II Qarabağ müharibəsindən sonra yeni bir reallıq yaranıb. Bu reallığın müəllifi güclü Azərbaycandır. Azərbaycanın ortaya qoyduğu mövqe sülhü, əməkdaşlığı, qarşılıqlı maraqlar müstəvisində inkişafı xarakterizə edir. Artıq Cənubi Qafqaz regionunda fundamental sabitliyin formalaşmasına başlıca əngəl aradan qalxıb. Erməni separatizminə sarsıdıcı zərbə vurulub. Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin edib.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O hesab edir ki, Azərbaycan qatılmış olduğu bütün platformalarda əməkdaşlığa açıq olduğunu bəyan edib: “Münxen Təhlükəsizlik Konfransında da Azərbaycanın ortaya qoymuş olduğu mövqe məhz bunu ehtiva edirdi. Artıq “Dağlıq Qarabağ” deyilən bir münaqişə və ərazi vahidi mövcud deyil. 30 ilə yaxın bu regionda başlıca olaraq fundamental sabitliyi təmin etməyə məsul olan təşkilat, ATƏT-in Minsk Qrupu da tarixin arxivinə göndərilib. Çünki bu təşkilat 30 il ancaq problemin saxlanmasına xidmət edən turistik bir fəaliyyət ortaya qoyub. Ermənistana, onun işğalçı, aqressiv mahiyyətinə qarşı adekvat reaksiya verilməyib. Məhz Azərbaycan özünün beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinə əsaslanaraq Ermənistanın növbəti təxribatına qarşılıq olaraq 44 günlük Vətən müharibəsi ilə BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini icra edib. Əslində bununla Azərbaycan bir dövlət kimi beynəlxalq hüquqa sadiqliyini, onun prinsiplərinin pozulmaması üçün ortaya qoyduğu mövqeyinə görə fərqli bir yanaşmaya layiqdir. Amma ikili standartlar, hələ erməni təəsübkeşliyindən xilas ola bilməyən təşkilatlarin qeyri-səmimi davranışlarına görə biz bu yanaşmaları görə bilmirik”.
Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında ortaya qoymuş olduğu qətiyyətli mövqe dünyanın aparıcı təşkilat və dövlətləri tərəfindən də qəbul edilib: “Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanla baş tutan görüşdə sərgilədiyi mövqe konseptual idi. Çünki ölkəmizin Başçısı Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların aksiyasının haqlı tələblərə söykəndiyini vurğuladı. Həmin yolun bağlı olması fikirlərinin qeyri-real olduğunu söylədi. Sadəcə olaraq o yolda aksiyalar başlanandan qanunsuz silah-sursat mina və digər keçidlərin qarşısının alındığı bildirildi. Ümumilikdə isə bu məsələdə daha təsirli addım kimi ölkə sərhədlərinin giriş və çıxışlarında nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edən Prezident İlham Əliyev məhz bu yolla məsələlərin həllinə nail olmağın mümkünlüyünü göstərdi”.
Deputat bildirib, ki, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Gürcüstan və Ermənistan liderlərinin görüşündə Prezident İlham Əliyevin Qarabağda hələ də qalmaqda olan qanunsuz erməni silahlılarının, separatçıların bölgədə sülhə başlıca təhdid yaratmasından bəhs edib: “Sözsüz Prezident İlham Əliyevin Qarabağa kənardan gəlmiş şəxslərin bu bölgə ilə heç bir bağlılığı olmadan proseslərdə yer almasının mümkünsüzlüyünə diqqət çəkib. Separatçı, çirkli pulların yuyulması məqsədilə ilə bölgəyə göndərilmiş Ruben Vardanyan kimi ünsürlərlə Azərbaycanın heç bir halda dialoqa girməsinin mümkün ola bilməyəcəyi deyilib. Ölkə başçısının beynəlxalq tribunadan səsləndirmiş olduğu bu mövqe qısa zamanda öz əksini tapmış olub. Ötən günlərdə özünü Qarabağda separatçıların “dövlət naziri” kimi qələmə verən R.Vardanyan tutmuş olduğu qondarma vəzifəsindən qovulub. Bu amil əslində bir daha bölgədə separatizmə bundan sonra heç bir halda imkan verilməyəcəyini, kimlərinsə burada öz maraqlarını təmin etmək üçün oyunlar qurmağa cəsarət edə bilməyəcəyini təsdiqləmiş oldu”.
Məlahət İbrahimqızına görə, Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağda yaşamış və bu ərazilərə sonradan gəlməyən erməni əsilli insanlarla dialoqa, onların ölkə vətəndaşı kimi hüquqlarını qorumağa hazırdır: “Proseslərin də gedişi onu göstərir ki, Azərbaycan bu istiqamətdə qarşıya qoymuş olduğu hədəflərə doğru gedir. Azərbaycan ərazisində yaşayan erməni əsilli insanlar ölkə qanunlarını qəbul etdikləri halda digər vətəndaşlarımız kimi bütün hüquq və imtiyazlara sahib olacaqlar. Bunun əksinə olacaq heç bir prosesə Azərbaycan dövləti imkan verməyəcək. Ölkəmizin hərbi-siyasi gücü və mövqeyi ortadadır. Ona görə də, heç kəs Azərbaycan ərazisində öz maraqlarını təmin etmək üçün hansısa xəyallara düşməsin. Azərbaycan 90-cı illərin əvvəllərindəki vəziyyətdə deyil. Ölkə ərazisinin hər bir qarışında özünün süverenliyini ən yüksək formada təmin etməyə qadirdir”.