhədlərin tanınması və bir-birinin daxili işinə qarışmamaq prinsipi ilə yeni reallıqda sülhə və təhlükəsizliyə töhfə verməyə hazır olduğunu bəyan edib. Münxen Təhlükəsizlik Konfransında da Azərbaycan Prezidentinin sərgilədiyi mövqe məhz bu fundamentlər əsaslara söykənirdi”.
Millət vəkili hesab edir ki, ABŞ dövlət katibi Entoni Blinkenlə və panel müzakirələrdə Ermənistanın və Gürcüstanın baş naziri ilə keçirilən debatlarda Azərbaycan Prezidenti tərəfindən ölkəmizin haqlı mövqeyi bir daha bəyan edildi: “Sözsüz ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ilin Münxen toplantısından almış dərsdən çıxarmış oldu nəticələr də birmənalıdır. Amma buna baxmayaraq Azərbaycan ərazi bütövlüyü və işğal dövründə Ermənistanın etmiş olduğu barbarlıq, vandallıqla bağlı, həmin ərazilərdə məscidlərin, kilsələrin viran qoyulması faktları qarşısında heç bir arqument duruş gətirə bilməzdi. Bu mənada builki Münxen görüşlərini növbəti dəfə Azərbaycanın siyasi, diplomatik qələbəsi kimi xarakterizə etmək olar”.
Eldar Quliyev bildirib ki, Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin edib və bundan sonrakı başlıca hədəf bölgədə qalıcı sülhə nail olmaqdır: “Bu baxımdan ölkəmizin sərgilədiyi sülh siyasəti məntiqli nəticəyə çatacaq. Bunun üçün siyasi iradə və müstəqil siyasətin olması başlıca şərtdir. Əgər Ermənistan müstəqil siyasət yürüdüb Azərbaycanın təklif etdiyi sülh konsepsiyasına adekvat reaksiya verəcəksə, bunun faydası onun üçün daha əlverişli olacaq. Görünən isə odur ki, Ermənistan bundan sonra da onun-bunun yedəyində getməklə sülhə mümkün qədər əngəl yaratmaq prosesi uzatmaq niyyətindədir. Sözsüz ki, bu da bölgə üçün yeni təhdidlər yaradacaq bir amil hesab edilir”.